27 Mart
Beynəlxalq Teatr Günü, (1962)
Bu günün hər il dünyada keçirilməsi ilə bağlı qərar YUNESKO yanında Beynəlxalq Teatr İnstitutunun 1962-ci ildə Vyanada keçirilən konqresində qəbul olunub. Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibətilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub. Ölkəmizin rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bu gün uğurla həyata keçirilir. Proqrama uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, Dövlət Rus Dram, Dövlət Gənc Tamaşaçılar, Dövlət Akademik Milli Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa, yenidənqurma işləri aparılmışdır. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Ötən illər ərzində respublika teatrları dünyanın 20-dən artıq ölkəsində, o cümlədən Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna və İsveçrədə keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil ediblər. Eyni zamanda, xarici dövlətlərdən tanınmış rejissorlar, baletmeysterlər, xoreoqraflar, teatr rəssamları tamaşa hazırlamaq üçün Azərbaycana dəvət olunublar. Hər il Beynəlxalq Teatr Günü ilə əlaqədar ölkə teatrlarında müxtəlif tədbirlər keçirilir, tamaşalar göstərilir.
Tənqidçi, tərcüməçi Azər Mustafazadənin 85 illiyi, (27.03.1939)
Azər Mustafazadə 1939-cu il martın 27-də Bakıda ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəbi doğma Bakıda bitirdikdən sonra həmin il Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub və 1964-cü ildə oranı müvəffəqiyyətlə bitirib. Həmin ildən də əmək fəaliyyətinə başlayan A.Mustafazadə bir neçə il "Literaturnıy Azerbaydjan" jurnalında şöbə müdiri və məsul katib vəzifəsində işləmişdir. 1968-1971-ci illərdə isə SSRİ Yazıçılar İttifaqının orqanı olan nüfuzlu "Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilib. O, bu vəzifəsindən istifadə edərək işlədiyi müddətdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənəti haqqında dəfələrlə dəyərli yazılar yazaraq qəzetin səhifələrində çıxış edib, Azərbaycanın görkəmli ziyalılarını SSRİ oxucusuna tanıtdırırdı. Azər Mustafazadə 1972-ci ildən 1983-cü ilə qədər Moskvada SSRİ Yazıçılar İttifaqında Azərbaycan Ədəbiyyatı üzrə Şuranın məsul katibi vəzifəsinə irəli çəkilib. Bu vəzifəni şərəflə yerinə yetirən azərbaycanlı ziyalı ədəbi-bədii və tərcüməçilik fəaliyyətindən də qalmır, canla-başla Azərbaycanın ədəbiyyatının təbliğinə xidmət edirdi. Moskvada çalışdığı illərdə o, Mirzə İbrahimovun, Süleyman Rəhimovun, Fərman Kərimzadənin, Sabir Əhmədovun, Kamal Abdullanın və başqalarının əsərlərini rus dilinə çevirərək Moskvanın nüfuzlu nəşriyyatlarında çap etdirirdi. Bundan başqa, paytaxtda mühüm ədəbi-bədii tədbirlərin təşkil edilməsində və keçirilməsində xüsusi fəallıq göstərirdi. Azərbaycan mədəniyyətini, ədəbiyyatını və incəsənətini hər zaman yüksək dəyərləndirən Azərbaycanın böyük oğlu Heydər Əliyev həmin illərdə Azərbaycan KP MK-nın birinci katibi idi. A.Mustafazadənin Moskvadakı fəaliyyəti Heydər Əliyevin diqqətindən yayınmamış, ona dəfələrlə rəsmi təşəkkür etmişdir. Azər müəllimin Moskvadakı fəaliyyəti getdikcə genişlənir, tez-tez mühüm vəzifələrə irəli çəkilirdi. Lakin 1983-cü ildə Vətənə – Azərbaycana dəvət olunub. Əvvəlcə Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti işləri Komitəsində sədr müavini təyin edilib və bundan başqa müxtəlif partiya vəzifələrinə irəli çəkilib. 1990-cı ildə isə Azərbaycan Dövlət Nəşriyyatı "Azərnəşr"ə direktor təyin edilib. 10 aprel 2014-cü ildə Azərbaycanda nəşriyyat işi sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Tərcümələri: Məmməd Cəfər, Cəlil Məmmədquluzadə (1966), Fərman Kərimzadə “Qarlı aşırım “ (1974), Sabir Əhmədov “Yamacda nişanə “ (1976), Mirzə İbrahimov “Mənim həyatımın kitabı” (1979) və s.
Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.S.107.
Türk yazıçısı Yaqub Qədri Qaraosmanoğlunun 125 illiyi, (1889-1974)
Yaqub Qədri Qaraosmanoğlu 27 mart 1889-cu ildə Qahirədə anadan olmuşdur. Atası Manisanın məşhur Qaraosmanoğlu soyuna mənsub Əbdülqadir bəy, anası İqbal xanım idi. Atası 1833-cü ildə Kavalalı İbrahim paşanın Manisanı işğalı sırasında ona yaxınlıq göstərmiş və onun Misirdəki malikanəsinə yerləşmişdi. Əbdülqadir bəyin malikanə yiyələrindən İqbal xanım ilə etdiyi evlilikdən dünyaya gələn ikinci övladı Yaqub Qədri idi. Yaqub Qədrinin ailəsi İbrahim paşanın vəfatından sonra Türkiyəyə dönmüşdür. Yaqub Qədri burada ilk təhsilini almış, 1903-cü ildə İzmir edadiyasına (liseyinə) daxil olmuşdur. Atasının vəfatı səbəbiylə 1905-ci ildə anası ilə bərabər Misirə dönmüşdür. Misirdə Fransız məktəbində orta təhsilini başa vurmuşdur. Yaqub Qədri 1908-ci ildə İstanbula gəlmiş, Balkan savaşına qədər ailəsi ilə burda yaşamışdır. Bu illər ərzində Ziyalı cəmiyyətinə qatılmış, bir çox qəzet və jurnallarda yazılar çap etdirmişdir. 1932-ci ildə Atatürkün istəyi ilə Yaqub Qədri Qaraosmanoğlu, Vedat Nədim Tör və b. ilə birlikdə “Kadro” dərgisini çıxarmağa başlamışdır. Yeni nəşrin əsas məqsədi Atatürk ideyalarının təbliği, kamalizmi ideologiyaya çevirmək idi. Yaqub Qədri jurnalistik fəaliyyətindən tutmuş, demək olar ki, ədəbiyyatın bütün sahələrində əsərlər yazmışdır. O, ictimai-siyasi xadim, Kadro dərgisinin qurucusu, jurnalist, şair və yazıçı olmuşdur. Onun romanları XX türk romanın ən dəyərli töhfələrindəndir. “Kirayə verilən mülk” (1922), “Nur baba” (1928), “Sodom və Qomorra” (1928), “Yad adam” (1932), “Anqara” (1934), “Sürgün” (1937), “Panorama” (c. 1-2, 1953-54) romanlarında, “Könülsüz diplomat” (1955) adlı xatirələrində Türkiyə tarixinin tənzimatdan başlayaraq tərq. yüzillik dövrü əksini tapmışdır. Bəzi hekayələri Azərbaycan dilinə tərcümə edilmişdir. Yaqub Qədri Qaraosmanoğlu 13 dekabr 1974-cü ildə vəfat etmişdir.
Əsərləri: “Kirayə verilən mülk” (1922), “Nur Baba” (1922), “Hökm gecəsi” (1927), “Sodom və Gomore” (1928), “Yad adam” (1932), “Anqara” (1934), “Bir Sürgün” (1937), “Panorama I” (1949), “Panorama II” (1952), “Könülsüz diplomat” (1955) və “Həp o şarkı” (1956) və s.
Abdullayev Mərahim Aslan oğlu
Mərahim Abdullayev 27 mart 2002-ci ildə Şəmkir rayonu Keçili kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətinin ilk 5 ayından sonra Vətən müharibəsi başlamışdır. O, müharibənin ön cəbhəsinə könüllü olaraq atılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Mərahim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
İbrahimov Elşən Cahangir oğlu
Elşən İbrahimov Cahangir oğlu 2002-ci il 27 martda Şəki şəhərində anadan olub. 2008-ildə Şəki şəhəri 11 nömrəli tam orta məktəbdə birinci sinifə gedib. Həmin məktəbi 2019-cu ildə bitirmiş və Bakı sosial iqtisad kollecində bank işi ixtisasına qəbul olub. Həmin ilin ikinci yarımilində isə kollecini dəyişərək Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinə daxil olub.
Elşən İbrahimov 2020-ci ilin may ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılıb.
Azərbaycan Ordusunun əsgəri olan Elşən İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər istiqamətində gedən döyüşlərdə savaşıb. Elşən İbrahimov oktyabrın 4-də Tərtər rayonunda gedən döyüşlər zamanı şəhid olub. Şəkidə dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşən İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məmiyev Valeh İsbat oğlu
Valeh Məmiyev 1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur.
Vətənpərvərlik hissi onun 2011-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olumasına gətirib çıxardı. 4 il həmin ali məktəbdə və daha sonra Silahlı Qüvvələrin TTM-də təhsilini davam etdirən Valeh 2015-ci ilin dekabr ayında ali zabit — leytenant rütbəsini alaraq tank tağım komandiri kimi vətənə xidmətə başladı. Çox qısa bir müddət ərzində özünü vətəninə bağlı zabit kimi göstərmiş və 2018-ci ilin avqust ayında həmin hərbi hissədə tank bölük komandiri vəzifəsinə yüksələ bilmişdi.
Nümunəviliyi, döyüş taktikası, şəxsi heyətlə iş qabiliyyəti və digər keyfiyyətlərinə görə dəfələrlə fəxri fərmanlar əldə etmiş və təltif olunmuşdu. Bunlara "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı və hərbi hissə və MN nazirliyi tərəfindən verilən bir neçə fəxri fərmanları, təltifnamələri aid etmək olar.
Bütün təlimlərə aparıcı zabit kimi qoşulmuş, şəxsi heyətin döyüş taktikasına yiyələnməsində çöx böyük əməyi olmuşdur. 2020-ci il türk-azərbaycan təlimlərində isə çox böyük qəhrəmanlıqla iştirak etmiş və təlimlərin sonunda Türkiyənin Müdafiə Naziri Hulusi Akar tərəfindən şəxsən xüsusi fərqlənmə ilə təltif edilmiş və hədiyyələr almışdır.
Azərbaycan Ordusunun baş leytenantı olan Valeh Məmiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə cəsur komandir kimi iştirak etmişdir. Valeh Məmiyev oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanmışdır. Oktyabrın ayının 23-də isə aldığı yaradan həlak olmuşdur. Doğulduğu Yardımlı rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Məmiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Məmiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Valeh Məmiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Müdafiə Nazirliyinin paylaşdığı bir rəsmi videoda igid, qorxmaz komandir baş leytenant Valeh Mamiyevin öz bölüyü ilə ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirilməsi əks olunmuşdur. Valeh həmin döyüşdə ümumi tanklarin komandirliyini aparmış və videodan da göründüyü kimi Azərbaycan Ordusunun zirehli texnikası və əsgərlərinin erməni xüsusi təyinatlılarını qovaraq onlara ağır zərbələr endirmişdir.
Cəsur Komandir Valeh Məmiyevin son döyüşü 19 oktyabr 2020-ci il tarixində Qubadlı-Laçın istiqamətində şəhid Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun komandanlıq etdiyi döyüş idi və bu döyüşdə o qəhrəmancasına döyüşərək yaralanmış və 23 oktyabr 2020-ci il tarixində həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının tank bölüyünə rəhbərlik edən, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Valeh Məmiyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Məmmədov İlkin Fərhad oğlu
İlkin Məmmədov 27 mart 2002-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur.
İlkin Məmmədov orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur.
Şəhid İlkin Məmmədov 6 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Səmədov Məhərrəm Elxan oğlu
Məhərrəm Səmədov 27 mart 2001-ci ildə Bakıda, Maştağa qəsəbəsində dünyaya gəlib. 2007-ci ildə Maştağada yerləşən 209 saylı tam orta məktəbə daxil olmuş, 2016-cı ildə Xəzər rayonu Binə qəsəbəsində yerləşən 101 saylı peşə məktəbinin Avtoelektrik ixtisasına yiyələnmişdir. Peşə məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanmışdır.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Məhərrəm Səmədov Suqovuşan və Ağdərə döyüşlərində savaşıb. 24 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Sabunçu rayonu Maştağa qəsəbəsində şəhidlər xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhərrəm Səmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məhərrəm Səmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məhərrəm Səmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Xəlilov Gülşad Elşad oğlu
Gülşad Xəlilov 2001-ci il martın 27-də Masallı rayonunun Kürdəbazlı kəndində anadan olub. Subay idi.
Gülşad Xəlilov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Gülşad Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gülşad Xəlilov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gülşad Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Gülşad Xəlilov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəlilov Hüseyn Rasim oğlu
Hüseyn Xəlilov 27 mart 2002-ci ildə Sabunçu rayonunun Nardaran qəsəbəsində anadan olmuşdur. Əslən Bakının Nardaran kəndindəndir. 2020-ci ilə qədər 295 nömrəli tam orta məktəbdə və "dülgərlik" ixtisası üzrə peşə məktəbində təhsil alıb. Subay idi.
Hüseyn Xəlilov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hüseyn Xəlilovun döyüşlərdə olduğu zaman çəkilmiş şəkli sosial şəbəkələrdə paylaşılmışdı. Hüseyn Xəlilov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı yaralanmışdır. Gəncədə və Bakıda yerləşən xəstəxanada koma vəziyyətində saxlanmışdır. 25 aprel 2021-ci ildə koma vəziyyəti zamanı müalicə aldığı xəstəxanada həlak olmuşdur. Nardaran qəsəbəsində dəfn edilmişdir
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Xəlilov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.