22 aprel 2015-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası Nizami rayonu Namiq Həmzəyev adına 238 saylı orta məktəbdə Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, nasir, publisist və dramaturq Zahid Xəlil ilə görüş keçirdi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru İlqar Talıbov açaraq bildirdi ki, Zahid Xəlilin uşaq ədəbiyyatında rolu böyükdür. Biz sevinirik ki, belə görkəmli şairin yaradıcılığı ilə uşaqlar məhz məktəb vaxtından tanış olurlar.
Məktəbin ibtidai sinif müəllimi İradə Bayramova “Gələcəyimiz kitab oxumaqdan asılıdır” adlı təqdimat, diroktor müavini Heydərova Ruhəngiz isə mütaliə ilə bağlı çıxış etdilər. Daha sonra söz balacalara verildi. Məktəblilər Zahid Xəlilin “Arı və kəpənək”, “Dovşan və canavar”, “Tutu”, “Qatar”, “Hacıleylək”, “Qırqovul”, “Durnalar” şeirlərini səsləndirdi, “Dovşanın adı”, “Heyvanların nəğməsi”, “Cırtdan və Azmanın yeni sərgüzəştləri”, “7 rəngli muncuq” səhnəciklərini nümayiş etdirdi və şairin “Göyərçinik biz” şeirinə mahnı oxudular.
Çıxışlardan sonra söz F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərovaya verildi. Şəhla xanım uşaq vaxtı Zahid Xəlilin “Ballıca” kitabını necə çox sevdiyindən, o kitabı itirdiyində necə ağlamasından və s. xatirələrindən danışdı. Filologiya elmləri namizədi, dosent Füzuli Əsgərli də şairin yaradıcılığından söz açaraq bildirdi ki, hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində “Uşaq Ədəbiyyatı” kafedrasının müdiri vəzifəsində çalışan Zahid Xəlil hələ də uşaqlar üçün yazıb-yaratmaqdadır. Zahid Xəlil çoxlu mənzum nağıl, poema, nəğmə mətnləri, yanıltmac və tapmacalar da yazmışdır. Kitabları Moskvada, Sloveniyada, Fransada, Almaniyada və başqa xarici ölkələrdə çap olunaraq yayılmışdır. Zahid Xəlilin bütün hekayələri özünün rəngarəngliyi ilə güclü bir yazıçı təxəllüyünün, fantaziyasının məhsulu olub, xeyir qüvvələri şərə qarşı qoyur.
Sonda məktəblilər kitabxananın təşkil etdiyi sərgi ilə tanış oldular.


Tədbirin səkilləri
Bütün xəbərlər