(Səhnənin divarlarından Gülbəniz Əzimzadənin “Ay qız”, “Oxu, tar”,“Ana” şerinə çəkdiyi ullüstrasiyalar asılır. Zalda kitablar və uşaqların şairin əsərlərinə çəkdiyi rəsmlərdən ibarət sərgilər təşkil olunur. Səhnənin qarşısında şamlar yanır. 2 nəfər aparıcı səhnəyə sakit addımlarla daxil olur. Tədbiri giriş sözlə kütəvi işlər üzrə kitabxanaçı başlaya bilər)
Giriş sözü: Ah mən gün-gündən bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim? - şeirinin misralarından tutaraq nakam
şairimiz Mikayıl Müşfiqin söz dünyasına baş vurmaq, yarımçıq
ömrünün arzuları ilə tanış olmaq arzusu ilə məktəbimizin müəllim və
şagird kollektivini, F.Köçərli adına Respublika uşaq kitabxanasının
əməkdaşlarını və digər bura yığışanları Müşfiq dünyası doğrudan da öz
qoynuna aldı. Bildiyimiz kimi, ötən il ölkə Prezidenti İlham Əliyev
cənabları XX əsr Azərbaycan poeziyasının qüdrətli qələm sahiblərindən olan Mikayıl Müşfiqin 100 illik yubiley tədbirinin 2008-ci ildən başlayaraq, təntənəli şəkildə respublika miqyasında qeyd olunması haqqında sərəncam imzalamışdır. Bu sərəncam ölkə rəhbərinin Azərbaycan ədəbiyyatına və onun görkəmli şəxsiyyətlərinə olan dərin məhəbbət hissindən doğan bir addımdır. Azərbaycan poeziyasının söz sahibi olan Mikayıl Müşfiq qısa bir ömür yaşasa da, sovet imperiyasının tüğyan etdiyi bir zamanda qələminin gücünü, eləcə də, dərin təfəkkürünü dərk edərək, bir-birindən fərqlənən mövzuda şeir nümunələri yaratmışdır ki, bunların hər birində də şairin sənətə, həyata, cəmiyyətə olan saf təmiz münasibəti və ideyaları öz əksini tapmışdır.
İndi isə məktəbimizin şagirdlərinin hazırladıqları bədii kompozisiyaya tamaşa edək.
I aparıcı: Aylı gecələrdə incilər xəzinəsi asimana baxın...Ulduzları seyr edin... Yaxın görünən uzaq ulduzlar...Ulduz var ki, onu yerə düşürsələr, asiman yaraşıqdan düşməz, ulduz da var ki, göylərin əlindən alınsa, göylər əliuzalı qalar.
Azərbaycan şeir fəzasının belə nadir ulduzlarından biri də Mikayıl Müşfiqdir. Onu üfiqlərdən yerə endirmək olmaz. O qədər yüksəkdir ki! Onun şəfəqlərini duman tuta bilməz. O qədər parlaqdır ki! Bu parlaqlığa könül verməmək mümkünmü?! O qədər sevimlidir ki! Bu sevimliliyə ülvilik deyərlər. O qədər şairanədir ki! Bunlar Müşfiq mənəviyyatını yaşadan Müşfiq incəlikləridir. Bu incəliklər rənglərlə örtülən şəfəqlər, şüalarda saxlanan ahəngdir. Bu incəliklər getdikcə daha da təravətlənəcək, qiymətlənəcəkdir. Çünki bunlar ən gözəl, ən doğru sənət nümunələridir. Bir şeir təşnəsi Müşfiq çeşməsindən daddıqca, susuzluğu yatar, susuzluğu yatdıqca susayar. O şeir təşnəsini susadan onun şeirlərindəki duzluluqdur. Bu duzda da bir şirinlik, bu şirinlikdə də bir duz var.
Müşfiq incəliklərini görmək üçün onun şerlərini dindirmək lazımdır.
II aparıcı: Biz insanıq. Yer üzünə niyə gəldiyimizi isə bilmirik. Elə bu müəmma içində sevirik də, sevilirik də, min cür əzaba, faciəyə qatlaşırıq. Ara-sıra acılara dözməyib kövrələndə içimizi göz yaşlarıyla boşaldırıq. Unuduluruq da, unuduruq da. Fəqət hərdən taleyimizdə elə anlar və elə adamlar olur ki, onları unutmaq sadəcə mümkün olmur...Bu hiss bizdən dəfələrlə güclü, dəfələrlə qüdrətlidir. Həm də nə yaxşı ki, güclü və qüdrətlidi...
Həyat dedikləri bu kəşməkeşdən,
Qəlbimdə, qaynımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?...
I aparıcı: Müşfiq sözünün mənası mehriban, mərhəmətli, ürəyi yumşaq, şəfqətli
deməkdir. Bu söz Mikayıl Mirzə Əbdülqadir oğlu Müşfiqə, onun cilalı,
sevimli yaradıcılığına necə də yaraşır!
II ararıcı: “ Sənətdə yer gücü, göy gücü vardır!” deyən Müşfiq öz alovlu ilhamı və
kəsərli qələmi ilə bu qüdrəti, bu gücü nümayiş etdirdi.
I aparıcı: Siz yaşıl dağlar qoynunda özünə məskən salmış füsünkar Göy gölün, “cocuq ruhu qədər şən Göy gölün elə vaxtını deyirəm ki, günəş öz qızılı saçlarını onun səma rəngli suyunda çimizdirmiş olsun... Bəli, bu vaxt elə bil kimsə qulağınıza pıçıldayacaqdır:
Günəşin nuru toxunduqca ona,
Bir alov hizməsi qonduqca ona,
Gözlərindən saçılır almaslar,
Silinir qəlbini tutmuş paslar...
Bir tərəfdən onu sarmış qayalar;
Qayalar Göy gölü burnilə yalar
Göylərin sanki bu Göy göl dibidir,
Halqa üstündəki zümrüd kibidir.
(Tarda “Bayatı şiraz” təsnifi çalınır.)
I aparıcı: Tar çalınır, tarzənin barmaqları sanki sarı telləri deyil , ürəyimizin tellərini dilləndirir...Səslər...Səslər....Səslərdə nə böyük ahəng var. Tellərin yaratdığı bu səslər adamı gah qaldırır, gah endirir, adamı haralardan-haralara aparmır bu səslər?!..Haralardan haralara?!..Bax elə bu zaman bir şerin, məşhur bir şerin “Tar” şeirinin misraları yada düşür.
II aparıcı: O dövrdə bu ruhda şeir yazmaq şairdən böyük cəsarət istəyirdi. Bu elə bir dövr idi ki, yenilik şüarı altında milli musiqi alətlərimiz gözdən salınırdı. Bu o dövr idi ki, sazın sındırılması, tarın ortadan götürülməsi təklifləri irəli sürülürdü. Böyük istedada və böyük ürəyə malik Mikayıl Müşfiq isə milli mədəniyyətə bütün varlığıyla bağlı idi. Tar hətta konservatoriyada tədrisdən çıxarılırdı. O vaxtkı mətbuatda bəzi şairlər quruluşun çaldığına çox məmnuniyyətlə oynayaraq yazırdılar:
Kəs səsini, ötmə dedim,
Ötmə dedim, ötmə tar!
İstəməyir proletar,
Səndə çalınsın "Qatar".
Bu cür hayqırtının qarşısında Mikayıl Müşfiq cəsarətlə, uzaqgörənliklə "Tar" şerini yazdı. Onun “Sındırılan saz” poeması, “Oxu, tar” şeiri məhz milli musiqi alətlərini böyük cəsarətlə müdafiəsinə qalxdığı gözəl sənət incilərindəndir.
(Səhnədə oxucu həzin musiqi altında “Oxu, tar” şeirini
söyləyir)
I oxucu:
Oxu, tar, oxu tar!…
Səsindən ən lətif şerlər dinləyim,
Oxu tar, bir qadar,
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu tar!
Səni kim unudar?
Ey geniş kütlənin acısı, şərbəti,
Alovlu sənəti!
Gözləri qibləyə açılan hasarlı binalar,
Dinləmiş əzəldən səsini.
Papaqlı atalar, çadralı analar,
Ötürmüş sayəndə köksünü:
Düşmüşlər gah şirin, gah acı toruna,
Sevinə-sevinə, qoruna-qoruna.
Çarparaq Çargahın divardan divara,
Yolçunu yolundan eyləmiş avara.
Çalxalanmış dərələr, təpələr,
Səs vermiş səsinə ləpələr.
Oxu tar! Fikrimdə oyansın,
Baharın, Seyidin qəzəli;
Oxu, tar, ruhlansın
Şirvanın, Gəncənin mehriban gözəli!
Damağdan düşənlər,
Ürəyi şişənlər,
İlkbahar seyrinə çıxmayan,
Özünü dağların döşünə yıxmayan
Sinəsi dağlılar,
Vəfasız bir eşqin dağınıq zülfünə bağlılar,
Dəxilin olmuşlar,
Qapında təsəlli bulmuşlar.
Zilin var, vəsətin, bəmin var;
Sənin də quşların dəmindən ayrılan
Bir özgə dəmin var.
Səni də avara eyləmiş
Dağınıq telli bir “zərəfşan”.
Onunçün Segahın danışır,
Pərişan, pərişan.
Səsini dinləmiş
Şahların, xanların sarayı;
Səninlə birlikdə inləmiş
Əsirlər alayı.
Bə’zən də simlərin qəmləri ovudar,
Olardın onların sirdaşı
Sən ey tar!…
Gülləri əməkçi barmaqlar qanından
Rəng alan xalçalar,
Xalçalar üstündə uzanmış
Dodağı qönçələr,
“- Hey, saqi, mədət qıl, soyudu şərabın,
İncitmə könlünü bu xanexərabın!”
Söyləyən tox sözlü şairlər,
Həvəsdən doymayan ac gözlü şairlər:
Nədimlər, Vaqiflər,
Gözəllik sirrinə vaqiflər
Hep səni dinləmiş;
Oxumuş, inləmiş.
İndi də bizimçin oxu, tar!
Səni kim unudar?
Sən qulluq etmədin məscidə, axunda,
Çalışdın, həyatı sevməyin uğrunda.
Çoxları üzünə durdular,
Könlünü qırdılar.
Nə deyim o yekəbaşlara?!
Çaldılar ruhunu daşlara.
Üstündən bir qara yel kimi əsdilər,
Səsini kəsdilər,
Daşlandı çəkənlər nazını,
Böyləcə qırdılar aşığın sazını.
Sən xalqa “gül!” dedin.
“Ey qüssə, öl!” dedin.
Başladı məsciddə mərsiyə.
Sarıqlı çıxınca ərsəyə
Qüssəmiz ölmədi,
Xalqımız gülmədi.
Ağladıq daima, ağladıq,
Ey qədim aşina, ağladıq,
Oxu, tar! Dəyişdi zamana,
Bax indi radio səsini
dağıdır cahana.
Ey tarçı, çal, oxu!
Könlümü al, oxu!
Vur sazı döşünə, ey aşıq!
Qalmamış nə əba, nə qaba, nə sarıq.
Oxu ,tar! Alovlu izlərin
Əcəba, neçə sıx dilbərin
Yasəmən üzünü pul kimi qızartmış?
O sarı simlərin lisanı
Salmazmı heyrətə insanı?
Oxu, tar! Mən səndə
İstənən havanı çala da bilərəm.
Mən səndən bu günün zövqünü
ala da bilərəm.
Sən bu gün silahsan əlimdə,
Səni mən hansı bir hədəfə
İstəsəm, çevirə bilərəm.
Qəlblərdə gizlənən keçmişi
Bir yeni nəğmənin əliylə
Devirə bilərəm!
Oxu, tar!
Fabrikdə, zavodda,
Traktor başında.
Bu saat qarşında
Nə qədər adam var!
Utanma, oxu, tar!
Mədənli Bakımın
Pambıqlı Gəncəmin,
İpəkli Şəkimin
Acısı, şərbəti
Alovlu sənəti.
Oxu, tar, oxu, tar!…
Səsindən ən lətif şerlər dinləyim.
Oxu, tar, bir qadar!…
Nəğməni su kimi alışan ruhuma çiləyim.
Oxu, tar!
Səni kim unudar?
Ey geniş kütləmin şirini, şərbəti,
Alovlu sənəti!..
I aparıcı: Qarabağ! Azərbaycanın dilbər guşəsi. Bu yerləri xatırlayanda deyin Müşfiq yada düşmürmü? Müşfiqin narahat ruhu Qarabagda gəzmirmi?
II oxucu: O yan dərə bu yan dərə,
Hər yamacda bir mənzərə,
Nə aləmdir bu Qarabağ!
Göy üzündə şən buludlar,
Yer üzündə məxmər otlar,
Bu günəşli səhraya bax!
Hər yan dağdır, hər yan meşə,
Novruzgülü, mor bənövşə,
Bülbülllərə, güllərə bax!..
Nə aləmdir bu Qarabağ!
II aparıcı: Bakı bağlarında, qumlu sahillərdə dincələn, seyrə çıxan, gəzişən insanlar, gah dalğalı, gah ütülü Xəzərin köpüklü, köpüksüz sularında sevgilisinə baş vuran, sevib-sevilən insanlar, özünüz deyin, belə anlarda, dəqiqələrdə hər birimizin yadına “Yenə o bağ olaydı” şeri düşmürmü?
(Həzin musiqi səslənir)
III oxucu: Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?
Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!
Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.
Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!
Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şe’rə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bə’zən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!
Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.
Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim.
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, höyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır,
Dünya dad alacaqdır.
Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
II aparıcı: Həyata bağlılıq, həyatın nemətlərindən zövq almaq, sevib-sevilmək,
yaşayıb-yaratmaq himni kimi səslənən “Həyat sevgisi” şerini gəlin
dinləyək:
I oxucu:
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əllləşən
Dostdan, aşinadan necə əl çəkim?
Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi,
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?
II oxucu: Təbiət varlıdır, təbiət xəsis,
İşlədərkən onu, sən ey mühəndis,
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
III oxucu: Qarşımda dalğalı dərin bir ümman,
Ümmanı sarsıdır bir acı tufan,
Bəyaz köpükləri bir çiçək yapan
Şeirdən, xülyadan necə əl çəkim?
Ulduzlar fikrimin çırağbanıdır,
Bulud xəyalımın karıvanıdır,
Səma ki, hissimin aşiyanıdır,
Böylə bir səmadan necə əl çəkim?
Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən məcnun könül maraqla sordu:
-Bu saçı leyladan necə əl çəkim?
( Proyektor vasitəsilə səhnənin divarında 1978-ci ildə rejissor Teyyub Axundovun çəkdiyi "Mikayıl Müşfiq" – sənədli filmi göstərilir. Monitorda Müşfiqin həbsxana şəkilləri qalır.)
I aparıcı: Ölümündən əlli il sonra, səksəninci illərin axırında Müşfiqin bir cüt
həbsxana şəkli tapıldı. O şəkillərdəki Müşfiq dərs kitablarında gördüyümüz cavan, qarabəniz oğlana heç oxşamırdı. Tüklü sifəti sınıxıb avazımışdı. Qorxu dolu gözləri elə bil adamdan soruşurdu: «Məni niyə tutublar? Günahım nədi? Mən niyə ölməliyəm? Niyə?!».
Müşfiqin ölümündən əlli il sonra da, o suala cavab tapmaq asan deyildi. Onun qısa ömrünü ilbəil, günbəgün ələk-vələk eləsəydin də, yenə o suala cavab tapa bilməzdin. O sualın cavabı heç Müşfiqin şeirlərində də yox idi…
Pasternak şairlərə ölümdən çox yazmağı məsləhət görmürdü.
Çünki hər dəfə ölümdən yazanda şair özünü ölümün yadına salır və deməli, ölümü özünə bir addım da yaxınlaşdırır.
Bizim şairlərin ölümə ən doğma və yaxın olanı Füzulidirsə, ən uzaq və yad olanı Müşfiqdi.
II aparıcı: Müşfiqin ölümündən qabaq çap olunan son şeri “Duyğu yarpaqları”
adlanır. Amma onun şeirlərində bütün duyğulara yer var, bircə Ölüm duyğusundan savayı. Ölüm duyğusunun bir xəfifcə mehi də sanki bu şeirlərin canından keçməyib.
Tez-tez deyilməkdən çeynənib saqqıza dönmüş bir cüt söz var: “ölümsüz şair”. O sözlər, bəlkə də, hamıdan çox Müşfiqə yaraşır; şair kimi də, insan kimi də. Çünki bu dünyada Ölümün nişanəsi qəbirdi. Amma Müşfiqin qəbri yoxdu. Və bəlkə də, Müşfiq adlı bir şairin altmış ildən çoxdu ki, Sağ olmadığından Ölüm özü də xəbərsizdi…
(oxucular “Duyğu yarpaqları” şeirindən parçalar söyləyirlər)
I aparıcı: Bəli şair həyatı sevirdi. Ürəyinin bütün tellərilə həyata bağlıydı. O hələ çox yaşamaq, yazmaq, yaratmaq istəyirdi. Müşfiq “Əbədiyyət nəğməsi”ndə özünə məxsus bir inamla yazmışdı:
Kainat olduqca şeir olacaq!
Şeir olduqca isə Müşfiq də yaşayır, yaşayacaq! Çünki canından artıq sevdiyi xalq ona öz ürəyində əbədi yer vermişdir. Axı, bu onun arzusu idi. Əvəzsiz arxadaşı, daimi müsahibi və məsləkdaşı olmuş şeirinə dediyi sözləri unutmaq olarmı heç:
Hər kəs bilir həyatın sonu ölümdür,
Ah, bu qəmli dəyişmə yaman zülümdür.
Şerim! Bu gülünc oyun bəllidir, yarın
Bizi də bəklər;
Sən də öl mənim kimi, fəqət məzarın
Olsun ürəklər!
Müşfiqin şeiri də, özü də daim ürəklərdədir!
II aparıcı: Müşfiq yaradıcılığı elə bir mənbədir ki, biz bu mənbədə klassik şeirimizin bütün zinətlərini, bütün nemətlərini görürük. Müşfiq sənət gülüstanımızın qartal qanadlı bülbülü, bülbül avazlı qartalıdır.
Həyatdan doymayan, işdən doymayan,
Əfsanə sözlərə məhəl qoymayan,
Könlünü, gözünü verib işinə,
Baxıb həyatının yüksəlişinə,
Xalqilə titrəyən, xalqilə gülən,
Vətənçin yaşayan, vətənçin ölən
Səmimi bir insan nə bəxtiyardır!
(“Küləklər” mahnısı Eyyub Yaqubovun ifasında səslənir)
I aparıcı: Küləklər...Əsən küləklərdən hansının qorxulu, hansının qorxusuz
olduğunu Müşfiq kimi mən də bilirəm, hətta o küləklərin gətirdiyi
qoxuları bir-birindən ayırmağı da bacarıram.
II aparıcı: Otuz yeddinci ilin həmin o qorxulu küləkli gecələrində zorla evindən çıxarılıb gedər-gəlməzə göndərilənlərdən, günahsız-filansız güllələnib öldürülənlərdən, Hüseyn Caviddən, Əhməd Cavaddan, hətta Mikayıl Müşfiqin özündən də, bu şerin elə bil ki, xəbəri yox idi. Amma yox!.. Otuz yeddinci ilin havası onun gözəl şerlərini də zəhərləmişdi, o dövrün yalanı və qorxusu bu misraların canına da hopmuşdu:
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş-kəsək
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz bir başqa yazdır!..
I aparıcı: Görəsən, bu şeirdə söhbət hansı “təmizlənmiş daş-kəsək”dən gedirdi?
Sürgünə göndərilənlərdənmi? Güllələnib öldürülənlərdənmi?..
İndi biz Müşfiqin bir cüt həbsxana şəklindən baxan gözlərində gördüyümüz həmin o Qorxunun hardan gəldiyini başa düşürük. O Qorxu bu zədələnmiş misralardan gəlirdi. Müşfiqin gözlərindən əvvəl, o Qorxu onun sözlərinə çökmüşdü.
“Görəsən, Müşfiq sağ qalsaydı, nələr yazardı?”
II aparıcı: Lap qədimdən bəri məşhur olan bir fikir var: “Tanrı çox sevdiyi
bəndələrini öz yanına tez aparır”.Görünür, Tanrı Müşfiqi çox sevirdi.
Güzgüyə baxarkən eşidirdi:
Hələ sovuşmayıb qara saçımız,
alnımız qırışıb qat-qat olmayıb.
Hələ alnımızın qırışlarından
güzgülər çatlayıb çat-çat olmayıb.
Hələ batmamışıq min-min günaha –
Mənim balam, vaxtdı daha,
bu dünyadan gedək, gedək,
bir gözəl üzlə gedək
Tanrının qapısına…
(“Zəminxarə” müsiqisi altında oxucular səhnəyə daxil olurlar)
I oxucu: Aqil deməz ömründə ki, şairlik asandır,
Zənnimcə, bu şeir aləmi bir başqa cahandır.
Yazdıqca, yaratdıqca ürəkdən əriyirsən,
Şerin yolu yormur səni, daim yeriyirsən.
II oxucu: Şerin öləcək, yazsan ürəksiz, həyacansız,
Illər sənə qiymət verəcəkdir çox amansız.
Xoşbəxtdir o şair ki, onun öz səsi vardır,
Dillərdə, könüllərdə gəzən nəğməsi vardır.
III oxucu: Müşfiq belə şairdi, vətənçin diridir o,
Öz millətinin doğma, əziz şairidir o.
Şair tək onun getmədi əsla bada ömrü,
Qurtarmadı torpaqların altında da ömrü.
IV oxucu: Göstərdi vəfa, bizləri tərk etmədi Müşfiq
Yox, ölmədi, yox, ölmədi yox, getmədi Müşfiq,
Bir ordu çəkib gəldi sevinc dərdimə üstün
V oxucu: Oxucularının ürəklərində yaşayır Mikayıl Müşfiq. Bu, onun bir şair
kimi ən böyük arzusu idi:
Hər kəs bilir həyatın sonu ölümdür,
Ah bu qəmli dəyişmə yaman zülümdür,
Şerim! Bu gülünc oyun bəllidir yarın,
Bizi də bəklər,
Səndə ol mənim kimi, fəqət məzarın olsun ürəklər!...
I aparıcı: Mikayıl Müşfiqi bütün nəsillərə sevdirən onun ürəkdən gəlmiş,
səmimiyyətlə dolu poeziyasının xalq ruhu ilə bağlılığı olmuşdur:
Yazmaram ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa;
Burdaca el durub məndən sordu ki:
Gözdən yaş çıxarmı ürək yanmasa?
II aparıcı: Mikayıl Müşfiq bir sənətkar olaraq daima öz sənətini inkişaf etdirmək
üçün çırpınmışdır. Böyük arzuları və duyğuları üçün bədii təsvir
vasitələri tapmışdır. Müşfiq “Sabir üçün” şeirində deyir:
Neyləyim ki, fikrim kimi qəşəng olsun nəğmələrim?
Parlaq bahar səmasilə həmrəng olsun nəğmələrim?
Sevinclərlə uğuldayan bir zəng olsun nəğmələrim?
Bir işıqlı, bir ətirli çələng olsun nəğmələrim?
I aparıcı: Vaxtilə Mikayıl Müşfiqin şagirdi olmuş tibb elmləri doktoru Zəhra
Salayeva beşinci sinifdə oxuyarkən sevdiyi müəllimlərinə xatirə üçün
avtoqraf yazdırarmış. 11 mart 1934-cü ildə Mikayıl Müşfiq dərsə
gələrkən Zəhra utana-utana ona da belə bir xahişlə müraciət edir. Müşfiq
albomu gözdən keçirərək, Zəhranı sinif jurnalını gətirməyə göndərir.
Zəhra müəllimlər otağından gələnəcən Müşfiq “Zəhra Üçün” şeirini
yazır:
İlləri qoş, illəri,
Ey mənim gözəl qızım.
Qalma həyatdan geri,
Oxu mükəmməl, qızım.
Uca dağlardan atlan,
Hər çətinliyə qatlan,
Bir quş kimi qanadlan,
Göylərə yüksəl, qızım.
Mehriban ol insana,
Bir yuxarı baxsana,
Göydən günəş, ay sana,
Eyləyir “gəl-gəl”, qızım.
II aparıcı: Əgər Mikayıl Müşfiq olmasaydı, yeni dövrün Azərbaycan ədəbiyyatı
bütöv olmayacaqdı. Əgər Mikayıl Müşfiq olmasaydı, ədəbiyyatımızda
onun yeri boş olacaqdı.
I aparıcı: Qalsaydı 100 yaşı olurdu. Lakin kimsə onu 100 yaşında təsəvvür edə
bilməz. Dahilərin dahiliyinə inanırıq, ancaq heç bir zaman onların uşaq
və ya gənc olduqlarına inana bilmirik. Dahilərin dahiliyi, böyüklərin
böyüklüyü, yaşından asılı olmayaraq, şöhrət zirvəsinə çatdığı anda həkk
olunub qalır və əbədiyyətə köçürülür.”
Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatında, tariximizdə, xalqımızın
yaddaşında və qəlbində həmişə 30 yaşlı çılğın bir gənc olaraq qalacaq.
Ömrümüzün hər çağında onun nəğmələrini dinləyəcək, şeirlərini
xatırlayacaq, harayını eşidəcəyik!...
(Səid Rüstəmov və Ramiz Mirişlinin şairin ”Oxu, tar”, Əşrəf Abbasovun “Qurban olduğum”, Hacı Xanməmmədovun “Yaşa könül”, “Gözünə qurban”, “Yadıma düşdü”, “Sənin gözlərin”, Vasif Adıgözəlovun “Yenə o bağ olaydı” və s. mahnılarını ssenariyə daxil etməklə səsləndirmək və ya uşaqların ifasında dinləmək olar)
Son
Qeyd: M.Müşfiq poeziyasının araşdırıcısı və bilicisi, yazıçı Gülhüseyn Hüseynoğlunu təbdirə dəvət etmək olar..