15-22 may 2015-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin 2015-ci ilin I yarısı üçün təsdiqlənmiş iş planının 6.41 maddəsi əsasında F.Köçərli adına Respublika Uşaq Kitabxanası Uşaq kitabxanalarında “Nağıl otaq”larının fəaliyyətinin genişləndirilməsi ilə bağlı Muğan (Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Cəbrayıl), Şəki-Zaqatala zonası üzrə (Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən), Sumqayıt, Naftalan, Şuşa, Zəngilan, Qubadlı kitabxanaçıları üçün “Uşaq dünyasında kitabxananın rolu” adlı seminar-məşğələ keçirdi.
Seminarda müxtəlif başlıqlar altında kitab sərgiləri, Nağıl otağında barmaqcıqlı kukla teatrı, video çarxlı slaydlar nümayiş olundu. Bu tədbirin əsas məqsədi respublikanın şəhər (rayon) Mərkəzi Kitabxanalarının uşaq şöbələrində Nağıl otağının yaradılması, kiçik yaşlı uşaqların kitabxanaya cəlb edilməsi, nağıl saatında uşaqlarla müxtəlif maraqlı oyunların, kitabxana dərslərinin keçirilməsinin düzgün təşkil olunmasıdır. Seminarda təkcə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının iş təcrübəsindən deyil, digər ölkələrin də bu sahədəki fəaliyyətindən geniş söhbət açıldı.
Seminar məşğələdə hər bir iştirakçıya kitabxananın bukleti, vizit kartı, “Gələcəyə baxış:Uşaq dünyasında kitabxananın rolu” adlı elmi metodik vəsait, “Uşaq hüquqları”, “Gənc ana və uşaqların maarifləndirilməsi”, “Tolerantlıq” mövzularında tövsiyə biblioqrafiyası, seminarın proqramı və dəftərxana ləvazimatı verildi.
Seminarı giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq iştirakçıları seminar məşğələnin iş proqramı ilə tanış etmiş və “Səyyar kitabxana xidmət işinin təşkili metodları” mövzusunda çıxış etmişdir. Tədbirdə uşaq yazıçılarından “Sehrli dünya” uşaq jurnalının redaktoru, yazıçı Gülzar İbrahimova iştirak etmiş, uşaq ədəbiyyatı sahəsində olan problemlər, yeniliklərlə bağlı söhbət aparmışdır. Sonra kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova “Uşaq dünyasında kitabxananın rolu”, avtomatlaşdırma şöbəsinin müdiri Vəfa Ağamirzəyeva “Elektron kitabxana və elektron nəşrlər”, elmi metodika şöbəsinin müdiri Ruhiyyə Məmmədli “İnformasiya cəmiyyətində uşaq kitabxanaları” və xidmət şöbəsinin müdiri Könül Niftiyeva “Nağıl otağında dərslərin keçirilməsi” mövzusunda məruzə etdilər. Seminarın sonunda kitabxananın elmi-metodika şöbəsinin əməkdaşları tərəfindən tədbir iştirakçıları arasında rəy sorğusu keçirilərək təhlil olundu. Seminar məşğələlərdə fəal iştirak edən dinləyicilərə sertifikatlar verildi, xatirə şəkilləri çəkildi.


Tədbirin səkilləri
Bütün xəbərlər