9 May

Faşizm Üzərində Qələbə Günü, (1945)

Müharibədə  Azərbaycanın  600 mindən çox oğul və qızının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünki nəsillər üçün daim örnək olaraq qalacaqdır. 

Azərbaycan xalqının İkinci Dünya Müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir. 9 may – Faşizm Üzərində Qələbə Günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq və həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt  Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitməzdi. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə demişdir: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur”. Müharibənin ilk illərində faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirmişdi. Lakin “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında bütün Sovet xalqlarını birləşdirdi. Bununla da düşmənin hücumları, nəinki dayandırıldı, faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır və sarsıdıcı məğlubiyyətə uğradı, 1945-ci ildə isə tamamilə məğlub edildi.

 

Əhmədov Xəyal Hüseyn oğlu

Şəhid Əhmədov Xəyal Hüseyn oğlu 1994-cü il mayın 9-da Neftçala rayonu Xıllı qəsəbəsində anadan olub. Xıllı qəsəbə Faruq Quliyev adına 2 saylı orta məktəbini bitirib.

Xəyal Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Xəyal Əhmədov Qubadlı döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır və 04 noyabr 2020-ci il tarixində Neftçala rayonu Xıllı qəsəbəsində dəfn olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Əhmədov Xəyal Hüseyn oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Hacıyev Elmaz Elmar oğlu

Elmaz Elmar oğlu Hacıyev 1994-cü il mayın 9-da Şamaxı rayonunun İkinci Çaylı kəndində anadan olub. 3 qardaş olublar. Şəhidimiz ailəli və iki övlad atası idi. Elmar və Yağmur indi atasız böyüyürlər...

Azərbaycan Ordusunun əsgəri olan Elmaz Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb. O, noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Yalınız 27 gündən sonra, dekabrın 1-də nəşini əldə etmək mümkün olub və bir gün sonra, dekabrın 2-də Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, əbədiyyətə yola salınıb...

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elmaz Hacıyev ölümündən sonra "Vətən uğrunda", "Vətən müharibəsi iştirakçısı", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

"Oğlum müharibənin başa çatmasına cəmi 6 gün qalmış, noyabrın 4-də, bir ayının tamamında Laçında Şəhid oldu. Ayın 3-dən 4-nə keçən gecə isə yuxumda oğlumun, Elmazımın Şəhid olduğunu görmüşdüm"…

Bunu Bakının Xəzər rayonunun Binə qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidi Elmaz Elmar oğlu Hacıyevin anası Ziyafət xanım deyir.

Şəhidimiz axırıncı dəfə ailəsi ilə ölümündən bir gün öncə, noyabrın 3-də danışıb. Şəhid anası övladının Şəhidliyindən yalnız bir həftə sonra, müharibənin başa çatdığı, Qələbə əldə edildiyi gün, noyabrın 10-da xəbər tuta bilib. Övladının nəşini də 27 gündən sonra şəhid olduğu yerdən, Laçından özü tapıb gətirib…

 

Həsənov Orxan Bəkir oğlu

Həsənov Orxan Bəkir oğlu 9 may 1991-ci ildə Gəncə şəhərində doğulmuşdur.

2009-cu ildə  Gəncə şəhəri  30 nömrəli tam orta məktəbi bitirmişdir.

2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir. 

  MAXE hərbi qulluqçu olan Həsənov Orxan Bəkir oğlu 2014-2020-ci illərdə MN-nin müxtəlif hərbi hissələrində çavuş kimi xidmət etmişdir. Xidmət dövründə Orxan Həsənov bir sıra təltiflərə layiq görülmüşdür. Belə ki, o Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyun 2019-cu il tarixli  Sərəncamı ilə  “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubiley medalı” ilə təltif edilmişdir.   

Vətən Müharibəsinin başladığı ilk gündən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Murovdağ zirvəsi, Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuşdur. 16 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun işğaldan azad olunması  uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.  19 oktyabr  2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.  

Həsənov Orxan Bəkir oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə  “Vətən uğrunda” 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə   “Döyüşdə fərqlənməyə görə” 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.  Ailəli idi. İki övladı yadigar qalıb.

 

Aqil Habil oğlu Hüseynov 

Aqil Hüseynov 9 may 1995-ci ildə Beyləqan rayonunun Əhmədli kəndində Habil Hüseynovun ailəsində anadan olmuşdur. 2001–2012-ci illərdə orta təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı.

Aqil Hüseynov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Aqil Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində rabitəçi olaraq iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovla birgə vuruşmuşdur. Aqil Hüseynov 7 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Beyləqan rayonunda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqil Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

 

Elvin Elsevər oğlu İmaməliyev 

Elvin İmaməliyev 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 1995–2006-cı illərdə S. Əliyev adına Qırılı kənd tam orta məktəbində, 2006–2010-cu illərdə Azərbaycan Dillər Universitetində (ADU) xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə ali təhsil alıb.

2012-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrinə əsasən orta təhsil aldığı Ağstafa rayonunun Qırılı kənd tam orta məktəbində müəllim olaraq fəaliyyətə başlamışdır.

2019-cu ildə isə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edib və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbə direktor təyin edilib. Rayonun ən gənc məktəb direktoru olaraq tanınırdı. Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Şöbəsinin Gənclər Birliyinin sədri idi. Ailəli idi. İki oğlu yadigar qaldı.

Elvin İmaməliyev 2010–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Elvin İmaməliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan  İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elvin İmaməliyev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub.  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməliyev Elvin ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İmaməliyev Elvin ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. 

 

Sərxan Sahil oğlu Məmmədov 

Sərxan Məmmədov 27 may 2001-ci ildə Daşkəsən Rayon Qabaqtəpə kəndində dünyaya gəlib. 

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Sərxan Məmmədov Hadrutun azad edilməsində savaşıb. Sərxan Məmmədov noyabrın 3-də Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub. Daşkəsəndə dəfn edilib. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərxan Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Sərxan Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. 

 

Nicat Nəriman oğlu Nəsibov  

Nicat Nəsibov 1986-cı ilin 9 may tarixində Azərbaycan SSR-nin Goranboy rayonunun Borsunlu kəndində anadan olub. 1993-cü ildə Goranboy rayonu Borsunlu kənd orta məktəbində təhsil almağa başlayıb və 2003-cü ildə həmin məktəbdən məzun olub. Azərbaycan Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə yenidən ordu sıralarına qayıtmış, bu səfər MAXE hərbi qulluqçusu kimi xidmətinə davam etmişdir.

Nicat Nəsibov 27 sentyabr tarixində Azərbaycan-Ermənistan arasında başlanmış İkinci Qarabağ müharibəsi müharibəsində ilk günlərdən etibarən iştirak etmişdir. MAXE hərbi qulluqçu Nəsibov Füzuli şəhərinin azad edilməsi uğrunda keçirilən Füzuli əməliyyatının gedişatında baş verən şiddətli döyüşlərdə, 30 sentyabr tarixində həlak olmuşdur.

2020-ci ilin 1 oktyabr tarixində Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində yerləşən kənd məzarlığında dəfn edilmişdir.

 

 

 

Bəhruz Firuz oğlu Quliyev 

Bəhruz Quliyev 9 may 1990-cı ildə Goranboy rayonunda Firuz Quliyevin və Möhtərəm Quliyevanın ailəsində anadan olmuşdur.  Ailəsi ilə birgə sonradan Naftalan şəhərinə köçmüşdür. 1996-2007-ci illərdə orta təhsil almışdır. Ailəli idi, 2 qızı yadigar qaldı.

Bəhruz Quliyev 2008-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Nümunəvi xidmətinə görə komandanlıq tərəfindən təşəkkürnamələrlə təltif edilmişdir. Bəhruz Quliyev 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirmişdir.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Bəhruz Quliyev müddətdən artıq hərbi xidmət qulluqçusu idi. O, döyüşlərdə, Tərtər rayonunun Talış kəndi istiqamətində atıcı olaraq vuruşmuşdur və qarşı tərəfin canlı qüvvəsinin azaldılmasında fərqlənmişdir. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir.

Bəhruz Quliyev döyüşlərdən sonra Azərbaycan-Ermənistan təmas xəttində, Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdir.

Azərbaycan Ordusunun əsgəri olan Bəhruz Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bəhruz Quliyev 4 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Bir müddət tapılmayan nəşi həmin ilin 11 oktyabr tarixində humanitar atəşkəs gedişatında tapılaraq ailəsinə təhvil verilmiş, Naftalan şəhərində dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

 Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Quliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. 

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz Quliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. 

 

Əlizamin Ümid oğlu Ramazanlı 

Əlizamin Ramazanlı 2000-ci il mayın 9-da Bərdə rayonunun Şirvanlı kəndində anadan olub. Subay idi.

Əlizamin Ramazanlı 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "gizir" hərbi rütbəsində Dövlət Sərhəd Xidmətinin sıralarında xidmət edirdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əlizamin Ramazanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əlizamin Ramazanlı oktyabrın 16-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. 

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlizamin Ramazanlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. 

 

Zülfü Zeyni oğlu Rzayev 

Zülfü Rzayev 1993-cü il mayın 9-da Şahbuz rayonunun Külüs kəndində anadan olub.[1] 1999-2007-ci illərdə Külüs kənd tam orta məktəbində, 2007-2010-cu illərdə isə H. Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi.

Zülfü Rzayev 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Aprel döyüşləri zamanı fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun baş leytenantı olan Zülfü Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülfü Rzayev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub.

 

Sadıqov Elnur Kərim oğlu 

Sadıqov Elnur  9 may 2001-ci ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulub. Təzəkənd kənd Elxan Fətiyev adına 1 saylı tam orta məktəbdə təhsil alıb.

15 dekabr 2020 tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Vətən uğrunda" medalı,  “Cəsur döyüşçü” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı   ilə təltif edilmişdir.

 

 

 

Səbuhi Rövşən oğlu Sadıqov 

Səbuhi Sadıqov 9 may 1996-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Əslən Füzuli rayonundan (Ələsgərli kəndindən) olan Sadıqov Səbuhinin ailəsi 1993-cü ildə Füzuli rayonu erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra məcburi köçkün kimi öncə Biləsuvar rayonuna pənah gətirmiş, sonra isə Bakı şəhərinə köçmüşdü. Bu səbəbdən Səbuhi Biləsuvarda dünyaya gəlmişdi. O, Bakı şəhəri Nərimanov rayonu 73 saylı tam orta məktəbdə təhsil almışdır. Uşaqlıq yaşlarından idmana böyük həvəsi olan Səbuhi Sadıqov kiçik yaşlarından karate, kikboks ilə məşğul olmuş, 8–9-cu sinifə kimi yüngül klublararası turnirlərdə iştirak etmişdir. Daha sonra sərbəst güləşlə məşğul olmağa başlayan Səbuhi Azərbaycan Güləş Federasiyasının milli yığmasının üzvü olmuşdur. O, respublika daxilində və beynəlxalq yarışlarda dəfələrlə müxtəlif dərəcələrlə təltif olunmuş, çempion adını qazanmışdır. MMA (Qaydasız döyüş) döyüş növü üzrə professional olaraq məşğul olmuşdur. Ultimax döyüş növləri federasiyasının üzvü idi.

O, bir çox yarışlarda Azərbaycan Respublikasını təmsil edərək qazandığı naliyyətləri ilə bayrağımızı yüksəltmişdir. 

2011-ci ildə Bakı şəhəri N.Nərimanov rayonundakı 73 saylı tam orta məktəbin IX sinfini bitirdikdən sonra Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə daxil olur. Kolleci bitirdikdən sonra, 2014-cü ildə Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrdə 1il 6ay xidmət etmişdir. 2015–2017-ci illərdə Ultimax Döyüş Növləri Federasiyasının təşkil etdiyi Bakı çempionatında və 2017-ci ildə Respublika çempionatında qalib olmuşdur. Gürcüstan Respublikasında Dünya Çempionatında professional kəmər uğrunda mübarizə aparmış və qara kəmər qazanmışdır. Bununla yanaşı şəxsi "Comando Fight Klub" unu yaradaraq çoxlu sayda özü kimi tələbələr yetişdirmişdir.

Gürcüstan Respublikasında Ultimax döyüş növləri üzrə keçirilən 3-cü Dünya Çempionatında 1 tələbəsi dünya çempionu olmuş, digər 3 tələbəsi isə fərqli dərəcələrlə III yeri qazanmışlar.

28 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsində könüllü olaraq yollanan, ailəsi ilə "Vətən dardadır" deyərək sağollaşan Səbuhi Sadıqov "dua et ana mən arzuma çatım" sözlərini demişdir. Xüsusi Təyinatlı Qüvvələrin (bundan sonra XTQ) tərkibində kəşfiyyatçı kimi fəaliyyət göstərərək Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı uğrunda döyüşmüşdür. O, Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Noyabrın 5 – də Füzuli rayonunun Əhmədbəyli kənd qəbirstanliginda dəfn olunmuşdur. 

Valideynləri ilə sagollaşarkən “Dua et ana, mən arzuma çatım” sözlərini söyləyən Səbuhinin ən böyük arzusu doğma Qarabağımızı mənfur düşməndən azad etmək və bu yolda şəhidlik zirvəsinə yüksəlmək idi. Onun düşüncələrində, onun qəlbində heç vaxt görmədiyi torpaqların: ata ocağı Ələsgərli kəndi, anasından duyduğu barlı-bağatlı, sirin sulu kəhrizləri ilə məşhur olan ana yurdu Horadiz kəndinin timsalında bütün Qarabağ yanğısı, həsrəti vardı.

2020-ci ilin yayında bütün fikri “Lələ təpə”də olan dostlarının yanında idi. Deyirdi ki, yayın istisində onlar orada əziyyət çəkirlər. Bibisi rayonda yaşayırdı, onlara gedib oradan həmin əsgərlərə yemək bişirtdirib, digər ərzaq ehtiyaclarını - su, siqaret və s. aparıb onların postlarına çatdırmışdı. Ancaq avqust ayında Bakıya qayıtdı, cəmi bir ay evdə qaldı, sonra isə yenidən cəbhəyə yollandı. Hamımız dedik ki, getmə bala evin tək oğlusan, nişanlısan, bu gün-sabah toyun olacaq. Dedi ki, Vətən dardadır, getməliyəm!

Səbuhi nişanlı idi, 2020-ci il aprel ayında toyları olmalı idi, amma pandemiya şəraitinə görə qaldı. Döyüşə gedəndə qulağıma pıçıldadı ki, “Ana, nişanlıma deyərsən haqqımı ona halal edirəm, getsin ailə qursun, xoşbəxt olsun”.

Qocalara, yaşlılara qarşı çox qayğıkeş idi. Gecə saat 12-də də, 1-ə işləmiş olsa da işdən qayıdanda otağa keçib nənəsi Nəcibəni öpərdi, həmişə də başından öpərdi, deyirdi ki, səndən nə xoş qoxu gəlir ay nənə. Cəbhəyə yola düşəndə dedi ki, heç kimə bildirməyin, qoy gecə rahat yatsınlar. Sabah eşidəndə hamı narahat oldu, çox sevimli idi, hamı onu çox istəyirdi. Vətənini çox sevirdi, başqa ölkələrdən çox təklif gəldi amma dedi ki, mən necə oğulam ki, Vətəni, ailəmi qoyub gedim, bacısını çox sevirdi. Cəbhədən zəng vuranda həmişə bacım əmanəti deyirdi, Aliyəni heç vaxt tək qoymayın. 

Şəhidlik zirvəsinə yüksələcəyini əvvəlcədən bilirdi... Səbuhinin sağ qalan cəbhə yoldaşlarının məlumatına əsaslanan şəhid atası Rövşən Sadıqovun dediklərindən: “Axırıncı dəfə, 4 noyabr 2020-ci il tarixində qanlı döyüşlər getdiyi Laçının Suarası kəndində onunla bir yerdə döyüşdə olanlar var. Amma bütün yoldaşları həlak olduğu üçün son döyüşü haqqında heç bir ətraflı məlumat əldə edə bilmədik. Cəbhə yoldaşlarından biri özünün sosial şəbəkəsində Səbuhi haqqında belə paylaşım edib: “Ciyərli oğlan idi, qorxmaz idi. Üzərində olanlar azalmışdı deyə, məndən əlavə güllə istədi. Mən onunla bölüşdüm güllələrimi. Mənə dedi ki, “Şuşada görüşərik İnşəAllah!”. Sonra mən yaralanaraq aşağıda qaldım, onlar isə Laçına qalxdılar. Özümə gələndə eşitdim ki, Səbuhigil düşmən pusqusuna düşərək 6 nəfər hamısı bir yerdə şəhid olublar”.

 

Tural İlham oğlu Vəliyev 

Tural Vəliyev 9 may 2001-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olmuşdur. İmişli rayon şəhid Qabil Mərdəliyev adına Xəlfəli kənd tam orta məktəbini bitirmişdir. 2020-ci il iyul ayında hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman Kəlbəcər istiqamətində döyüşlərə qatılıb. Murovdağın azad olunmasında iştirak edib.

27 sentyabr 2020-ci ildə Murovdağda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. İkinci Qarabağ müharibəsinin ilk şəhidlərindən biri, İmişli rayonunun İkinci Qarabağ müharibəsində verdiyi ilk şəhididir. Doğulduğu İmişli rayon Xəlfəli kəndində dəfn olunmuşdur. Şəkli Xəlfəli kənd şəhidləri abidəsində əks olunmuşdur. Ölümündən sonra 6 medal və ordenlə təltif olunmuşdur.

Qeyd edək ki, şəhidin atası, Birinci Qarabağ müharibəsi qazisi İlham Vəliyev topçu olmuşdur. Şəhid Tural da topçu olmuş və şəhidlik zirvəsinə yüksəlmişdir. Şəhidimizin əmisi də Birinci Qarabağ müharibəsi qazisidir.

Tural Vəliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Tural Vəliyev sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 

Tural Vəliyev 27 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Vəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Vəliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. 

 

Anar Sərxan oğlu Yusifov 

Anar Yusifov 9 may 1991-ci ildə Ağdam rayonunun Sarıcalı kəndində Sərxan Yusifovun ailəsində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra Ağdam Dövlət İqtisad Kollecinin maliyyə-kredit fakültəsində təhsilini davam etdirmişdir. Ailəli idi, 2 qızı və 1 oğlu yadigar qaldı.

Anar Yusifov 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2011-ci ildə hərbi xidmətini başa vurmuş və mülki fəaliyyətə davam etmişdir.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Anar Yusifov səfərbər olunmuşdur. Hərbi təlim toplantılarına çağırılmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Anar Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü atıcı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Anar Yusifov 30 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu Ağdamda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 

Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Anar Yusifov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

 Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Yusifov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.