15 yanvar 2016-cı il tarixində 20 Yanvar- Milli Matəm günü münasibətilə xidmət şöbəsinin kiçik yaş qrupu üzrə bölmə müdiri Almaz Əşrəfova Nəsimi rayonunundakı 14 saylı məktəbdə “Ağla qərənfil, ağla” adlı tədbir keçirmişdir. Tədbirdə Vətəni canından əziz tutanlar mövzusunda söhbət aparılmış və bildirilmişdir ki, Vətən torpağının hər qarışı ölüm-dirim çarpışmalarında şəhid olmuş ata-babalarımızın qanından yoğrulmuşdur. Canını qurban verən bahadırlar, doğma yurdu üçün yaşayan ər igidlər, qəhrəmanlar, dahilər, müdriklər yaşadıb Vətəni! Hər bir kəs Vətən qarşısında öz borcunu yerinə yetirməlidir, çörəyini yeyib suyunu içdiyi Vətənin daşına çevrilməlidir. Çünki Vətənpərvər olmayan insan qəhrəman ola bilməz. “O gecə azadlıq istəyənlər Vətənə atılan güllələri öz ürəklərinin başında soyutdular. İgidlərin hər yarasının yerindən bir qərənfil boylandı, üçrəngli bayrağımızın qırmızısına yeni bir çalar gətirdi. Güllələr haqq-ədalət deyən dillərə, təzə qönçələyən qərənfillərə dəydi.”
18 yanvar 2016-cı il tarixində Respublika Uşaq Kitabxanasının xidmət şöbəsinin kitabxanaçısı Kəmalə Rəhimova 20 yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Səbail rayon 8 saylı orta məktəbin 8-ci sinfində B.Vahabzadənin “Şəhidlər” poemasının müzakirəsini keçirdi. Müzakirə zamanı 26 il öncə baş vermiş faciə ürək ağrısı ilə xatırlandı, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
19 yanvar 2016-cı ildə 1 saylı filial Respublika İncəsənət Gimnaziyasında “Şəhid ruhu göynəməsin” adlı tədbirdə kitab sərgisi tərtib etmiş, bədii kompozisiyanın hazırlanmasında iştirak etmişdir.
19 yanvar 2016-cı ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialı “Qan yaddaşımız- 20 yanvar” adlı tədbir keçirmişdir. Tədbirdə Elxan Elatlının Azərbaycanaın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr etdiyi “Qisas gecəsi” romanının müzakirəsi keçirilmişdir. Müzakirənin sonunda tədbir iştirakçıları arasında “Vətənpərvər kimdir?” adlı rəy sorğusu aparılmışdır. Rəy sorğusunun keçirilməsində əsas məqsəd orta məktəb şagirdlərinə vətənpərvərlik ruhunun aşılanması olmuşdur.
3 saylı filial “And yerimiz şəhidlər” adlı kitab sərgisi, sərgi qarşısında söhbət aparılmışdır. Şəhidlər Xiyabanına ziyarət edilmişdir.
Nəticə: Gənc nəslin unutqan olması, vətənpərvərlik ruhunun aşağı səviyyədə olması kimi problemləri aradan qaldırmaq üçün belə tədbirlərin keçirilməsi məqsədəuyğundur.


Tədbirin səkilləri
Bütün xəbərlər