F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları 18 dekabr 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı, publisist Teyyub Qurbanın anadan olmasının 80 illiyi münasibətilə “Dönməzlik nümunəsi” adlı tədbirdə iştirak etdi. Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar açaraq bildirdi ki, Teyyub Qurban Yarməmməd oğlu- şair, dramaturq, publisist, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan gənclərinin III Ümumrespublika festivalının laureatı (1957), Rəsul Rza mükafatı laureatıdır(2002). Teyyub Qurbanın “Koreyalı döyüşçüyə” adlı ilk şeiri 1950-ci ildə “Pioner” jurnalının 12-ci sayında çap olunmuşdur. Şeirləri ayrı-ayrı xalqların dilinə tərcümə olunmuşdur. Teyyub Qurban “Mənim gəncliyim”, “Dostluğun gücü”, “Unudulmayan”, “Yanğı”, “El yolu”, “Gözəllik yarışı”, “Ömrün gənclik yazı”, “Dönməzlik”, “Sara”, “Məcra”, “Düşmənlərindən güclü şəxsiyyət”, “Müqəddəs məkanda Qüdsümüz vardır” və s. kitabların müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Teyyub Qurbanı yubileyi münasibətilə təbrik etdi, onun qələmə aldığı tarixə aid əsərləri tədqiqat əsərləri kimi dəyərləndirdi, yubilyara hədiyyə təqdim etdi.
Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova çıxışında Teyyub Qurbanın yaradıcılığından söz açaraq onun bədii əsərlərlə yanaşı tarixi, ictimai-siyasi mövzulara da müraciət etdiyini diqqətə çatdırdı: “Teyyub Qurban Dövlət arxivində siyasi sənədlər əsasında fundamental əsərlər yazır. Onun əsərlərindən professional tarixşünaslıqda istifadə olunur. Azərbaycanın tarixi şəxsiyyətləri – H.Z.Tağıyev, N.Nərimanov, M.C.Bağırov, M.Ə.Rəsulzadə haqqqında qələmə aldığı əsərlər onun yaradıcılığının şah əsərləridir. Teyyub Qurban şərəfli və ləyaqətli ömür yaşayıb”.
Tədbirin aparıcısı, “Teyyub Qurban-80 Biblioqrafiya” kitabının müəllifi, M.F.Axundov adına Milli Kitabxananın əməkdaşı Mədinə Vəliyeva çıxışında tərtib etdiyi kitab haqqında, həmçinin Teyyub Qurbanın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi işlər üzrə direktor müavini Zahirə xanım Dadaşova da öz çıxışında bildirdi ki, Teyyub müəllim 1998-ci ildən -2010-cu ilə qədər kitabxanada ədəbiyyatı dərnəyinə rəhbərlik etmişdir. Dərnək məşğələlərində klassik və müasir Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələri təhlil olunur, xüsusilə də məktəb dərsliklərinə düşməyən sənət əsərləri haqqında uşaqlara məlumat verilirdi. Kitabxana işçilərinin köməyi ilə şəhərin bir çox təhsil müəssisələrində tematik ədəbi yığıncaqlar, yazıçı və şairlərlə görüşlər, yenicə çapdan çıxmış kitabların təqdimatı, müzakirəsi və digər tədbirlər onun köməkliyi ilə həyata keçirilirdi. Məşğələlərdə bədii yaradıcılığa maraq göstərən məktəblilərlə ayrıca məşğul olunur, onların yazdıqları şer və hekayələr oxunub müzakirə edilir, yaxşıları təkcə respublika mətbuatı səhifələrində deyil, hətta ayrıca dərc olunmaq üçün tövsiyə edilirdi. Onun sayəsində dərnəyin 3 üzvünün – Həsənli Şəfəqin, Quluzadə Səidənin və Əlizadə Firəngizin kitabları nəşr olunaraq yaşıdları arasında təqdimatı keçirildi və oxucular arasında yayıldı. Kitabxanamız tərəfindən yubilyara hədiyyə olaraq Teyyub Qurbanın “Elə oyna ki...” kitabı 200 nüsxə tirajla çap olunmuşdur. Kitaba müəllifin 1959-1968-ci illərdə “Azərbaycan pioneri” qəzeti, “Pioner”, “Göyərçin” jurnallarında dərc olunmuş uşaqlar üçün yazdığı şeirləri toplanmışdır. Bu kitab maraqlı, ibrətamiz, məzəli keyfiyyətlərlə zəngin uşaq ədəbiyyatı nümunəsidir. Şirin, axıcı bir dillə qələmə alınmış şeirlər məktəbli uşaqlara sinifdən xaric oxu kimi verilə bilər.
Tədbirdə iştirak edən təkcə balaca oxuculara deyil, bütün tədbir iştirakçılarına “Elə oyna ki...” kitabı paylandı.
Zahirə xanım çıxışının sonunda yazıçıya kamınca yaşamaq, yazıb-yaratmaq arzulayaraq F.Köçərlinin “Balalara hədiyyə” kitabını və gül dəstəsini təqdim etdi. Tədbirdə yazıçının “Gündəlikdən sətirlər” kitabında yazılmış kəlamları kitabxana əməkdaşları(C.Ülviyyə və C.Leyla) tərəfindən söylənildi.
Tədbir çərçivəsində Teyyub Qurbanın “Bir kərə yüksələn bayraq” kitabı da iştirakçılara təqdim olundu. Kitaba müəllifin 1990-cı ildən bəri Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi şeirləri, “Bir kərə yüksələn bayraq” adlı dram əsəri və məqalələri daxil edilmişdir.
Yubiley mərasimində çıxış edənlər fədakar ziyalı, tədqiqatçı, tanınmış şair və ictimai xadim Teyyub Qurbanın həyat və yaradıcılıq yolundan bəhs etdilər, ona cansağlığı, yaradıcılıq uğurları arzuladılar.


Tədbirin səkilləri
Bütün xəbərlər