1 dekabr 2014-cü ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bilavasitə maliyyə və texniki dəstəyi və TİKA-nın Bakı Ofisinin əməkdaşlığı çərçivəsində görmə qabiliyyəti zəif və məhdud uşaqlar üçün kitabxanada açılacaq Dil kursları və informasiya mərkəzinin yaradılması layihəsi ilə tanışlıq keçirildi. Tədbirə Türkiyənin “Birləşən Ürəklər” ictimai birliyinin sədri Yasemin Meydan, şairə-yazıçı, filologiya elmləri doktoru Fəridə Ləman, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Nəzmiyyə Hicran, “Vətən səsi” qəzetinin müxbiri, yazıçı publisist Tahirə Öztürk iştirak edirdi.
Ilk tanışlıqda kitabxananın direktoru Şəhla Qəmbərova respublikamızda əlillərə göstərilən qayğıdan söz açmış, əlilliyi olan belə uşaqların digər sağlam uşaqlarla eyni zamanda informasiya almaq hüququna malik olduqlarını vurğulamışdır. O, qeyd etmişdir ki, bu məqsədlə respublikamızda bir çox sosial layihələr həyata keçirilir. Bizim kitabxanamızda açılacaq və altı ay ərzində davam edəcək bu layihə çərçivəsində Gözdən Əlil uşaqlar sağlam uşaqlarla birgə kitabxanadan istifadə edəcəklər. Burada onlara dil kursları, kompüterdən istifadə etməklə mətnlərin yazılışı, internetdə saytlardan istifadə kimi təlim dərsləri keçiriləcəkdir.
Tədbirdə qonaqlar da çıxış etdilər, əlil insanlara göstərdikləri qayğıdan danışdırlar və hamı tərəfindən bu işin böyük sevinclə həyata keçməsini arzuladılar.
Türkiyənin “Birləşən Ürəklər” ictimai birliyinin sədri Yasemin Meydan bu təşəbbüsə görə Millət vəkili Məlahət İbrahim qızına, kitabxananın direktoru Şəhla Qəmbərovaya, direktor müavini Zahirə Dadaşova, şair-yazıçı Fəridə Ləmana, Məhdud Sağlamlıq İnkişaf Mərkəzinin sədri Bəybala İbadullayevə, təşəkkür diplomu və medalını təqdim etdi.
Tədbirin sonunda kitabxana kollektivi ilə xatirə şəkilləri çəkildi.


Tədbirin səkilləri
Bütün xəbərlər