20 Mart
Novruz bayramı
Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar ta qədimdən yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox Şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilmişdir. Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. “Novruz” – hərfi mənada “yeni gün” deməkdir. Amma ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. “Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Novruz haqqında məlumatlara Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və b. əsərlərində rast gəlirik. Qədim dövrlərdə Novruz təkcə xalq bayramı kimi deyil, eyni zamanda, dövlət bayramı kimi qeyd olunmuşdur. Tarixi məlumatlara görə, Novruz bayramı bir ay davam edirdi. Novruz bayramı şənliklərində kütləvi gəzintilər, xalq oyunları, nəğmələr oxunması, məzhəkəçilərin və kəndirbazların çıxışları olurdu. İnternetdə: www.books.google.com
Beynəlxalq Xoşbəxtlik Günü, (2012)
BMT 2012-ci ildə martın 20-ni Beynəlxalq Xoşbəxtlik Günü (International Day of Happiness) elan etmişdir. Burada məqsəd xoşbəxtliyə can atmağın planetimizdəki bütün insanların ortaq hissi olması haqqında ideyanı dəstəkləməkdir.
Beynəlxalq Xoşbəxtlik Gününün təsisçilərinin fikrincə, bu bayram xoşbəxtliyin bəşəriyyətin əsas məqsədlərindən biri olduğunu göstərmək və xatırlatmaq üçün təsis olunub. Bununla əlaqədar təsisçilər bütün ölkələri öz səylərini hər bir insanın rifahına yönəltməyə çağırırlar. BMT hər bir üzv dövlətə, beynəlxalq və regional təşkilatlara, həmçinin mülki şəxslər və qeyri-hökumət təşkilatları da daxil olmaqla, vətəndaş cəmiyyətinə Beynəlxalq Xoşbəxtlik Gününü, maarifləndirmə tədbirləri də daxil olmaqla, lazımı qaydada qeyd etməyə çağırır.
Şair Davud Ordubadlının 95 illiyi, (1930)
Vahabov Davud Rzaqulu oğlu – şair, 1956-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1990).
Vahabov Davud Rzaqulu oğlu 1930-cu il martın 20-də Azərbaycanda, Ordubad şəhərində anadan olmuşdur. Kiçik yaşlarından ata-anasını itirmiş, qardaşının himayəsində boya-başa çatmışdır. İkinci Dünya müharibəsi illərində Ordubad konserv və barama zavodlarında fəhləlik etmişdir. İki il Zaqafqaziya dəmiryolunun Mehri stansiyasındakı 7 saylı su kəməri idarəsində fəhlə, sonra isə Ordubad ipək fabrikində texniki katib, “Ordubad işçisi” rayon qəzeti redaksiyasında mürəttib, ədəbi işçi vəzifələrində çalışmışdır (1947-1949). 1939-cu ildə “Azərbaycan pioneri” qəzetində ilk şeiri dərc olunmuşdur. Lakin 1948-ci ildə “Ədəbiyyat qəzeti”ndə “Mənim respublikam” adlı şeiri çap edildikdən sonra ciddi ədəbi fəaliyyətə başlamış, öz şeirlərini və felyetonlarını “Ordubad işçisi” və “Şərq qapısı” qəzetində “V. Davud”, “Davud Sərrac”, “Davud Sərrac oğlu” imzaları ilə dərc etdirmişdir (1946-1948). 1949-cu ildə ADU-nun şərqşünaslıq fakültəsinə daxil olmuş, 1955-ci ildə oranı bitirmişdir. N. Krupskaya adına Bakı mədəni-maarif məktəbində müəllim işləmişdir (1960-1988). Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvüdür (1986- cı ildən). Hazırda bədii yaradıcılıqla məşğuldur.
Əsərləri: “Böhtan” (1954), “Həyat yollarında” (1955), “Gözəl həyat” (1956), “Ata yurdu” (1958), “Mənim arzum” (1960), “Səadət yolunda” (1962), “Qayğı” (1964), “Qartal” (1970), “Anama abidə” (1974) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S
Rəhman Eyvaz oğlu Bəşirov
Şəhid Bəşirov Rəhman Eyvaz oğlu 20.03.2002-ci ildə Salyan rayonunda dünyaya gəlib. 2020-ci il mayın 6-da hərbi xidmətə çağırılıb. Goranboy rayonu istiqamətində döyüşüb. 2020-ci il oktyabrın 1-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhid olub.
Ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", ”Cəsur döyüşçü” və "Vətən uğrunda" medallarıyla təltif edilib.
Fərmin Fərman oğlu Əliyev
Fərmin Əliyev 1996-cı il martın 20-də Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 2002-2011-ci illərdə Şıxmahmud kənd tam orta məktəbində, 2011-2013-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Fərmin Əliyev 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Fərmin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərmin Əliyev sentyabrın 27-də Talış döyüşləri zamanı şəhid olub. Babək rayonunda dəfn olunub. Ailəli idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərmin Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərmin Əliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Şamil Xançoban oğlu Əliyev
Şamil Əliyev 1996-cı il martın 20-də Füzuli rayonunun Bəhmənli kəndində anadan olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Şamil Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş zamanı yaralanaraq neytral zonada qalmasına baxmayaraq özü ordan çıxmağı bacarıb. Könüllü olaraq Hospitalda yatmağı rədd edib və təkrar döyüşə qatılıb. Əliyev Şamil Xançoban oğlu 16 oktyabr Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şamil Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Zaur Eldar oğlu Hüseynov
Zaur Hüseynov 20 mart 1992-ci ildə Beyləqan rayonunun İmamverdilər kəndində anadan olmuşdur. Zaur Hüseynov bir müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmət qulluqçusu olmuşdur. Sonra mülki fəaliyyətinə davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Zaur Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində vuruşmuşdur. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zaur Hüseynov 8 noyabr 2020-ci ildə Cəbrayıl rayonunun Qurbantəpə kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Beyləqan rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zaur Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Səməndər İsaxan oğlu İmanov
Səməndər İsaxan oğlu İmanov 20 mart 1998-ci ildə Salyon rayon Kürsəngi kəndində anadan olub. Kürsəngi kənd tam orta məktəbini bitirən Səməndər Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsinin məzunudur. Tələbəlik illərində Yeni Azərbaycan Partiyasının (YAP) üzvü və Gənclər Təşkilatının sədr müavini olub. Ötən ilin sentyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışı ilə müharibəyə yola düşən Səməndər İmanov 21 oktyabrda Xudafərin uğrunda gedən döyüşlərdə şəhid olub.
O, ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ili tətlif edilib.
Elvin İlham oğlu Məlikov
Şəhid Elvin İlham oğlu Məlikov 2001-ci il martın 20-də Bakı şəhərində doğulub. Şəhidimiz ailənin ilk övladı olub. İlk təhsilini Bakı şəhərində-Xətai rayon 24 saylı tam orta məktəbdə alıb. Elvin 15-16 yaşlarında həm dərslərini oxuyur, universitetə hazırlaşır, həm də işləyərək ailəsinə dəstək olurdu. Gürcüstanda Beynəlxalq münasibətlər ixtisasında təhsil alsa da, atasının qəfil vəfatından sonra universiteti tərk edib və 2019-cu il oktyabrın 19-da hərbi xidmətə yollanıb. XTQ-də xidmət edən Elvin snayperdə yaxşı atıcılıq qabiliyyəti ilə seçilib. Xidmətinə Ağcabədidə başlayan qəhrəmanımız Vətən müharibəsi zamanı ön cəbhədə vuruşub. Füzulinin azad olunması istiqamətində aparılan əməliyyatlarda iştirak edib.
5 gün yatmadan Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Elvin Qaraxanbəyli kəndində gedən döyüşlər zamanı 2020-ci il oktyabrın 3-də qəhrəmancasına şəhid olub. Ölümündən sonra Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Novruz İnqilab oğlu Məmmədov
Məmmədov Novruz İnqilab oğlu 1991-ci il martın 20-də Sumqayıt şəhərində anadan olub. Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsində yerləşən 6 saylı məktəbdə oxuyub. H.Z.Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə MAXE-sürücü işləyib. Hərbi xidmətdə olarkəndə kəşfiyyatçı, snayperçi olub. Azərbaycan Ordusunun əsgəri olan Novruz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 24-də Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə həlak olub.
Şahmar Vidadi oğlu Mənəfov
Şahmar Mənəfov 1990-cı il martın 20-də Neftçala rayonunun Cəngan kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik giziri olan Şahmar Mənəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahmar Mənəfov oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Neftçala rayonunun Cəngan kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahmar Mənəfov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bayram Mehman oğlu Musayev
Musayev Bayram Mehman oğlu 2001-ci il martın 20-də anadan olmuşdur. Novruzda doğulduğu üçün adını Bayram qoymuşdular. Orta məktəbi Hilal Ənnağıyev adına Qasımbəyli kənd tam orta məktəbində oxuyub. O öz istəyi ilə sənədlərini Sabirabad rayonu Peşə Liseyinə verir. Liseyi müvəffəqiyyətlə qurtararaq, traktorçu ixtisasına yiyələnmişdir. Bayram Musayev 2019-cu ilin iyulunda Sabirabad Rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Bayram həqiqi hərbi xidmətini Ağdam rayonunun “N”saylı hərbi hissəsində keçmişdir. İkinci Qarabağ müharibəsi başlayanda da hərbi hissədən birbaşa cəbhəyə yollanan Bayram, Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə fəal iştirak edir və 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalır. O, Yuxarı Axtaçı kənd qəbristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bayram Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bayram Musayev ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ətraf Oktay oğlu Qənimətov
Şəhid Ətraf Qənimətov 20 mart 1997-ci ildə Şəki şəhəri Dəmiryol köçkünlər qəsəbəsində anadan olub. O, 2003-cü il Şəki şəhər "Çələbixan" qəsəbə köçkünlər tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbi bitirib, Sumqayıt Dövlət Üniversitetinin "Tarix və Coğrafiya" fakültəsinin "Tarix müəllimliyi" ixtisasına qəbul olmuşdur. Azərbaycan Ordusunun Quru Qoşunlarının Leytenantı olan Ətraf Qənimətov 2020-ci il oktyabrın 13-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı oktyabrın 13-də Füzüli döyüşləri zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ətraf Qənimətov "Vətən Uğrunda" və "Füzuli Uğrunda" medalları ilə təltif edildi.