Tədbirin səkilləri
4 fevral 2015-ci ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfli döyüş yolundan bəhs olunan Fəridə Ləmanın “Mübarizim bir dünya” kitabının Türkiyədə Osman Qazi Universitetinin filologiya elmləri doktoru, professor Abbasxanlı Tamella xanım tərəfindən türkcəyə çevirmiş və nəşr olunmuş kitabın təqdimat mərasimi keçirildi. Tədbir Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuşdu.
Qarabağ uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra kitabxananın direktoru Şəhla Qəmbərova tədbirdə iştirak edən qonaqları təqdim etdi. Bildirildi ki, bu gün təqdimatına yığışdığımız “Mübarizim bir dünya” kitabında Fəridə Ləman Mübariz İbrahimovun ömür və döyüş yolunu son dərəcə canlı təsvir etmişdir. Kitabla tanışlıq zamanı ilk baxışda hər bir oxucuda elə təsəvvür yaranır ki, sanki müəllif bu hadisələrin bilavasitə şahidi olmuşdur. Kitab qısa vaxtda böyük oxucu auditoriyası qazanmışdır.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filologiya elmləri namizədi, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin İdarə heyətinin üzvü və Qadınlar Şurasının sədri Fəridə Ləman Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov haqqında ətraflı məlumat verdi.
“Mübarizim bir dünya” əsərini türkcəyə çevirərək bütün türk dünyasına tanıdan Tamella xanım gözəl çıxış edərək qeyd etdi ki, bu kitabı oxuyanda göz yaşlarımı saxlaya bilmədim. Sanki oxunan cümlələr insanın varlığında qeyri-adi hisslər oyadır, ürəyindən kövrək duyğular keçirir. İyirmi iki yaşlı gənc qəhrəmanın ruhu qarşısında istər-istəməz baş əyirsən. Onun döyüşdüyü səngərdə, keşik çəkdiyi postda daşların üstündə oturub döyüşçülərlə söhbət etməkdən doymursan. Təsəlli tapırsan ki, nə yaxşı xalqımızın belə mərd, qəhrəman oğulları var! Belə oğlu olan vətən isə heç vaxt basılmaz!
...Sən vətəni canından, qanından artıq sevdin, Mübariz! Vətən sənə oğul dedi! Sən özünü xoşbəxt sandın, fərəhindən qanad açıb quş kimi göylərə uçdun. İncitməmək üçün ayağını da ehmalca qoyduğun bu torpaqlardan güc aldın. Qana susayan düşməni qanda boğub əlçatmaz, ünyetməz göylərə ucaldın! O göylərə ki, şəhidlərimizin nigaran ruhları dolaşır orda. Qəhrəmanlığınla onlara necə böyük təsəlli verməyin ölçüyə gəlməz. Gücü başqa heç nəyə çatmayan düşmən qəzəbindən sənin cansız cəsədini də vermək istəmədi. Düşmən sənin cansız bədəninin də gücünü, əzəmətini anladı, qorxdu...Dörd ay sonra isə ölkə prezidentinin səyi nəticəsində Sən Vətən torpağında uyudun.
Tanrısını, vətənini canından artıq sevən oğul, sən istəyinə çatdın. Azadlıq nəğməsində nəqarətə çevrilib 9 milyon azərbaycanlının dilində eyni vaxtda səsləndin! Candan, qəlbdən sevdiyin qönçə qızılgüllərə çevrilib vətən təşnəsi olan könüllərdə sevilə-sevilə bəsləndin! Sənin səpdiyin toxumlardan cücərən vətən məhəbbəti ilə dolu ürəklər heç vaxt susmayacaq, sevdiyin, oxşadığın yasəmənlər heç zaman solmayacaq! Ulu öndərimizin qurub yaratdığı müstəqil Azərbaycan dövləti yaşadıqca sən də var olacaqsan!
Başını dik tut, Vətən! Bu vətən bizə artıq həm də Mübarizin əmanətidir!..
Bu gün adı dillər əzbəri olan, haqqında kitablar, şeirlər, mahnılar yazılan, filmlər çəkilən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun yüksəldiyi zirvə təkcə onun doğulub, boya-başa çatdığı kənddən deyil, Azərbaycanın və eləcə də bütün türk dünyasının hər yerindən görünür. Bəli, o, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan oğlunun, Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Mübariz bu şücaəti ilə Azərbaycan gəncliyinə başucalığı gətirdi.
Tədbirdə iştirak edən 201 saylı məktəbin 7c sinif şagirdi Murad Vələdov Mübariz rolunda çıxış edərək tədbiri bir az da canlandırdı. O öz mübariz səsi ilə Mübarizi yaratdı.
Tədbirdə iştirak edən filologiya elmləri doktoru, professor Füzuli Əsgərli, “Yada düşdü” - Azərbaycanda nəşr olunan ədəbi-bədii nostalji jurnalın təsisçisi Nəzakət Məmmədova da çıxış edərək Azərbaycan oğullarının qəhrəmanlıq tarixini bir daha səhifələdilər.
Tədbirdə Azərbaycan Pedaqoji Universitetinin filologiya fakultəsinin II kurs tələbələri, Nizami rayonundakı 201 saylı məktəbin şagirdləri, yazıçı, publisist, Erməni Təcavüzü İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı, hərbi repartyor Səriyyə Müslüm qızı, digər şairə və yazıçı qadınlar iştirak edirdi.
Tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş sərgilərə, kitabxanamızın oxucusu Nuranə Abbaszadənin Mübariz İbrahimovla bağlı hazırladığı slayda tamaşa etdilər.
Tədbir iştirakçıları arasında “Vətənpərvər kimdir?” mövzusunda rəy sorğusu da keçirildi.
Tədbirin sonunda kitabxananın direktoru Şəhla Qəmbərova çıxışında bir daha qeyd etdi ki, doğrudan da Qarabağın xilası Mübariz kimi şəhadət ruhunda tərbiyələnmiş, vətənpərvərlik duyğularını bu ruhda formalaşdırmış gənclərimizin varlığındadır...
Onun qəhrəmanlığı gənclərimiz üçün bir örnəkdir. Mübarizləri olan Vətən isə heç zaman basılmayacaq. Mübarizin yüksəldiyi şəhidlik zirvəsi, Milli Qəhrəman adı həmişə uca tutulacaq!
Bütün tədbir iştirakçılarına tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi.
Bütün xəbərlər