F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları 24 dekabr 2014-cü ildə Abşeron rayonu Saray qəsəbəsində yerləşən Fiziki və Əqli qüsurlu uşaqlar üçün internat evində “Siz tək deyilsiniz” adlı tədbir keçirdi. Tədbiri keçirməkdə əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan, fiziki və əqli məhdudiyyətli əlilliyi olan uşaqların informasiya hüququnu müdafiə etməklə informasiya əldə etmək imkanlarına malik olmalarıdır.
Internat evi xüsusi qayğıya ehtiyac duyan əqli və fiziki cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı bir müəssisədir. Burada 148 nəfər uşaq daimi olaraq yaşamaqla, qida, geyim və lazımi tibbi xidmətlə təmin olunurlar.
Tədbirdə uşaq yazıçılarından Gülzar İbrahimova, Altun-Kitab Nəşriyyatının və F.Köçərli adına Respublika Uşaq kitabxanasının əməkdaşları iştirak edirdi. İnternat evində F.Köçərli adına Respublka Uşaq Kitabxanasının dəstəyi ilə fiziki və əqli cəhətdən zəif olan uşaqlar üçün Kitabxananın açılışı və təqdimatı oldu. 250 nüsxə uşaq kitabları və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi 50 nüsxə “Göy qurşağı” uşaq jurnalı kitabxanaya hədiyyə olundu. Altun-Kitab nəşriyyatının əməkdaşları da kitabxanaya “Məstanın dərsləri” seriyasından müxtəlif yaş qrup uşaqlar üçün 39 nüsxə kitab hədiyyə etdi. İnternat evinin sakinləri ktabxanaçının köməyi ilə kitabxanaya hədiyyə olunan animasiyalı elektron kitablar, səsli nağıllı disklər, özü oxuyan nağıl kitablardan istifadə edəcəklər. Uşaqların sevimli yazıçısı Gülzar İbrahimova “Sehrli dünya” jurnalı, diskləri ilə uşaqları sevindirdi. İnternat evinin bütün sakinlərinə maraqlı oyuncaqlar hədiyyə edildi. Tədbir geniş zalda davam etdi. Kitabxananın açılışı münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən gətirilən şirniyyatlar uşaqlar arasında bölündü. Tədbiri giriş sözü ilə Saray qəsəbəsi 7 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün İnternat Evinin direktoru Pərvanə xanım Səfərova açaraq qonaqları salamladı, bildirdi ki, internat evi 1974-cü ildən fəaliyyət göstərir, burada aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılmışdır. Bu gün kitabxananın açılışı çox gözəl bir gündə - ölkə Prezidentimiz İlham Əliyevin doğum günündə qeyd olunur. Daim internat məktəblərindəki uşaqların gözəl yaşaması üçün çalışan, onlara qayğı göstərən Prezidentimizi uşaqlar söylədikləri şeirləri, oxuduqları mahnıları ilə təbrik etdilər.
Tədbirdə çıxış edən F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova dövlətin əlil və fiziki qüsurlu uşaqlara göstərdiyi diqqət və qayğıdan söhbət açdı. Bildirdi ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təməlində mərhəmət, humanizm və xeyirxahlıq dayanır. Bu mənada Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət Vəkili, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın nəcib fəaliyyəti hər birimizə örnəkdir. Bunun nəticəsidir ki, ölkəmizdə ildən-ilə xeyriyəçilik və humanizm prinsiplərinə dayanan layihə və fəaliyyətlər artır. Azərbaycan qadınları istər cəmiyyətin və istərsə də dövlətin bütün sahələrində yüksək səviyyədə təmsil olunur.
Fiziki və əqli qüsuru olan uşaqlar qarşısında çıxış edən digər qonaqlar da onları qarşıdan gələn yeni il və dünya Azərbaycanlılarının həmrəylik günü münasibətilə təbrik etdi, xoş arzu və niyyətlərini çatdırdılar.
Maraqlı konsert proqramı ilə başa çatan görüş internat sakinlərinin çöhrəsində böyük sevincə səbəb oldu.


Tədbirin səkilləri
Bütün xəbərlər