23 aprel 2008-ci ildə  Mikayıl Müşfiqin anadan olmasının 100 illiyi münasibətilə Xətai rayonundakı 265 saylı məktəbin yuxarı sinif şagirləri ilə “Səni kim unudar” adlı ədəbi bədii gecə keçirildi. Tədbirdə Mikayıl Müşfiq yaradıcılığında xəlqilik, humanizm əsas aparıcı xətt olduğundan onun poeziyası novatorluğu ilə bir daha seçildi. Yaradıcılığına məxsus olan coşğun hiss, həyəcan, Müşfiqin gələcək arzusu ilə qanadlanan xəyalları, romantik  vüsəti oxucuların söylədikləri seirlərdə özünü göstərdi.

“Gözəllik şairi” başlıqlı kitab sərgisi  tədbir iştirakçılarının diqqətini cəlb etdi. Sərgidə kitablardan başqa, dövri mətbuatda dərc olunmuş qəzet və jurnal məqalələrinin foto-surətindən istifadə edilmuşdu. Həmçinin sərgidə qoyulmuş kitabxanaçının oxucuya müraciəti  sərgini daha da mənalı etdi:

“Oxucu! Sən Müşfiqin şeirlərini oxumamış deyilsən! Mənən, ruhən dincəlmək, həyatı və insanları saf duyğularla müşahidə etmək istəyirsənsə onun əsərlərini bir də vərəqlə, bir də oxu! O zaman sən gah poeziyanın ehtiraslar fırtınasına düşəcək, gah bəstəkar küləklərin nəğməsini dinləyəcək, gah aydın günəş işığında isinəcək, gah xəzan fəslinin yarpaqlarının seyrinə dalacaq, gah şirin xatirələrin cığırına düşəcəksən...Bir sözlə həyata Müşfiq gözü ilə baxacaq, insanlara Müşfiq ürəyi ilə bağlananacaqsan.”

Gecədə M.Müşfiqin sözlərinə bəstələnmiş mahnılar ifa olundu, şeirlər söyləndi.

M.Müşfiq haqqında söylənilmiş fikirləri tədbir iştirakçıları maraqla oxudular:

Müşfiq deyərkən, yadımıza təzə cücərən ot, təzə açılan qönçə gəlir. O, həmişə də xatirələrdə belə qalacaqdır. Şairin nə özü, nə də əsərləri qocalacaq.
Mirvari Dilbazi

Müşfiqin poemaları, nəğmələri, şairin həssas lirik nəfəsi, odlu-atəşli ürəyi öz doğma xalqı üçün hər
yerdə, harada olursa-olsun dayanmaq bilmədən çırpınırdı.
Süleyman Rəhimov


Müşfiq böyük istedad idi. On bir ildə o nə qədər gözəl şer nümunələri yaratmışdır! Onda rahatlıq bilmədən həyat eşqi ilə, sənət eşqi ilə daim çırpınan bir ürək var idi.
Mirzə İbrahimov

Müşfiq doğrudan da gözəl insan, gözəl dost, gözəl şair idi.
Süleyman Rüstəm

Sən Vətən oğlu, xalq şairisən! Xalq, Vətən səni unutmaz.
Rəsul Rza

Bütün xəbərlər