Tədbirin səkilləri
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının İncəsənət və Kütləvi işlər şöbəsi 1 iyun 2015-ci il tarixdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Dünya uşaqların pəncərəsindən” adlı rəsm sərgisi keçirdi. Tədbirdə rəsm və rəssamlığa dair kitab sərgisi, balaca oxucu rəssam və valideynlərin rəsm sərgisi nümayiş olunurdu. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq tədbir iştirakçılarını salamladı və 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyəti və tarixi haqqında məlumat verdi. Qeyd etdi ki, 1949-cu il iyunun 1-də BMT Baş Assambleyasının təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Bizim bu günkü tədbirin əsas məqsədi fəal, istedadlı rəssam oxucularımızın rəsm əsərlərini bütün kitabsevərlərə təqdim etmək və uşaqlarımıza bu bayram sevincini yaşatmaqdır.
Sənətşünas, rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Tamella xanım Seyidova tədbirin əhəmiyyətini vurğulayraq dedi:
"Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu gün F.Köçərli adına Respublika Uşaq kitabxanasının təşkil etdiyi bu gözəl tədbir uşaqlara bayram sevinci yaşatmaqla onların gələcəkdə daha da yaradıcı şəxsiyyət kimi formalaşmasında böyük rol oynayacaq.
Tədbirdə 16 saylı musiqi məktəbinin şagirdləri Nihad Kazımov və Ramazan Hüseynov fortepianoda gözəl ifaları ilə tədbir iştirakçılarının diqqətini cəlb etdilər. Ş.Ələkbərova adına 20 saylı musiqi məktəbinin şagirdlərinin ifasında skripkada mahnılar dinlənildi. Tədbir iştirakçıları həmçinin İncəsənət şöbəsi əməkdaşları tərəfindən hazırlanan çarxlı slaydları izlədilər. Dünya Məktəbinin şagirdləri öz mahnıları ilə təbrikə qoşuldular. Tədbirdə uşaq yazarı, fantast hekayələr müəllifi, BDU-nin müəllimi Reyhan Yusifqızı, Silsilə İncəsənət Studiyasının rəhbəri Firəngiz Hüseynova, Bakı şəhər MKS kitabxanalarının əməkdaşları iştirak edirdi. Tədbirin sonunda fəal iştirakına görə uşaqlara diplom və kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi. Balaca rəssam Əzim Kazımov tədbirlə bağlı öz ürək sözlərini dedi: Çox sağ olun ki, bizim rəsmlərimizə tamaşa etdiniz. Kitabxananın oxucusu olaraq onu demək istəyirəm ki, mən təkcə Azərbaycan rəssamları haqqında deyil, dünya rəssamları haqqında da kitablar oxuyuram, onların rəsmləri ilə tanış oluram. Mən bugünki uğuruma görə əvvəlcə müəllimlərimə, kitabxanaya, sonra isə anama minnətdaram. Qoy həmişə Günəş olsun, Qoy həmişə anam olsun, Mən də olum həmişə!”
Bütün xəbərlər