12 Avqust

Beynəlxalq Gənclər Günüdür, (1999)

1998-ci il avqustun 12-də Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilmiş beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Bu gün BMT-nin qərarı ilə gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə 1999-cu ildə müəyyən edilib və 2000-ci ildən qeyd olunur.Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Savadlı, geniş dünya görüşünə malik gənclərin yetişdirilməsi hər bir ölkə üçün başlıca məsələdir. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərini, doğma ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşadır. Hər bir xalqın tarixində onun uğurlu gələcəyini quran şəxsiyyətlər var. Azərbaycan xalqı bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərimizin əlindədir. Hər bir xalqın, hər bir dövlətin gəncləri onun həm bu günü, həm də sabaha ümididir. Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin bugünkü uğurlu davamı gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb. Azərbaycan dövlətinin müstəqilliyi və suverenliyinin qorunub möhkəmləndirilməsi, onun inkişafı, ərazi bütövlüyünün təmin edilməsi, ölkə iqtisadiyyatının sürətlə inkişafı, əhalinin sosial problemlərinin həlli, ölkəmizin dünya birliyində öz layiqli yerini tutması yolunda görüləcək bu əzəmətli işlərin həyata keçməsinin əsas ağırlığı bugünkü gənclərin üzərinə düşür. Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırmış, onların imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermişdir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini də öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.Dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür.

 

Milli qəhrəman Səfərov Sərdar Mədəd oğlunun 65 illiyi,

Sərdar Mədəd oğlu Səfərov 12  avqust  1960-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmiş və kolxozda işləmişdir. 1979- 1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1987-ci ildə SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirir. 1991-ci ildə Vətənə dönür və Qusar rayonunda sahə müvəkkili işləməyə başlayır. 1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində "QAZ-53" markalı sərnişin avtomobilinə hücum etmişdilər. Buraya göndərilən istintaq qrupunun müstəntiqi Sərdar Səfərov idi. Hadisə yerindən qayıdan istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qaldılar. Sərdar yoldaşlarını xilas edərək qəhrəmancasına həlak oldu. Ailəli idi, ölümündən üç ay sonra bir qızı dünyaya gəlmişdi. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Kəlbəcər rayonunda dəfn edilmişdir.

 

 

 

 

Ədəbiyyatşünas Rafael Hüseynovun 70 illiyi, (1955)

Hüseynov Rafael Baba oğlu – Görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Millət Vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor.

1955-ci il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır (1971-1976). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır (1976-1978). 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur. Ədəbi fəaliyyətə 1975-ci ildə Kürdəmir rayonunda çıxan "İrəli" qəzeti səhifələrində dərc olunan şeirləri ilə başlamışdır. Dövri mətbuatda vaxtaşın çıxış etmişdir. Azərbaycan xalq musiqisi və onun görkəmli ifaçıları haqqında hazırladığı "Nəğməli ömürlər" və "Axşam görüşləri" adlı həftəlik verilişlər silsiləsi efırdə səslənmişdir. "Qobustan" incəsənət toplusunda "Görməyən gözlərin aydınlığı", "Əsas odur ki, xalq sizi sevir", "Həsrət qatarı" və s. publisistik yazıları çap olunmuşdur. Orta əsrlər fars və türkdilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş 30-dan artıq ədəbiyyatşünaslıq əsərinin müəllifıdir. 1992-ci ildə "Baba Tahir Üryan və onun poetik irsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Məhsəti Gəncəvinin rübailərini, Rəsul Rza və Nigar Rəfibəyli haqqında "İki ömrün işığı" (1987) adlı xatirələr kitabını tərtib etmişdir. ADU-da "fars ədəbbiyyatı" (1987-1989), Konservatoriyada "Mədəniyyət tarixi" (1990-1991), "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti" (1995) fənlərindən dərs demişdir. Xəzər Universitetində "Azərbaycan filologiyası və şərqşünaslıq" kafedrasının müdiri vəzifəsində (1995-1998) çalışmışdır.

Əsərləri: “Vaxtdan uca” (1987), “Min ikinci gecə” (1988), “Məhsəti necə varsa” (1989), “Məhsəti Gəncəvi – özü, izi” (2005), “Rəfibəylilər” (1966), “Millətin zərrəsi” (2001), “Əbədi Cavid” (2007), “Yoxdan var” (2010), “Ağzın sirri” (2010), “Yurdun adındakı can” (2010) və s. 

Filmoqrafiya: Qayıdış (film, 1992), Cavid ömrü (film, 2007), Əbədiyyət (veriliş, 2007), Ömrün rəngləri (film, 2007), Maestro Niyazi (film, 2007), Rəfibəylilər (film, 2009) və s.Tərcümələri (farscadan):  Baba Tahir Üryan. Dübeytlər. Bakı: Yazıçı, 1988, 112 səh. Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 707.

 

Dilçi, pedaqoq Fərhad Ağazadənin  145 illiyi, (1880-1931)

Ağazadə Fərhad Məşədi Rəhim oğlu — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, publisist.

Fərhad Ağazadə 1880-ci il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdur.  Uşaqlıqdan ağlı, zəkası və istedadı ilə tay-tuşlarından seçilən Fərhad Şuşa şəhər məktəbini bitirdikdən sonra 1898-ci ildə Zaqafqazyia (Qori) Müəllimlər Seminariyasına qəbul olur və 1900-cü ildə oranı bitirir. Həmin ildən – 1900-1905-ci illərdə əvvəlcə Xaçmazda, sonra da Gorusda kənd məktəblərində, 1905-ci ildə isə Bakıdakı rus-Azərbaycan məktəblərində müəllimlik edir. F.Ağazadə hələ 1910-cu illərdə Azərbaycan ədəbiyyatı və dilinin inkişafı ilə maraqlanmağa başlamış və bu sahədə xeyli iş görmüşdür. O, 1912-ci ildə "Ədəbiyyat məcmuəsi" adlı kitab tərtib edib çapdan buraxdırmışdır. F.Ağazadənin ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olmuşdur. Çünki 1906-cı ildə yeni əlifba layihəsi tərtibi ilə bağlı bu sahədə xeyli çalışmışdır. Lakin Azərbaycandakı mövcud vəziyyət, çar Rusiyasının müstəmləkəsi Fərhad bəyin arzularının reallaşmasına imkan vermir, necə deyərlər, uzun zaman çəkdiyi zəhmət işıq üzünə çıxarılmır. 28 aprel işğalından sonra Azərbaycanda İttifaq hökuməti bir sıra tədbirlər həyata keçirməyə başladı. Ümumittifaq Komitəsi yaradıldı. Fərhad Ağazadə bu komitənin və Yeni türk əlifbası Azərbaycan Komitəsinin üzvü seçildi. O, türk əlifba komitəsinin işində həm elmi təşkilatda, həm də yeni əlifbaya aid nəzəri məsələlərin hazırlanmasında çox yaxından iştirak edir. Onun "Ərəb əlifbası türk dilinə niyə yaramır?", "Yeni türk əlifbalarının unifikasiyası üzrə materiallar", "Azərbaycanda yeni türk əlifbasının inkişafı və həyata keçirilməsi tarixi", "Yeni türk əlifbasının tarixi" kimi əsərləri xüsusi əhəmiyyətə malikdir. Bunlardan başqa, F.Ağazadənin dilçiliyə aid "Türk-tatar dillərində səslərin nisbi münasibətini bilmək bizə nədən ötrü lazımdır?", "Yazı qaydalarında mümkün ixtisarlar məsələsinə dair" və s. məqalələri vardır.

     Fərhad Ağazadə Azərbaycan Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin ən fəal yazarlarından biri olub. Qəzetin çox nadir səhifələrində onun imzasına rast gəlinmir. 1919-1920-ci illərdə isə, demək olar ki, "Azərbaycan"ın hər nömrəsində F.Ağazadənin müxtəlif mövzularda yazıları dərc edilib. O, məqalələrində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncliyi təhsil almağa çağırırdı. Millətinin müstəqilliyinin istilaçılar tərəfindən məhv edilməsinə və üçrəngli bayrağın enməsinə dözməyən fədakar ziyalı Fərhad Ağazadə ömrünün erkən çağında, 1931-ci ildə dünyasını dəyişir.

 

Vüsal Telman oğlu Abbasov 

Vüsal Abbasov 12 avqust 1983-cü ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vüsal Abbasov 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vüsal Abbasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

İntiqam Allahverdi oğlu Abdullayev

İntiqam Abdullayev 12 avqust 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Düylün kəndində anadan olmuşdur. Orta təhsilini şəhid Surxay Rzayev adına Düylün kənd məktəbində almışdır. Azərbaycan Ordusunun leytenantı olan İntiqam Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Murovdağ döyüşlərində iştirak etmişdir. 2 oktyabr 2020-ci il Murovdağ uğrundə gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İntiqam Abdullayevin cənazəsi uzun müddət düşmən tərəfdə qalır. O uzun müddət itkin düşmüş sayılır. Şəhadətindən 165 gün sonra onun şəhid xəbəri gəlir, Ordubad rayonunun Düylün kəndində dəfn olunur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İntiqam Abdullayev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Adil Qədir oğlu Əfəndiyev

Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə feldşer olmamasına baxmayaraq yaralanan hərbçilərə yerindəcə yardım edib. Adil Əfəndiyev oktyabrın 21-də Şuşa döyüşləri gedişatında həmin istiqamətdə strateji yüksəkliklərin azad olunması zamanı Xocavənd rayonunun Tuğ kəndində şəhid olub. Oktyabrın 25-də Qazax rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Adil Əfəndiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Sübhan Səbuhi oğlu Məmmədli

Sübhan Məmmədli 1994-cü il avqustun 12-də Kəngərli rayonunun Xıncab kəndində anadan olmuşdur. 2000-2009-cu illərdə Xıncab kənd tam orta məktəbində, 2009-2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseydə təhsil alıb. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində cəbhənin ön xəttinə yollanaraq orada qəhrəmanlıq göstərmişdir. Düşmənin keçilməz hesab edilən bir neçə postunu elə keçirmişdir. 2020-ci il oktyabrın 6-da Füzuli rayonu ərazisində yaxınlığına atılan mərmi qəlpəsi nəticəsində qəhramancasına şəhid olmuşdur. Ailəli idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sübhan Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Anar Qəhrəman oğlu Məmmədov

Anar Məmmədov 1995-ci il avqustun 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Anar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Məmmədov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

 

Ceyhun Zirəddin oğlu Mirzəyev 

Ceyhun Mirzəyev 1996-cı il avqustun 12-də Tovuz rayonunun Əyyublu kəndində anadan olub. 2002-2013-cü illərdə adına E. Bayramov adına Əyyublu kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ceyhun Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Zəngilan, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Ceyhun Mirzəyev noyabrın 9-da Laçın rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Tovuz rayonunun Əyyublu kəndində dəfn olunub. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

 

 

Əhməd Şamil oğlu Putiyev

Əhməd Putiyev 2001-ci il avqustun 12-də Zaqatala rayonunun Mazıx kəndində anadan olub. 2008-2017-ci illərdə Mazıx kənd tam orta məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əhməd Putiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əhməd Putiyev oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Mazıx kəndində torpağa tapşırılıb. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Putiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Putiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 

Əsəd Ərziman oğlu Zeynallı

Əsəd Zeynallı 12 avqust 1999-cu ildə Qəbələ rayonunun Seyidqışlaq kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Əsəd Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əsəd Zeynallı 13 oktyabr 2020-ci ildə Tərtər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfdən atılan artilleriya mərmisinin partlaması nəticəsində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd Zeynallı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsəd Zeynallı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əsəd Zeynallı ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.