1 fevral 2015-ci il tarixdə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında görkəmli rus yazıçısı Antоn Pavloviç Çeхоvun anadan olmasının 155 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Səbail rayon 132-134 nömrəli Təhsil Kompleksinin ikinci sinif şagirdləri iştirak edirdi. Kitabxananın kütləvi işlər şöbəsinin müdiri Leyla İbrahimova tədbiri giriş sözü ilə açaraq bildirdi ki, dünya ədəbiyyatında görkəmli yerlərdən birini tutan böyük rus yazıçısı A.P.Çexov öz əsərlərində yaşadığı dövrün real səhnələrini, ictimai həyatın səciyyəvi tərəflərini əks etdirmişdir. Lev Tolstoy onu “nəsrin Puşkini” adlandırırdı. Ziyalıların xalq qarşısında məsuliyyəti mövzusu, xalq taleyinə etinasızlıq, meşşanlıq, qına çəkilmək kimi mənəvi eybəcərliklərin tənqidi Çexov yaradıcılığının leytmotividir. Hekayə sahəsindəki fəaliyyəti ilə bütün dünya ədəbiyyatında diqqəti cəlb etmiş Çexov üçün bir novator yazıçı kimi təmkinli, lakonik təhkiyə üslubu xarakterikdir. Təqdim olunan kitab sərgisində kitabxanamızın fondunda olan kitabların bir qismi verilmişdir.
Balaca məktəblilər tədbirdə dahi yazıçının kiçik hekayələrindən səhnəciklər göstərmiş, viktorinalarda iştirak etmiş, “A.P.Çexov qəhrəmanlarının heykəlləri” mövzusunda video çarxlı slaydları izləmişlər. A.P.Çexovun həyatı haqqında şagirdlərdə daha çox təsəvvürün yaranması məqsədilə yazıçının “Kaştanka” hekayəsi üzrə rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə fərqlənənlərə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı və kitablar verilmişdir. Sonda Nağıl otağında şagirdlər Anton Pavloviç Çexovun “Çelovek v pesne” hekayəsi əsasında çəkilmiş cizgi filminə tamaşa etmişlər.


Tədbirin səkilləri
Bütün xəbərlər