18 mart 2015-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kütləvi işlər şöbəsi Nizami rayonundakı 61 saylı məktəbin II-V sinif şagirdləri ilə (60nəfər) riyaziyyatçı alim, uşaq yazıçısı Reyhan Yusifqızının görüşünü keçirdi. Uşaqlar ilk dəfə kitabxanaya gəldiklərindən kitabxana ilə tanış oldular. Şöbələrin işləri, kitab sərgiləri ilə yaxından maraqlandılar. Sonra isə oxu zalında tədbir üçün yığışdılar. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq yazıçı haqqında məlumat verdi. O çıxışında qeyd etdi ki, Reyhan Yusifqızı Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Bakı Dövlət Universitetinin riyazi kibernetika kafedrasında dərs deyir. Fizika-riyaziyyat elmləri namizədidir. “Şəkər Villası”, “Ədəbiyyat”, “Göyərçin”, “Tumurcuq” və başqa jurnallarda otuzdan artıq hekayəsi dərc olunub. İlk kitabı uşaqlar üçün yazdığı “Bir gün dərsdən sonra” kitabıdır. Yazıçının “Yaşıl gözlü qız” povesti Ankarada ədəbi yarışmada üçüncü yeri tutub. R.Yusifqızının əsəri barədə münsiflər heyətinin rəyi belə olub: “Hadisələrin sxemi olduqca güclü qurulub, elmi təmayüllü povestdir, əsər boyunca həyəcan ünsürü canlı saxlanır, ətraf mühiti qorumaq məsələsinə toxunulur". “Yaşıl gözlü qız” povesti 7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Tədbir iştirakçıları Reyhan Yusifqızının yaradıcılığını əks etdirən video çarxlı slayda tamaşa etdilər, “İki gül” hekayəsini səhnələcik formasında göstərdilər.
Tədbirdə “Yaşıl gözlü qız” və “Zamanın əsirləri” kitabları üzrə müzakirə getdi. Yazıçı əsərin süjet xətti barədə məlumat verdi, bildirdi ki, povest uşaqlara kainat haqqında məlumat verir. Əsər kosmik qəza nəticəsində Yer kürəsinə düşmüş yadplanetli qızın - Leminin Yerdə macəralarından bəhs edir. Süjet xətti boyunca kainat, qalaktikalar, planetlər, ulduzlar haqqında oxuculara elmi qaynaqlara əsaslanan maraqlı bilgilər çatdırılır. Əsərdə planetimizin ekologiyası ilə bağlı problemlərə də geniş yer ayrılır. İnsanların təbiətə münasibəti, ekologiyaya vurulan ziyan, su hövzələrinin, atmosferin tullantılarla çirkləndirilməsi yadplanetli qızın gözü ilə müşahidə olunur. Lemi bütün bunların nəticəsinin necə ola biləcəyi barədə uşaqları xəbərdar edir. Leminin dili ilə başqa planetlərdə həyat və onun formaları müzakirə olunur. Məlum olur ki, Leminin yaşadığı planetdə insanlar həm şüur, həm də fiziki cəhətdən daha mükəmməldirlər. Onlar telepatiya, telekinezdən istifadə etməyi bacarırlar. Onların planetində sərhədlər yoxdur, insanlar torpaq və maddi nemətlər uğrunda müharibə etmirlər. Orda insanlar yalan danışmırlar. Cəmiyyətin, ailənin quruluşu başqadır. İnsanlar daha uzunömürlüdür, maşınlar daha sürətlə hərəkət edir. Lemi Yer planetindəki uşaqlardan xeyli fərqli olsa da, uşaqlar onu tez bir zamanda sevir, öz sıralarına qəbul edir, ona kömək göstərirlər. Onu istəməyənlər, “ekspertiza üçün laboratoriyalara vermək” istəyənlər də tapılır. Amma sonda o, dostlarının köməyilə öz planetinə qayıdır.
Tədbirdə uşaqların yazıçıya verdiyi suallar cavablandırıldı, yazıçıya gül dəstəsi təqdim olundu və xatirə şəkilləri çəkildi.


Tədbirin səkilləri
Bütün xəbərlər