Ustad : Ədəbiyyat və sənət dərgisi

Ustad : Ədəbiyyat və sənət dərgisi / baş red. Ş. K. Sadiq ; məsul red. S. Şahmursoy ; red. C. Qədir ; tex. red. A. Paşayeva ; dizayn. Z. Abbasova ; rəs. V. Səftərov ; fotoq. C. Nur. - Bakı : Hədəf Nəşrləri, 2021. - 63 s.

"Hədəf Nəşrləri"nin təsis etdiyi aylıq ədəbiyyat və sənət dərgisi “Ustad” dünya standartlarına uyğunlaşdırılmaqla, il yarımlıq fasilədən sonra tam yenilənmiş, rəngli formatda işıq üzü görüb. Senet.az "Hədəf Nəşrləri"nə istinadən xəbər verir ki, 35-ci sayı işıq üzü görən jurnalda müxtəlif maraqlı layihələr, yeni müəlliflər yer alıb. Dərgi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin "Zəfər marşı" yazısı ilə başlayır. Ədəbiyyatşünas, şair Qismət "TƏK" rubrikasında təzə əsrin kitablarından, "Bildungsroman" anlayışından, yazıçı Ayxan Ayvaz "Qırmızı pəncərə" köşəsində "Birinci şəxsin təkində yazan yazıçılar"dan söz açır. Bundan başqa, o, dərgidə yer alan müxtəlif yazıçı və şairlər haqqında lətifələrin müəllifidir. Kinoşünas Hacı Səfərov "Bir il, bir kino" rubrikasında "Ümidsiz dünyanın kinoları: 1994" yazısı ilə dövrün, Türkiyədə yaşayan azərbaycanlı yazıçı Ceylan Mumoğlu isə "Psixotrap" rubrikasında Fyodor Dostoyevskinin psixoanalitik portretini cızır. Yazıçı, şair, kinoşünas Sevinc Elsevər "Bu kino ki var…" rubrikasında "Körpə kino" araşdırması ilə kinematoqrafiyanın tarixinə işıq tutur. Yazıçı Cəmilə Məmmədli isə "Sərhədsiz incəsənət" rubrikasında görmə məhdudiyyətli aktrisa Günay Məmmədova ilə söhbətləşir. Yazıçı Əlabbas "Hədəfdəkilər" rubrikasında Salam Qədirzadənin "Şlyapalı Mauqli" hekayələr kitabından, "İkibaşlı" rubrikasında yazıçı Xəyalə Murad ədəbiyyatdakı dilemmalardan, konkret cavabı olmayan suallardan bəhs edir. Budəfəki mövzu isə "Şoloxov yaradıcılığındakı plagiat damğası və ya "Sakit Don" nəyi gizlədir?" başlığı altında araşdırılır. "Sözbaz" rubrikasında isə yazmağın daşını çoxdan atmış Mirzə Bartlbi son illərdə nəşr olunmuş yerli kitabları tənqid edir. "Gəl uşaq olaq!" rubrikasında üç yeniyetmə müəllifin – Fariz Zabil, Banu Məmmədzadə və Nərmin Əzimzadənin şeirləri dərc olunub. Dünya ədəbiyyatının görkəmli nümayəndələri ilə bağlı maraqlı məlumatları isə Humay Hüseynli toplayıb.