11 iyul
Ümumdünya Şokolad Günü, (1995)
Şokolad Günü (World Chocolate Day) ilk dəfə 1995-ci ildə Fransada qeyd edilib. Tez bir zamanda məşhurluq qazanaraq Almaniya, İtaliya, İsveçrə və digər Avropa ölkələrində, eləcə də Avropadan kənarda keçirilməyə başlanılıb. Çox sevdiyimiz şokoladın və şokolad ağacının vətəni Mərkəzi və Cənubi Amerikadır. Əvvəllər içki kimi qəbul edilən bu şirniyyatın adı haqqında müxtəlif versiyalar var. Onlardan birinə görə, şokolad qədim astek sözü olub, "xocolatl" yəni, kakao paxlasından alınan içkinin adını bildirir. Mənası isə "acı su" kimi tərcümə olunur. Avropada "qara qızıl" adı ilə tanınması isə ispanlara məxsus olub. Şokoladın tarixi 3000 il əvvəlki dövrə aid edilən nemətlər sırasına daxildir. Təxminən bizim eradan 1500 il əvvəl Meksika körfəzi sahillərində yeni sivilizasiya meydana gəlmişdir. İrəli sürülən fikirlərə əsasən məhz "kakao" sözü ilk dəfə olaraq onlar tərəfindən dildə "kakava" kimi tələffüz edilib. Dünyada sevgi rəmzi kimi tanınan ilk şirniyyat şokoladdır. Statistikaya əsasən 20 yaşlı əksər gənclər məhz ağ şokolada üstünlük verir. Şokoladın tərkibindəki fenamin maddəsi, insanda sevgi hissi yaradır. Şokolad A, B, C, D, E, kalsium, kalium və natrium vitaminləri ilə zəngindir. Kakao və şokolad antiseptik xüsusiyyətlərə malik olub, dişi bir çox zərərdən qoruyurlar. Şokolad yeməklə qızdırma, soyuqdəymə xəstəliklərini dəf etmək olar. Dünyanın ən kalorili şokoladı südlü şokolad hesab edilir. Dünya qadınlarının 15%-i hər gün şokolad yeyir. İsveçrəlilər dünyada ən çox şokolad yeyən əhali sayılır. Belə ki, hesablamalara əsasən bu ölkədə hər sakinə il ərzində 10 kq şokolad düşür.
Müasir elm şokoladın tərkibində insanı psixoloji rahatladan elementlərin olduğunu göstərir. Tünd şokoladın növləri bədəndən endorfinin – insanda rahatlıq, xoşbəxtlik, məmnunluq və razılıq hissləri yaradan hormonu stimullaşdırır və əhvali-ruhiyyəni yüksəldir. Həmçinin ehtimal olunur ki, şokolad xərçəng əleyhinə effektə malikdir və qocalma prosesini ləngidir
Seyidov Əli Rahim oğlu
Seyidov Əli Rahim oğlu 1999-cu il iyulun 11-də Bakı şəhərində anadan olub. 2006-cı ildə Rixard Zorge adına 90 saylı orta məktəbdə təhsil almağa başlayıb. Kikboksinq və ağır atletika üzrə yarışlarda birincilik qazanıb. 15 qızıl, 6 gümüş, 3 bürünc medalın sahibi olub. 2018-2019-cü illərdə hərbi xidmətdə olmuşdur.
Hərbi xidməti bitirdikdən sonra müqavilə ilə Azərbaycan ordusunda müddətdən artıq xidmət (MAXE) keçirdi. Azərbaycan Ordusunun əsgəri olan Əli Seyidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər-Suqovuşan döyüşlərində savaşıb. 2020-ci il oktyabrın 4-də Tərtər-Suqovuşan döyüşlərində qəhrəmancasına şəhid olub. 2020-ci il oktyabrın 10-da Bakıda Bülbülə şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Seyidov ölümündən sonra "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qara Əmirxan oğlu Balakişiyev
Qara Balakişiyev 11 iyul 1994-cü ildə Xocavənd rayonunun Əmiranlar kəndində anadan olmuşdur. 2000–2011-ci illərdə Xocavənd rayon 4 saylı tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. 2 qızı yadigar qaldı.
Qara Balakişiyev 2012–2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2014-cü ildən isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Qara Balakişiyev müddətdən artıq həqiqi hərbi xidmət edirdi. O, döyüşlərdə qarşı tərəfin müdafiə və hücum qüvvəsinin azaldılmasında fərqlənmişdir. Döyüşlərdən sonra Qara Balakişiyev "kiçik çavuş" rütbəsində xidmətinə davam etmişdir.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Qara Balakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qara Balakişiyev 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Beyləqan rayonunda yerləşən Xocavənd şəhərciyində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qara Balakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elşən Elbrus oğlu Əhmədli
Elşən Əhmədli 11 iyul 1997-ci ildə Oğuz rayonunda anadan olub. 2003-cü ildə E.Abdullayev adına Oğuz şəhər 2 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2008-ci ildə təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirərək, 2014-cü ildə məktəbi bitirmişdir. 2014–2018-ci illərdə Azərbaycan Texniki Universitetində Nəqliyyat və Logistika fakültəsi üzrə Bakalavr təhsili almışdır. Elşən gülərüz, səmimi, mehriban xüsusiyyətlərinə görə müəllim kollektivi və şagird yoldaşları tərəfindən hər zaman hörmət və rəğbətlə qarşılanırdı. O, onu sevənlərin qəlbində həmişə igid və məğrur bir gənc kimi qalacaqdır. Subay idi.
Elşən Əhmədli 2019-ci ildə Cəlilabad rayonunun Xüsusi Təyinatlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ildə xidmətini uğurla başa vurmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan snayperçi Elşən Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzuli döyüşlərində və Şuşa uğrunda gedən döyüşlərdə savaşıb. Elşən Əhmədli noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Elşən Əhmədli noyabr ayının 17-də Oğuz Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı, 18.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Əli Malik oğlu Feyziyev
Feyziyev Əli Malik oğlu 11 iyul 1994-cü ildə Astara rayonunun Ərçivan kəndində anadan olmuşdur. 2000-2011-ci illərdə Ərçivan kənd 1 saylı tam orta məktəbdə təhsil almışdır. 2015-ci il yanvar ayının 25 də Afaq Feyziyeva ilə ailə həyatı qurmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə ürəyindən yaralanmış və şəhadətə yüksəlmişdir.
İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Feyziyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Əkbər Bahadur oğlu Hüseynov
Əkbər Hüseynov Bahadur oğlu 2001-ci il 11 iyul tarixində Bakı şəhərinin Sabunçu rayonunda anadan olub. 2007-2018-ci illərdə orta təhsilini Bakı şəhəri 252 nömrəli tam orta məktəbdə alıb. 2012-ci ildə 11 yaşından Kikboks idman növü ilə məşğul olmağa başlayıb.
2019-cu ildə həqiqi hərbi xidmətə çağrılıb. İlk Goranboy rayonunda daha sonra Mingəçevirdə hərbi hissədə xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Əkbər Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə olub. Əkbər Hüseynov sentyabr 29-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Sabunçu rayonu Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əkbər Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Xəyyam Hüseyn oğlu Hüseynov
Xəyyam Hüseynov 1996-cı il iyulun 11-də Göyçay şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Xəyyam Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşlərdə savaşıb. Xəyyam Hüseynov sentyabrın 27-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Göyçay şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Hüseynov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Elçin Bəxtiyar oğlu İsrafilzadə
Elçin İsrafilzadə 1990-cı il iyulun 11-də Şəmkir rayonunun Qədimqala kəndində anadan olub. 1996–2005-ci illərdə Qədimqala kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Kənan, Leyla və Yusif adlı üç övladı yadigar qaldı.
Elçin İsrafilzadə 2008–2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusi kimi xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elçin İsrafilzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elçin İsrafilzadə oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Qədimqala kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsrafilzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kamil Mübariz oğlu Məmmədov
Kamil Məmmədov 1996-cı il iyulun 11-də Gəncə şəhərində anadan olub. 2012-ci ildə Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir.
Məmmədov Kamil 2016-cı ildə həqiqi hərbi xidmətə çağırılıb. 2013–2016-cı illərdə təhsilini 2 saylı Peşə məktəbində (indiki Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) davam etdirmişdir. 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət etmişdir.
2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Məmmədov Kamil 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Məmmədov Kamil noyabrın 5-də Xocavənd döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Rəşid Qəzənfər oğlu Nəsrullayev
Rəşid Nəsrullayev 11 iyul 1993-cü ildə Qəbələ rayonunun Nic qəsəbəsində Qəzənfər Nəsrullayevin ailəsində anadan olmuşdur. 1999-2010-cu illərdə Qəbələ rayon Nic qəsəbə 4 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Rəşid Nəsrullayev 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə başlamışdır. 2013-cü ildə hərbi xidmətdən tərxis olunmuşdur.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Rəşid Nəsrullayev də səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Rəşid Nəsrullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəşid Nəsrullayev 2 noyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşid Nəsrullayev ölümündən sonra "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalı, 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəşid Nəsrullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
İman Kürdoğlu oğlu Quliyev
İman Quliyev 11 iyul 1999-ci ildə Yevlax rayonunun Salahlı kəndində anadan olmuşdur. Subay idi.
İman Quliyev 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış. 2019-cu ildə hərbi xidmətini başa vuran İman Quliyev həmin ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan İman Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İman Quliyev 4 noyabr 2020-ci ildə Laçın rayonunun Güləbird kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, "Cəsur döyüşçü" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Fuad Rasim oğlu Şabanov
Fuad Şabanov 1997-ci il iyulun 11-də Balakən rayonunun Qaravəli kəndində anadan olub. 2003-2014-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Fuad Şabanov 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. Fuad Şabanov 2016-ci ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fuad Şabanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Fuad Şabanov oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Püştətala kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fuad Şabanov ölümündən sonra "Vətən uğrunda" medalı, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.