2015-ci il yanvarın 6-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Görmə qabiliyyəti zəif və məhdud uşaqlar üçün Dil və İnformasiya Kurslarının açılması ilə əlaqədar kitabxanaçılara treninq məşğələlər keçirilir. Bu gün həmin texnologiyalarla işləməyi Türkiyədən gələn mütəxəssislər : Ailə və Sosial Politikalar Bakanlığı İstanbul şəhəri üzrə müdir müavini Xalis Kuralay və İstanbul Böyük Şəhər Bələdiyyəsi Əngəllilər müdirliyində kompyuter proqramları üzrə mütəxəssis Yavuz bey öyrədir. Öncə kitabxananın direktoru məşqələlərin başlanması münasibətilə iştirakçıları təbrik etdi və bildirdi ki, ölkədə əlil insanlara dövlət qayğısı ildən-ilə artmaqdadır. Onların təhsil almaları, ixtisaslara yiyələnmələri, bu insanlara tibbi xidmətin təşkili, məşğulluqlarının təmin olunması, informasiyaya yiyələnmələri üçün bir neçə layihə reallaşdırılmışdır. Son vaxtlar gözdən əlil insanların da cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlər daha intensiv xarakter almışdır. Xüsusilə, informasiya kommunikasiya texnologiyalarının bu sahədəki rolu əvəzsizdir. Kitabxanamızda açılmış bu mərkəzin də fəaliyyəti bundan ibarət olmaqla, məqsədi ilkin kitabxanadan istifadə edən əlil uşaqlara düzgün yanaşma, psixoloji yardım etməklə onların cəmiyyətə inteqrasiyasına kömək etməkdir. Uşaqlar üçün GAZ proqramın təminatı lokallaşdırılmış, internetə çıxışın təmin olunması və tədris-təlim proqramlarının hazırlanması, audiostudiya və kitabxananın fəaliyyəti təmin edilməsi istiqamətində daha geniş işlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məşğələlərdə əlil insanlarla necə rəftar etmək, kompüterdən istifadə qaydaları, həmçinin Brayl şriftləri ilə yazmaq və oxumaq kimi dərslər keçirilir. Hər həftənin sonu keçiriləcək dərslər üzrə test tapşırıqları verilir və yoxlanılır. Həmçinin bu kursların köməyi ilə istifadəçilər Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabların kompyuterin yaddaşına köçürülüb oxunması, səslənməsi, dinlənilməsi bacarığına malik olacaqlar. Eyni zamanda, musiqiyə qulaq asmaq, internetdən istifadə etmək, məktublaşmaq, 100 min səhifəlik materialı yaddaşda saxlamaq, surətini çıxarmaq, SMS göndərmək bacarıqları əldə edəcəklər.
Bizim kitabxanamız məkan olaraq bu layihənin reallaşdırılmasında öz imkanlarından istifadə edərək görməyən uşaqların görənlərlə eyni vaxtda kitabxana xidmətlərindən istifadəsinə çalışır.


Tədbirin səkilləri
Bütün xəbərlər