22 fevral 2016-cı ildə F.Köçərli adına Respublika uşaq kitabxanasının kiçik yaş qrupu üzrə xidmət şöbəsinin əməkdaşı Almaz Əşrəfova 244 saylı məktəbin II sinif şagirdləri ilə 21 fevral Beynəlxalq ana dili gününə həsr olunan “Əsrlərin, nəsillərin yadigarı Ana dilim!” adlı tədbir keçirdi. Tədbirdə məktəbin tədris işləri üzrə direktor müavini, müəllimlər, kitabxana əməkdaşları iştirak edirdi. Tədbir Azərbaycanın himni ilə başladı. Uşaqlar ssenari üzrə Ana dilimizlə bağlı şeirlər söylədi, mahnılar ifa etdilər. Ana laylası oxundu. Ədəbi bədii kompozisiya Azərbaycanın üçrəngli bayrağının dalğaları altında Azərbaycan mahnısı ilə yekunlaşdı. Tədbir iştirakçılarına ürək sözlərini demək üçün kitabxananın direktor müavini Zahirə Dadaşovaya söz verildi. O, çıxışında bildirdi ki, hər il 21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Tarixi kökləri 1952-ci ildən Pakistandan başlanmış bu tarixi günün qeyd olunması təqdirəlayiqdir. Ona görə ki, hər il bütün xalqlar bu günü qeyd etməklə öz doğma dilinin varlığını hiss edir. Hər kəs ana dilində savadlı danışıb yazmağı bacarmalıdır. Bu dil bizə əsrlərin, nəsillərin yadigarıdır. Nə qədər dil var, demək keçmiş də var, nəsil də var, vətən də var. Bizim dilin bir ana kitabı var - “Dədə Qorqud”. Dədə Qorqud boylarından, qopuzlarından süzülüb gələn söz bizim keçmişimizin soraqçısıdır. Bir həqiqəti anlamaq lazımdır ki, xalqın dilini-söz yaddaşını ondan almağa heç bir qüvvə qadir deyil. Ana dili bütün elmləri öyrənməyin açarıdır. Gərək heç vaxt laqeyd olmayasan, etinasızlıq göstərməyəsən. Hər vasitə ilə ana dilinin saflığını, varlığını qoruyasan. Sizə dərs deyən müəllimləriniz ana dilini sevməyi, onu göz bəbəyi kimi qorumağı tövsiyə edir. Çünki bu dil bizim analarımızın laylalarından süzülüb gələrək ruhumuza hopmuş, bizi yaşatmışdır. Biz də bu dili qoruyaraq gələcək nəsillərə ötürməliyik. Bu bizim ən azı vətəndaşlıq borcumuzdur. Bu gün münasibəti ilə hamınızı ürəkdən təbrik edirəm.
Tədbirdə xatirə şəkilləri çəkildi. Hər bir şagirdə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı verildi. Uşaqlar kitabxananın Nağıl otağında oldular, cizgi filmini izlədilər. Xoş təəssüratlarla kitabxanadan ayrıldılar.


Tədbirin səkilləri
Bütün xəbərlər