“M.Müşfiq - 100” kitabxanada keçiriləcək yubiley tədbirləri


  Kitabxanalarda ilk növbədə “Elə könül verən şair”, “Müşfiq sənətinin işığı”, “Sevgim mübarizə - sevgilim həyat”, “Həyat aşiqi”, “Gözəllik şairi”
və s. kimi başlıqlı kitab sərgiləri tərtib olunmalıdır. Sərgidə dövri mətbuatda dərc olunmuş qəzet və jurnal məqalələrinin foto-surətindən də istifadə etmək olar. Həmçinin sərginin daha dolğun görünməsi və bədii tərtibat cəhətdən diqqəti cəlb etməsi məqsədilə onun şeirlərindən parçaları, görkəmli adamların şair haqqında deyilmiş sitatları vermək olar. Sərgidə kitabxanaçının oxucuya müraciəti asılsa sərgini daha da mənalı edər:
“Oxucu! Sən Müşfiqin şeirlərini oxumamış deyilsən! Mənən, ruhən dincəlmək, həyatı və insanları saf duyğularla müşahidə etmək istəyirsənsə onun əsərlərini bir də vərəqlə, bir də oxu! O zaman sən gah poeziyanın ehtiraslar fırtınasına düşəcək, gah bəstəkar küləklərin nəğməsini dinləyəcək, gah aydın günəş işığında isinəcək, gah xəzan fəslinin yarpaqlarının seyrinə dalacaq, gah şirin xatirələrin cığırına düşəcəksən...Bir sözlə həyata Müşfiq gözü ilə baxacaq, insanlara Müşfiq ürəyi ilə bağlananacaqsan.”
Sitatlar:
Müşfiq deyərkən, yadımıza təzə cücərən ot, təzə açılan qönçə gəlir. O, həmişə də xatirələrdə belə qalacaqdır. Şairin nə özü, nə də əsərləri qocalacaq.
Mirvari Dilbazi
Müşfiqin poemaları, nəğmələri, şairin həssas lirik nəfəsi, odlu-atəşli ürəyi öz doğma xalqı üçün hər yerdə, harada olursa-olsun dayanmaq bilmədən çırpınırdı.
Süleyman Rəhimov
Müşfiq böyük istedad idi. On bir ildə o nə qədər gözəl şer nümunələri yaratmışdır! Onda rahatlıq bilmədən həyat eşqi ilə, sənət eşqi ilə daim çırpınan bir ürək var idi.
Mirzə İbrahimov
Müşfiq doğrudan da gözəl insan, gözəl dost, gözəl şair idi.
Süleyman Rüstəm
Sən Vətən oğlu, xalq şairisən, Xalq, Vətən səni unutmaz.
Rəsul Rza
M.Müşfiq uşaqların böyük dostu idi. Gənc oxucuları üçün “Bir may”, “Pambıq”, “Məktəbli şərqisi”, “Zəhra üçün” şeirlər, “Vuruşmalar”, “Qaya” kimi poemalar, “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” kimi mənzum nağıllar yazmışdır. Kiçik yaşlı oxucularla şairin mənzum nağılları əsasında səhərciklər hazırlamaq olar.
Kitabxanada  orta yaş qrup oxucularla “Sındırılan saz” poemasının icmalını keçirmək olar. Poemanın qəhrəmanı Aşıq Duman qoşduğu nəğmələri, çaldığı havaları ilə kəndlilərin hörmətini qazanmışdır. Ancaq kəndin mollası Nəcəf bundan narahat olduğundan Dumanı inandırmağa çalışır ki, onun mahnıları allahın xoşuna getməz. Əgər Duman allah bəndəsi olmaq istəyirsə, o gərək sazını sındırsın, mahnılarını unutsun və şəriətə riayət etsin. Allah onsuz da onu cəzalandırıb: sevgilisi Sərin ölüb və bu, ona görə baş vermişdir ki, Duman şəriət qaydalarına tabe olmayıb. Sevgilisinin ölümündən sarsılan Duman sazını daşlara çırpıb sındırır. Kənddən baş götürüb Naftalan mədənlərinə işləməyə gedir.Onunla işləyən fəhlələr vaxt keçdikdən sonra Dumanın başına gələnləri bilib ona yeni saz alırlar.
Uşaq poemalarından biri də “Qaya”dır(Azərnəşr, 1935, redaktoru A.Şaiqdir). Burada heç bir faydalı işlə məşğul olmayan və səfil həyat sürən uşaqlardan bəhs edilir.                  
Orta yaş qrup oxucularla şairin kitablarının icmalından başqa,  şerləri və poemalarından parçalarla şer müsabiqəsi də keçirmək olar.
Böyük yaş qrup oxucularla inşa və şairin şeir və poemaları əsasında rəsm  müsabiqəsi də keçirilə bilər. Bu məqsədlə kitabxananın girəcəyində keçiriləcək müsabiqənin elanı asılır. Orada tədbirin keçirilməsi ilə bağlı bütün şərtlər göstərilir. Müsabiqədə iştirak edən oxucular bir daha repressiya qurbanı olmuş söz-sənət ustalarının yaradıcılığını dərindən öyrənməklə öz inşa yazıları  və rəsmləri ilə nakam soydaşımıza öz fikirlərini bildirmiş olurlar. Müsabiqədə fərqlənənlər mükafatlandırılmaqla yanaşı tədbirlə bağlı məlumatlar uşaq qəzetlərində, radio verilişlərində verilsə daha yaxşı olar.
Böyük yaşlı oxucularla  M.Müşfiqin anadan olduğu Xızı rayonunun Sayadlar kəndində yerləşən ocağıan ekskursiya etmək olar. Ekskursiyada olarkən kitabxanaçı oxuculara belə məlumat verə bilər: “ Gördüyünüz kimi Xızı rayonuna dönən yerdə dağların arasında, yamaclardan keçən bu yolun 16-cı kilometrliyində Sayadlı kəndində Müşfiq ocağı salınmışdır. Burada tarixlərin yadigarı üç qovaq ağacı ucalır. Bu ağacların kölgəsi baharda, bir də payızda gur sulu Rükara çayında oynaşır. Az adam bilir ki, bu ağacları Müşfiq əkib. İndi həmin ağacların ətrafında rəmzi də olsa məzar-abidə qoyulmuşdur. Burdan keçən yolçular ayaq saxlayır, nakam şairin xatirəsini yad edirlər. Hər il şairin yubileyinə yığışan sizin kimi məktəblilər çaydan su daşıyıb ağacları suvarır, yeni ağaclar əkirlər.
Qoy pöhrələnsin! Həyatdan vaxtsız getmiş şairin özü kimi kövrək fidanlar Müşfiqin özünə, onun alovlu poeziyasına layiq olacaq, Müşfiq ocağını yada salacaq. Hüseyn Cavid demişkən Müşfiq od idi, alov idi. Bu odu, alovu cismən bizdən alsalar da, onun mənən şölələnməyə haqqı var.”
Oxucular M.Müşfiq ocağında onun şeirlərindən söyləməklə nakam şairimizin ruhunu şad etmiş olarlar.     
M.Müşfiq irsinin toplanmasında, çap edilməsində sevimli yazıçı və alimimiz Gülhüseyn Hüseynoğlunun fəaliyyəti təqdirə layiqdir. Onun şairə həsr edilmiş monoqrafiya və dissertasiya işləri bundan xəbər verir. Bu məqsədlə də yazıçı Gülhüseyn Hüseynoğlu ilə görüş keçirmək daha maraqlı olar. G.Hüseynoğlu şairin həyat və yaradıcılığından arxiv materialları əsasında söz açmaqla oxucularını məlumatlandırar.


II Böımə:
“Səni kim unudar...” »
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı »

<< “Səni kim unudar”
<< Bütün metodik vəsaitlər