29 iyul
Mənsur Ağa oğlu Ağayev
Mənsur Ağayev 1994-ci il iyulun 29-da Hacıqabul rayonunun Padar qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Mənsur Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Mənsur Ağayev noyabrın 9-da Şuşada şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mənsur Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Zaur Nizami oğlu İsmayılzadə
Zaur İsmayılzadə 1995-ci il iyulun 29-da Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olmuşdur. 2001-2012-ci illərdə Şəhid Vüqar Məmmədov adına Cəlilabad rayon Göytəpə şəhər tam orta məktəbində təhsil almışdır. Azərbaycan Ordusunun əsgəri olan Zaur İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü olaraq sentyabrın 29-dan iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zaur İsmayılzadə oktyabrın 7-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Lənkəran rayonunda dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur İsmayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur İsmayılzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur İsmayılzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Zaur İsmayılzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ülvü Vüqar oğlu Məmmədov
Ülvü Məmmədov 1997-ci il iyulun 29-da Quba rayonunun Alekseyevka kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Ülvü Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ülvü Məmmədov oktyabrın 21-də Xocavənd döyüşləri zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ülvü Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Beynəlxalq Pələng Günü, (2010)
Bu gün 2010-cu ildə Sankt-Peterburqda keçirilən “Pələng sammit”ində təsis olunub.
Pələnglər pişikkimilər fəsiləsinin ən güclü və böyük üzvləridir. Faunanın bu yırtıcı nümayəndələri, əsasən, Banqladeş, Malayziya, Hindistan və Koreyada yaşayırlar. Pələnglərin sayına görə Hindistan dünyada birinci yerdədir. Dünya Vəhşi Təbiəti Müdafiə Fondunun məlumatına görə, Yer kürəsində mövcud olan 3890 pələngdən 2500-dən çoxu Hindistandadır.
Pələnglərin sayının azalmasında əsas faktor brakonyerlik, qanunsuz heyvan ticarəti kimi antropogen amillər, iqlim dəyişikliyi və onların yaşayış areallarını itirməsidir.
Beynəlxalq Pələng Günü bəşəriyyətin diqqətini bu yırtıcıların qorunmasına və onların sayının azalmasının qarşısının alınmasına çəkmək üçün bir çox ölkələrdə qeyd edilir.