23 fevral 2015-ci ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının xidmət şöbəsi Nəsimi rayonundakı 164 saylı məktəbin 4-cü sinif şagirdləri ilə “Dilimiz – varlığımızdır” adlı tədbir keçirdi. Tədbirdə “Ana dilim ölən deyil” adlı kitab sərgisi nümayiş olunurdu. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə xanım açaraq Beynəlxalq ana dili gününün yaranma tarixi haqqında geniş məlumat verdi və çıxışında bildirdi ki, 21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan etmişdir. Və BMT-yə üzv ölkələr həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirir. Əlbəttə ki, buna böyük ehtiyac vardır. Çünki hər bir xalq öz dili ilə yaranır və hər bir xalqın ən böyük sərvəti onun ana dilidir. Ulu öndərimiz Heydər Əliyevin nəsillərə yadigar qalan gözəl kəlamlarından biri də budur: “Azərbaycan xalqının dili onun milli varlıgını müəyyən edən başlıca amillərindəndir.” Bizim kitabxanamız Azərbaycan mədəniyyətşünaslığında, ilk Azərbaycan ədəbiyyatı tarixinin yazılmasında, uşaq ədəbiyyatının təməlinin qoyulmasında, ədəbi-tənqidi fikrin formalaşmasında mühüm addımlar atmış görkəmli ədib Firidun bəy Köçərlinin adını daşıyır. Uşaq folklor antalogiyasının banisi F. Köçərli Balalara hədiyyə kitabında yazırdı : “O millət ki, öz tarixini, vətənini, dilini sevir – bu qisim əsərləri kamal-şövq və diqqətlə cəm edib sərmayə kimi saxlayır və balalarının ilk təlim və tərbiyəsini onları oxutmaq ilə başlayır.” Tədbir açıq dərs şəklində məktəbin müəlliməsi Tamella xanımın iştirakı ilə keçirildi. Tədbir iştirakçıları ana dilinə həsr olunmuş video çarxlı slaydı izlədilər. Şagirdlər ana dilinə həsr olunan şeirlərdən, kəlamlardan söylədilər, fikir mübadiləsi etdilər. Ana dili haqqında bəstələnmiş mahnılar uşaqların ifasında səsləndi. Tədbirin sonunda bütün iştirakçılara kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edildi.
Qeyd: 21 fevral 2015-ci ildə Azərbaycan radiosunun “Gəl səhərim” verilişində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə Dadaşovanın Beynəlxalq ana dili günü ilə bağlı müsahibəsi getmişdir.


Tədbirin səkilləri
Bütün xəbərlər