12 dekabr 2014-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında ulu öndərimizin anım günü qeyd olundu. Anım günü ilə əlaqədar kitabxananın oxu zalında “Onu zaman seçib” adlı kitab sərgisi təşkil olunmuşdu. Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova açaraq qeyd etdi ki, bu gün dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür. Müasir Azərbaycanın əsasını qoymuş ulu öndər Heydər Əliyevin adı qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır. Tarix ya böyük hadisələrlə, ya da böyük şəxsiyyətlərlə yadda qalır. Böyük şəxsiyyətlər tarixin təkcə qurucuları deyil, həm də dayaqlarıdır. İllər keçdikdən, öz missiyasını şərəf və ləyaqətlə yerinə yetirdikdən, əzmlə tarixə daxil olduqdan sonra liderin tarixdə rolu daha aydın görünür. Dünyada tarix yaratmaq hər şəxsə nəsib olmur. Bunun üçün dərin zəka, ilahi vergisi olan istedad, şəxsiyyət və ləyaqət, tarixi həqiqət duyğusu və dönməz iradə, siyasi uzaqgörənlik və hadisələri qabaqlamaq bacarığı, insanlığa, millətə və dövlətə məhəbbət bəsləmək kimi ali xüsusiyyətlər tələb olunur. Dünyada bütün bu cəhətləri özündə birləşdirən dahiyanə şəxsiyyətlərdən biri fenomenal lider Heydər Əliyev idi. Dahi rəhbər vaxtilə demişdir: «Nə qədər ki, Azərbaycan var, mən də varam! Mən isə Azərbaycanda həmişə olacağam». O, doğrudan da həmişə bizimlə olacaq. Nağıllarda, dastanlarda, şeirlərdə, nəğmələrdə, çiçəklənən Vətənimizin hər güşəsində onun abidəsi ucalır. Onun ən böyük abidəsi isə xalqın ürəyindədir.
Tədbir iştirakçıları 1 dəqiqəlik sükutla zəmanəmizin ən böyük azərbaycanlısı, böyük şəxsiyyət, ümummilli lider Heydər Əliyevi andılar.
Sonra tədbirdə kitabxananın əməkdaşı Güldanə xanım Dərvişova anım günü ilə əlaqadar yazdığı məruzəsini oxudu. Bildirdi ki, Heydər Əliyevin Azərbaycan, ulu xalqımız üçün etdikləri neçə-neçə kitaba sığmaz. Tarix onu zaman-zaman xatırlayacaq, onun milli sərvətimiz olan irsini hələ yeni-yeni nəsillər öz gözü ilə, öz qəlbi və zəkasının yeni imkanları ilə oxuyacaq. Və hər dəfə onu yenidən dərk edəcəklər. Hər gələn nəsil əmin olacaq ki, həqiqətən də öz xalqının taleyində müstəsna rol oynayan, Vətəninin ağır günündə onun imdadına çatan, müqəddəs quruculuq və xilaskarlıq missiyasını öz üzərinə götürən, keşməkeşli mücadiləsini qələbə ilə başa vuran siyasət dahilərindən biridir. Bu gün tarix onun möhtəşəm əməllərinin təsdiqinə xidmət edir. XX əsrin 90-cı illərində Azərbaycanın keçdiyi çətin, lakin şərəfli yol yalnız ulu öndər Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.
Tədbir iştirakçıları yazıçı, publisist Fəridə Ləmanın ulu öndərə həsr olunmuş “Onu zaman seçib” çarxlı video slaydına tamaşa etdilər.


Tədbirin səkilləri
Bütün xəbərlər