Tədbirin səkilləri
5 dekabr 2014-cü ildə saat 12:00-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi və TİKA-nın Bakı Ofisinin əməkdaşlığı çərçivəsində görmə qabiliyyəti zəif və məhdud uşaqlar üçün kitabxanada Dil kursları və İnformasiya mərkəzinin açılışı oldu. Layihənin rəhbəri Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyinin sədri Nigar Aslanova idi. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, Reklamın təşkili və İnformasiya şöbəsinin müdiri Vaqif Quliyev, Sosial Müdafiə Nazirliyinin əməkdaşı Şəlalə Cəfərova, millət vəkillərindən Məlahət İbrahim qızı, İlham Xanməmmədov, Sevinc Hüseynova, TİKA-nın (Türkiyə İş Birliyi və Koordinasiya Alyansı) Bakı ofisinin təmsilçisi Mustafa Saleh, Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Bəybala İbadullayev, uşaq yazıçısı Gülzar İbrahimova, uşaq ədəbiyyatı tədqiqatçısı Fizuli Ələsgərli, KİV nümayəndələri iştirak edirdi. Gözdən zəif və məhdud uşaqlardan 14 nəfəri valideynləri ilə birgə kursla bağlı tam məlumat əldə etdilər. Onlardan kiçik yaşlıları nağıl otağında digər uşaqlarla birgə səsli nağılları dinlədilər, kitabxana xidmətindən yararlandılar. Sonra isə kitabxananın oxu zalında mətbuat konfransı keçirildi. Konfransı giriş sözü ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova açaraq ilk dəfə olaraq görmə qabiliyyəti zəif və məhdud uşaqlar üçün kitabxanada Dil kursları və informasiya mərkəzinin yaranması və bu pilot layihənin əhəmiyyəti, onun gələcəkdə daha da təkmilləşdirilməsi ilə bağlı məlumat verdi. Qeyd etdi ki, son illər ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanlara dövlət tərəfindən daha çox diqqət artırılıb. Ölkə başçısının imzaladığı sərəncamlar bu təbəqədən olan insanların həyat şəraitinin yaxşılaşmasında və onların cəmiyyətə inteqrasiyasında əhəmiyyətli rol oynayır. Həmçinin, bu insanları öz sıralarında birləşdirən, onların problemlərini işıqlandırıb, həllinə çalışan ictimai təşkilatların da fəaliyyətləri üçün də geniş imkan yaranır. Bunu bu gün açılan bizim mərkəzə də şamil etmək olar. Layihənin məqsədi görmə qüsuru olan uşaqların internet şəbəkəsinə sərbəst çıxışının təmin edilməsi, kitabxana saytlarında elektron kitabların oxunması təcrübəsinin öyrədilməsidir. Layihə çərçivəsində qüsurlu uşaqlar kompyuter texnologiyaları texnikası sahəsində bilgilərə sahib olmaqla kitabxananın imkanlarından digər uşaqlarla eyni vaxtda istifadə etmək hüququna malik olacaqlar. Layihə çərçivəsində 50-yə yaxın gözdən əlil kompyuter kurslarına cəlb ediləcəkdir. Kursda iştirak edən gözdən əlil və zəif uşaqlar səsli proqramlar vasitəsilə onlara lazım olan ədəbiyyatı oxuya biləcəklər. Həmçinin qeyd etdi ki, kompyuterdə proqram təminatı və bütün əmrlər Azərbaycan dilindədir.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Quliyev çıxış etdi və bildirdi ki, BMT-nin “Uşaq hüquqları haqqında” və “Əlillərin hüquqları haqqında” konvensiyaları; “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunu; eləcə də Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrasına dəstək verməkdir. Kitabxanada açılacaq bu mərkəzin fəaliyyətini genişləndirmək məqsədilə onların ən müasir avadanlıqlarla təchiz olunması, brayl şrifti ilə uşaq ədəbiyatının çapı məsələləri də həll olunmalıdır.
Millət vəkili Məlahət İbrahim qızı da öz çıxışında bildirdi ki, həqiqətən də bu layihənin həyata keçməsi ilə görmə qabiliyyətini itirmiş uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasına dəstək vermək, onların sağlam uşaqlarla davamlı ünsiyyətini təşkil edərək cəmiyyətdə mövcud olan stiqmanın aradan qaldırılmasına kömək edəcəkdir.
Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Bəybala İbadullayev öz çıxışında qeyd etdi ki, Azərbaycanda gözdən əlillər üçün cəmi bir kitabxana fəaliyyət göstərir. Kitabxanada 100-150 adda Azərbaycan, bundan bir qədər artıq isə rus dillərində disk və kaset şəklində yazılmış kitablar var. Bu gün F.Köçərli adına Respublika Uşaq Kitabxanasında açılmış informasiya mərkəzi Gözdən Əlil uşaqların istifadə edə biləcəkləri yeni bir məkandır. Bu layihənin həyata keçməsi həmin uşaqların da sağlam uşaqlar kimi informasiya almaq hüququnu reallaşdırdı, uşaqlara dəstək odluğunu göstərdi.
Çıxış edənlər TİKA-nın təmsilçisi Mustafa Saleh, millət vəkilləri, valideynlər F.Köçərli adına Respublika Uşaq Kitabxanasında açılacaq belə gözəl mərkəz üçün lahihə rəhbərinə, kitabxananın əməkdaşlarına öz təşəkkürlərini bildirdilər.
Bütün xəbərlər