Qədiri, Abdulla. Ötən günlər : Özbəklərin həyatından tarixi roman / A. Qədiri ; red. H. Zeynallı ; red., ön söz A. Ü. Binnətova ; çevirən X. S. Xocayev ; naşir T. B. Axundov ; dizayn. Ə. Zaliyev ; Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi. - Bakı : Təhsil, 2023. - 408 s.
Kitaba yeni nəşrin redaktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Almaz Ülvi "Ötən günləri nə üçün yenidən xatirladıq?! ("Ötən günlər" romanının ilk nəşrinin 100 illiyinə!) adlı "Ön söz" yazıb. Müəllif "Ön söz"də qeyd edir: "Hər ötən günü yenidən, xüsusən zaman fövqündə baş verən unudulmaz hadisələri xatırlamaqla sabahı daha aydın, daha parlaq görmək mümkündür. Abdulla Qədirinin təbirincə desək, "deyirlər ki, nəyi yeni başlayırsansa, keçmişinə nəzər sal, onda uğur qazanmaq mümkündür. Ona görə də mən keçmişdən, yenicə ötən günlərimizdən, axırıncı xanlıq dövrünün – tariximizin çirkin və qara günlərindən yazmağa başladım". Əlbəttə, yazıçının qələmə aldığı acı dolu həyatlar oxucunu ağrıdır. Bu qədər ağır notların baş alıb getdiyi əsər niyə 100 ildir ki, sevə-sevə oxunur, təkrar-təkrar nəşr olunur, həm də dünyanın bir çox dillərinə tərcümə olunaraq?! "Ötən günlər”in sadə və axıcı dillə yazılması, personajların xarakterlərinin təfərrüatında ilıq bir təbəssüm görünməsi, eşqin saflığı, məsumluğu, ucalığı, ailə–el adət-ənənəsinin təqdimi və nəhayət, təbiət lövhələrindən yazılı etüdlər əsərə rəng qatır. Sanki göy qurşağı rənginə bələnmiş gözəllik faciə və tale ağrılarını öz sehrində gizlətməyə çalışır".