Qayıqda üç kişi

Cerom, K. Cerom Qayıqda üç kişi (iti saymasaq) : 14 yaşından yuxarı uşaqlar üçün. İngilis dilindən tərcümə / K. Cerom Cerom ; tərc. et. T. Məmmədli ; red. S. Əhmədbəyli ; İll. R. Həsənzadə. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2016. - 223 s.

İngilis yazıçısı Cerom K. Ceromun yazdığı bu əsər ilk dəfə 1889-cu ildə "Three Men in a Boat (To Say Nothing of the Dog)" adı ilə nəşr olunub. Yazıçının özünü və müntəzəm olaraq qayıq gəzintilərinə birlikdə çıxdığı iki dostunu təsvir etdiyi və başlarına gələn macəralardan ilham alaraq yazdığı bu kitab TEAS Press Nəşriyyat evində Azərbaycan dilinə tərcümə edilərək çapa hazırlanıb. O, incə yumor hissi ilə qələmə alındığından Qərb ədəbiyyatının məzəli, əyləncəli xarakter daşıyan əsərləri içərisində ən böyük oxucu auditoriyası qazanıb. Povest səyahətə çıxan üç dostun yol sərgüzəştlərinə - üzləşdikləri "qəzavü-qədər"in təsvirinə həsr edilib. Qəhrəmanların özünün də dediyi kimi, axına qarşı üzmək kimi bir xarakterə sahibliyindən doğan inadkarlıq yolboyu onları maraqlı vəziyyətlərlə qarşılaşdırır, eyni zamanda darıxmağa qoymur. Məzəliliyi ilə yanaşı, müəllifinin dediyi kimi, həm də özündə "dəyişməz, sarsılmaz həqiqət daşıması"nın diqqət çəkməsi əsəri ciddi ədəbiyyatdan heç də geri qoymayan amildir. "Zarafat dolu inadkarlıq", "dostluq" anlayışları kitabboyu rəngarəng tonlarla vurğulanır. Əsər yalnız uşaq və yeniyetmələr deyil, müxtəlif yaş kateqoriyalarına aid oxucular üçün nəzərdə tutulub.