1 oktyabr 2014-cü il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1 oktyabr - Beynəlxalq Ahıllar günü münasibəti ilə “Qocalmaq hünər deyil, qocalığa üstün gəlmək hünərdir” adlı tədbir keçirdi.
Tədbirdə kitabxananın fəal oxucuları, onların nənələri, babaları, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri iştirak edirdi. Tədbiri keçirməkdə əsas məqsəd yaşlı nəsildə ruh yüksəkliyi, xoş əhval ruhiyyə yaratmaqla kitabxanada keçirilən tədbirlərə onları dəvət etmək, ailəvi oxu abonementinin işini inkişaf etdirmək idi. Tədbiri giriş sözü ilə kitabxananın direktor müavini Zahirə Dadaşova açaraq qonaqları salamladı və bildirdi ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmişdir və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Sonra tədbir kitabxananın psixoloqu Aynur Şahvələdova tərəfindən maraqlı müzakirələrlə davam etdi. Belə ki, “Siz özününzü ahıl sayırsınızmı?”, “Kimlər ahıl sayılır?”, “Ahıllıqla necə mübarizə aparmaq olar?”, “İndiki yaşınızdan və həyatınızdan razısınızmı?” və s. təlimatlandırıcı suallar əsasında hazırlanan müzakirələr tədbirdə iştirak edən bütün yaş qruplarının marağına səbəb oldu. Daha sonra yaşlı nəslin öz vaxtlarını necə əyləncəli keçirdikləri barədə maraqlı video slayd göstərildi.
Kitabxananın fəal oxucuları öz nənə və babalarına təbriklərini şeir, musiqi, rəqs formasında çatdıraraq onları təbrik etdilər. “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı və birliyin üzvləri də təbrikə qoşuldular.
Sonda kitabxananın İncəsənət və Kütləvi İşlər şöbəsinin əməkdaşları tərəfindən hazırlanan təbrik açıqcaları qonaqlara təqdim olundu.


Tədbirin səkilləri
Bütün xəbərlər