Tədbirin səkilləri
F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən mötəbər bir təşkilatın- Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Atrıq iki ildir ki, həmin təşkilatla sıx əlaqə saxlayır, keçirilən sərgilərdə iştirak edirik. Təşkilata üzv olmaqda əsas məqsədimiz Azərbaycanda uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, Beynəlxalq Uşaq Ədəbiyyatı Şurası vasitəsilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri tətbiq etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onları dünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir.
Təşkilatın iki ildən bir konqresi keçirilir. Bu il isə Meksikanın paytaxtı Mexiko şəhərində 10-13 sentyabr tarixində Beynəlxalq Uşaq Kitabı Şurasının 34-cü konqresi oldu. Konqresdə 64 dünya ölkələrindən uşaq ədəbiyyatı sahəsində çalışan 900-dən çox nümayəndə iştirak edirdi. Azərbaycan Milli bölməsindən olan nümayəndə heyəti 3 nəfərdən ibarət idi: F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova və uşaq yazıçısı, “Sehrli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimova.
Onu da qeyd etmək istərdik ki, bu il Andersen medalına Azərbaycan uşaq yazıçısı Sevinc Nuruqızının namizədliyi verilmişdi. Onun 3 kitabı təqdim olunmuşdu: “Ağca və Cubbulu”, “Paltar dolabında gizlənqaç”, “Ciya ilə iki gün”.
26 mart 2014-cü ildə Baloniya Uşaq Kitabı Sərgi Yarmarkasında Andersen Qızıl medalına layiq görülən uşaq yazıçısı- Yaponiyadan Nahoko Uehaşi, uşaq rəssamı- Braziliyadan Rocer Mello oldu.
Təşkilatın Milli Bölmələri tərəfindən sərgi stendi hazırlanmışdı. Biz də öz sərgimizi hazırladıq. Bu sərgilər qonaqlar tərəfindən çox maraqla qarşılandı. Beynəlxalq Uşaq Kitabı Şurası Azərbaycan Milli bölməsinin Andersen qızıl medalına verdiyi namizəd- uşaqların sevimli yazıçısı Sevinc Nuruqızı haqqında olan məlumatlar və kitablar nominantlar sərgisində açıqlanmışdı.
Konqresin açılışı Mexikonun böyük bir kitabxanasının salonunda keçirildi. Mədəniyyət naziri çıxış edərək uşaq ədəbiyyatının problemləri ilə yanaşı, mütaliəyə uşaqların cəlb olunması ilə bağlı bir sıra məsələlərdən danışdı, həmçinin bütün dövlətlərin İBBYmilli bölmələrini münaqişə zonasında yaşayan uşaqlara kitabla köməyə çağırdı, xüsusilə Qəzza bölgəsində yaşayan uşaqlar üçün yaranmış fondu dəstəkləyən sponsorlara öz minnətdarlığını bildirdi.
Konqresin açılış gecəsinin sonunda H.X.Andersen Qızıl medal laureatlarına diplom və qızıl medalın təqdimatı keçirildi. Hər iki qalib uşaq ədəbiyyatına olan sevgilərindən söhbət açmaqla uşaq qəlbini fəth etmələrindən danışdılar.
Konqresin digər günlərində oturumlarda iştirak etdik. İngiltərə uşaq yazıçısı Devid Almondun çıxışına qulaq asdıq. O çıxışında bildirdi ki, Fələstində kitabxanalar münaqişə nəticəsində dağıdılır, Nyukasle, digər İngiltərinin yerlərində kitabxanalar bağlanır, səbəb maliyyə vəsaitinin olmamasıdır. Əlbəttə ki, acınacaqlı haldır. Halbuki milyonlarla pullar dünyanı məhv etmək üçün silahlara xərclənir.
Məhz bu cəhətdən də təşkilatın qurultayı bir daha onu sübut etdi ki, dünyanı kitab, mütaliə, incəsənət gözəlləşdirir. O insanlar ki, bunu başa düşmür, onlar darıxdırıcıdırlar, çünki başa düşmürlər ki, biz nağıllar aləmində yaşayırıq, ona görə də bizim üçün həyat maraqlıdır.
Konqresin üçüncü günü 33-cü konqresin qalibi, qızıl medal mükafatının laureatı esse, hekayə, fantastik əsərlərin müəllifi Mariya Andruettonun çıxışı ilə başladı. Onu da qeyd etmək istərdim ki, 2012-ci il qızıl medalının mükafatçısı Argentinadandır. O çıxışında bildirdi ki, həqiqətən bu ilki konqresin mövzusu çox gözəldir: Hər kəs hamı üçün. Bu hər kəs kimdir, əlbəttə ki, dünyanın hər hansı bir nöqtəsində yaşamasına baxmayaraq hər bir anda hər şeyi görür, duyur və öz köməkliyini əsirgəmir. Ən əsası odur ki, ədəbiyyatlar bizi birləşdirir, əsil insan olmağa dəvət edir.
Günün ikinci yarısında keçirilən plenar sessiyalar uşaq ədəbiyyatı sahəsində nəşriyyat işinə həsr olunmuşdu. Əlbəttə ki, hər bir kitabı çap olunanda mütləq onun arxasında dayanan oxucu nəzərə alınmalıdır. Hər bir naşir öz kataloquna baxmalı, daha nələrin çap olunmasında maraqlı olmalıdırlar.
Konqresin axırıncı günü Papalote Muzeyində olduq. Asahi qəzetinin qaliblərinin təqdimat mərasimi muzeyin açıq havada yerləşən salonunda keçirildi. Həmçinin Mexiko klassik musiqisindən ibarət konsertdə olduq. Konsertdə Fələstinli qızın – Malalanın məktəbə getməsinə görə faciəli şəkildə ölməsi ilə bağlı simfonik uşaq xoru bütün dünya ictimaiyyətinə bir çağırış etdi. Uşaq hüquqlarının qorunması ilə bağlı demək olar ki, Mexikonun bütün bölgələrindən olan uşaqlar öz milli geyimlərində xorda iştirak edirdilər.
Nəhayət Konqresin sonu yaxınlaşdı. Frans Mayer Muzeyində BUKŞ -nin yeni prezidenti Uolli de Donkler çıxış etdi, və bildirdi ki, hər bir uşağın oxumaq hüququ var. Konqresin sonunda anket sorğusunda biz öz rəy və təkliflərimizi bildirdik. Uşaq yazıçımız Qəşəm İsabəyliyə “Cin” uşaq əsərinə və nəşriyyat olaraq “Şirvannəşr”ə sertifikat, Sevinc Nuruqızına isə diplom verildi. Həmçinin konqres iştirakçılarına sertifikatlar təqdim edildi.
Baş Assambleyanın Komitəyə yeni üzvlərin seçilməsi ilə bağlı açıq və qapalı seçkilərdə iştirak etdik.
Biz Mexikoda Azərbaycan səfirliyində olduq. Səfirliyin Mexikoda gördüyü işlərinə həqiqətən heyran qaldıq. Mexikoda, okeanın o tayında Xocalı abidəsinin önündə durmaqla o acıları yenidən yaşadıq. Mexiko-Azərbaycan Dostluq Parkında Azərbaycan Xəritəsinin büstü, Bakının monumental Daş abidəsi bizdə böyük fərəh doğurdu, azərbaycanlı olmağımızla qurur, fərəh hissi keçirdik. Kitabxananın direktoru Şəhla xanım Qəmbərova F.Köçərlinin 150 illik yubiliyi münasibətilə dərc olunmuş “Balalara hədiyyə” kitabını, digər Azərbaycanla bağlı nəfis tərtibatlı kitabları səfirliyə hədiyyə etdi.
15 sentyabr Meksikanın müstəqilliyi günündə biz vətənə döndük.
Bütün xəbərlər