Tədbirin səkilləri
6 aprel 2015-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kütləvi işlər şöbəsi Binəqədi rayonundakı 144 saylı məktəbdə uşaq yazıçısı Zahid Xəlilin görüşünü keçirdi. Tədbiri giriş sözü ilə filologiya elmləri namizədi, dosent Füzuli Əsgərli açaraq uşaqların sevimli yazıçısı Zahid Xəlilin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdi və bildirdi ki, hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində “Uşaq Ədəbiyyatı” kafedrasının müdiri vəzifəsində çalışan Zahid Xəlil hələ də uşaqlar üçün yazıb- yaratmaqdadır. Zahid Xəlil çoxlu mənzum nağıl, poema, nəğmə mətnləri, yanıltmac və tapmacalar da yazmışdır. Kitabları Moskvada, Sloveniyada, Fransada, Almaniyada və başqa xarici ölkələrdə çap olunaraq yayılmışdır. Zahid Xəlilin bütün hekayələri özünün rəngarəngliyi ilə güclü bir yazıçı təxəllüyünün, fantaziyasının məhsulu olub, xeyir qüvvələri şərə qarşı qoyur.
Tədbirdə uşaqlar şairin şeirlərini söylədilər, “ İki nar”, “Papaq”, “Yeddi rəngli muncuq”, “Dovşanın adı”, “Güzgü” hekayələri əsasında səhnəcik göstərdilər. Məktəbin musiqi müəlliməsi Təranə Hüseyinovanın şairin “Əlifba” şeirinə bəstələdiyi musiqini uşaqlar ifa etdilər. Həmçinin, tədbirdə uşaqların yazıçıya ünvanlandırdığı suallar cavablandırıldı. Tədbir iştirakçıları foyedə Zahid Xəlil yaradıcılığına həsr olunmuş “Sevimli yazıçımız – Zahid Xəlil ” adlı kitab sərgisi ilə tanış oldular. Tədbir xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.
Bütün xəbərlər