F.Köçərli adına Respublika Uşaq Kitabxanası 30 sentyabr 2014-cü il saat 14:30-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə Beynəlxalq Uşaq Kitabı Şurasının 34-cü konqresində iştirakı ilə əlaqədar “İBBY-də ilk addımlarımız” adlı dəyirmi masa keçirdi. Dəyirmi masada uşaq yazıçı və şairlərindən Ələmdar Quluzadə, Gülzar İbrahimova, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Qəşəm İsabəyli, Şərq-Qərb Nəşriyyat Evinin rəssamı Tağıyeva Məziyə və kitabxananın əməkdaşları iştirak edirdi.
Tədbiri keçirməkdə əsas məqsəd Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının konqres materialları ilə uşaq ədəbiyyatı sahəsində çalışanları tanış etmək, müasir dünya uşaq ədəbiyyatında hansı meyarların üstün olması ilə bağlı onları maarifləndirmək idi.
Tədbirin açılışında tədbir iştirakçıları “İBBY-nin Azərbaycan bölməsi” çarxlı foto slaydlara baxdı. Sonra kitabxananın direktoru Şəhla Qəmbərova qonaqları və tədbir iştirakçılarını salamlayaraq onlara Beynəlxalq Uşaq Kitabı Şurasının Meksikanın paytaxtı Mexiko şəhərində keçirilən konqres haqqında geniş məlumat verərək bildirdi ki, F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən mötəbər bir təşkilatın- Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Atrıq iki ildir ki, həmin təşkilatla sıx əlaqə saxlayır, keçirilən sərgilərdə iştirak edirik. Təşkilata üzv olmaqda əsas məqsədimiz Azərbaycanda uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, Beynəlxalq Uşaq Ədəbiyyatı Şurası vasitəsilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri tətbiq etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir. Konqresdə uşaq yazıçımız Qəşəm İsabəyliyə “Cin” uşaq əsərinə və nəşriyyat olaraq “Şirvannəşr”ə sertifikat, Sevinc Nuruqızına isə diplom verildi. Həmin diplom və sertifikatı Şəhla Qəmbərova yazıçılara təntənəli şəkildə təqdim etdi. Sonra elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova da öz təəssuratlarını tədbir iştirakçıları ilə bölüşdü və bildirdi ki, Təşkilatın Milli Bölmələri tərəfindən sərgi stendi hazırlanmışdı. Bizim də tərtib etdiyimiz sərgi qonaqlar tərəfindən çox maraqla qarşılandı. Beynəlxalq Uşaq Kitabı Şurasının Azərbaycan Milli bölməsinin Andersen qızıl medalına verdiyi namizəd- Sevinc Nuruqızı haqqında olan məlumatlar və kitablar nominantlar sərgisində açıqlanmışdı.
Konqresdə 2012-ci il qızıl medalının mükafatçısı Argentina uşaq yazıçısı Andruanetta çıxışında bildirdi ki, həqiqətən bu ilki konqresin mövzusu çox gözəldir: Hər kəs hamı üçün. Bu hər kəs kimdir, əlbəttə ki, dünyanın hər hansı bir nöqtəsində yaşamasına baxmayaraq hər bir anda hər şeyi görür, duyur və öz köməkliyini əsirgəmir. Ən əsası odur ki, ədəbiyyatlar bizi birləşdirir, əsil insan olmağa dəvət edir.
Dəyirmi masa iştirakçıları dünya uşaq ədəbiyyatı nümunələri əsasında tərtib olunmuş geniş sərgi ilə tanış oldular. Çıxışlardan sonra müasir uşaq ədəbiyyatının inkişafı istiqamətində təkliflər qəbul olundu. Tədbir iştirakçıları həmçinin kitabxananın elmi metodika şöbəsi tərəfindən hazırlanmış rəy sorğusunda da iştirak etdilər.


Tədbirin səkilləri
Bütün xəbərlər