22 May
Beynəlxalq Bioloji Müxtəliflik Günü, (2000)
Məşhur bioloq E. Vilson biomüxtəlifliyi –“həyatın məğzi” adlandırmışdır. Biomüxtəliflik Yer üzərində mövcud olan genlərdən ekosistemlərə qədər bütün canlıların əmələ gətirdiyi müxtəlifliyin məcmusu deməkdir.
Bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə və digər su ekosistemləri və ekoloji komplekslər də daxil olmaqla, bütün canlı orqanizmlərin növ müxtəlifliyi deməkdir. 2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli qətnaməsi ilə 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin “Beynəlxalq Bioloji Müxtəliflik Günü” elan etmişdir. Azərbaycanda biomüxtəliflik üzrə Konvensiyaya 2000-ci ildə qoşulmuşdur. Bizim taleyimiz ekosistemin məhsuldarlığından və sağlamlığından asılı olduğundan dünyada biomüxtəlifliyin qorunması, irqindən, dinindən, rəngindən asılı olmayaraq, hər birimizin borcudur. Bu baxımdan təbiətdə canlıların qorunması təbliğinə istiqamətlənmiş 22 May – Beynəlxalq Biomüxtəliflik Gününü Avropanın bir çox ölkələri qeyd edirlər. 1992-ci ildə BMT-nin təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş konfransda qeyd edildiyi kimi, “dünyanın gələcəyi, inkişafı ekoloji problemlərin həll ediləcəyindən asılı olacaqdır”.
Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada özünəməxsus yerlərdən birini tutur. Burada zəngin bitki və heyvan növləri cəmlənmişdir. Müasir Azərbaycan faunası 18.000 canlıdan ibarət olub, məməlilərin 97 növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar faunamızda 700 növlə təmsil olunmuşdur. Respublikanın quş faunası 357 növ və yarımnövü əhatə edən 17 dəstəni təmsil edir. Azərbaycanın su hövzələrində balıqların 10 dəstəyə, 16 ailəyə aid olan 100-ə yaxın növ və yarımnövü yaşayır. Azərbaycanın həşəratlar aləmi də, son dərəcə zəngin olub, 25 minə yaxın növü əhatə edir. Azərbaycan florasının biomüxtəlifliyinə isə dərman, efiryağlı, dekorativ, meyvə, texniki və digər faydalı bitkilər daxildir.
Baxşəliyev Qərib İnqilab oğlu
Qərib Baxşəliyev 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1984–1994-cü illərdə Nərimanov rayonunda 82 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995–1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Ailəli idi. Üç övladı yadigar qaldı.
Qərib Baxşəliyev 1999–2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Tağımın Komandiri vəzifəsində xidmət edib. 2000-ci ildə Tərtər rayonu istiqamətində Kontuziya alması nəticəsində xidmətini Azərbaycanda zabitlərin yetişdirilməsində xüsusi rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib.
Qərib Baxşəliyev 2000–2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Taqım Komandiri, 2002–2010-cu illərdə həbi liseyin Tədris Bölüyünün Komandiri, 2010–2014-cü illərdə hərbi liseyin tərbiyəvi işlər bölməsində psixoloq, 2014–2016-cı illərdə isə hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbənin psixoloqu vəzifəsində xidmət edib.
2016–2019-cu illərdə Qərib Baxşəliyev əvvəl Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərb tarixini tədris edib.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Qərib Baxşəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının artırılmasında rol oynayıb. Qərib Baxşəliyev noyabrın 3-də Zəngilan istiqamətində xidməti avtomobilində düşmənə əsir düşməmək üçün silahı ilə özünə başından açdığı atəş nəticəsində şəhid olub. Onun nəşi 32 gün erməni tərəfində saxlanıldığdan sonra II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Şəhid Qərib Baxşəliyevə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilmişdir.
Yusifzadə Ramil Adəm oğlu
Ramil Yusifzadə 22 may 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Mərdəkanda Süleyman Rüstəmov adına 3 saylı gimnaziyada 1-ci sinifə daxil olmuşdur. 2015-ci ildə gimnaziyanı bitirərək, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol müəllimliyi fakültəsinə qəbul olmuşdur.
2019-cu ildə akademiyadan məzun olan Ramil həmin il Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olaraq müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Ramil Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yusifzadə 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş sahəsinə daxil olub qarşı tərəfin müdafiəsini yarmış, lakin, yaralanmışdır. Sonra ilkin tibbi yardımdan imtina edərək döyüşə davam etmişdir. İkinci dəfə ayağından yara aldıqdan sonra ona ilkin tibbi yardım edilmişdir. Lakin, sonda qarşı tərəfin atdığı artilleriya mərmisinin dəyməsi nəticəsində Ramil Yusifzadə həmin gün həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusif-zadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəhruz Fazil oğlu İbrahimov
Bəhruz İbrahimov 1983-cü il mayın 22-də Füzuli rayonunun Govşatlı kəndində anadan olub. Aygün Fərhadova ilə ailəli idi. Üç övladı yadigar qaldı.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Bəhruz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhruz İbrahimov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.