9 aprel 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Bakının ən balaca şairəsi 9 yaşlı Səidə Əliyeva ilə görüş keçirilib. Tədbirdə Bülbül adına ota ixtisas musiqi məktəbinin, Sabunçu rayonu 80 saylı məktəbin şagirdləri, yazıçılardan Nüşabə Məmmədli, Ələmdar Quluzadə, Gülzar İbrahimova, Sevinc Nuriqızı, Elçin Mehrəliyev, Zemfira Məmmədqızı, Tofiq Əlizadə, Teyyub Qurban, Səmayə Quliyeva, Şükufə İsmayılzadə, Mərziyyə Nəcəfova, Nafilə Abuzərli, xalq şairi Söhrab Tahir və b. iştirak edirdi. Tədbiri kitabxananın direktoru F.Quliyeva açaraq istedadlı oxucumuz olan 9 yaşlı Səidə Əliyevadan, onun ədəbiyyat dərnəyinə həvəslə gəlməyindən, şeirlərindən və onun gələcəyinə böyük ümid bəslədiyindən danışdı. Musiqiçilər şairəyə öz ifalarını hədiyyə etdilər. Keçirilən görüşdə iştirakçılar balaca şairənin yenicə işıq üzü görmüş “Sənin üçün darıxmışam” şeir kitabı ilə yaxından tanış oldular. Sinif yoldaşları onun şeirlərindən bəzilərini əzbər söylədilər.
“Vətənim”, “Anam Azərbaycan” şeirlərində vətənə məhəbbət, “Anamın ad günü”, “Bir daha yuxuma gələsən ana” şeirlərində ata-ana sevgisi, “Kitablarım”, “Ana məktəb” şeirlərində məktəbə, kitaba məhəbbət tərənnüm olunub. Ümumiyyətlə Səidənin bütün şeirlərində ana təbiətin gözəl təsviri, xeyirin həmişə şərə qalib gəlməsi, pisi-pisləmək, yaxşını tərifləmək kimi xüsusiyyətlər qabarıq şəkildə təsvir edilib.