20 Noyabr

Ağdam şəhərinin işğaldan azad edildiyi gün

Ağdam — Azərbaycan Respublikasının Ağdam şəhər inzibati ərazi dairəsində şəhər.  

1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq  Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub. Bununla belə Ağdam şəhərinin işğalına son qoyulur. 1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.1828-ci ildə Ağdama şəhər statusu verilmişdir. Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri vardır. Onlardan XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalasını qeyd etmək olar. Şəhərin tanınmış sakinlərdən dramaturq Məcid Şamxalov, pediatr Ədilə Namazova, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov, yazıçı Ramiz Abbaslı, aktyor Murad bəy Muradov, tarzən Qurban Pirimov, xanəndə Nəzakət Teymurova, Sosialist Əməyi Qəhrəmanı Əminə Cəfərova, film direktoru Rimma Abdullayeva, futbolçu Vüqar Nadirovu və digərlərini qeyd etmək olar.    20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, iqtisadiyyatın yüksək inkişaf  etdiyi  rayonlardan birinə çevriləcək.Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ağdam rayonuna getmişlər. Onlar  Ağdam məscidini ziyarət etmişlər. Prezident Məkkədən gətirdiyi ‘’Qurani-Kərim’’i Ağdam məscidinə  bağışlamışdır. 

 

Ümumdünya Uşaqlar Günü

“Uşaqlar – bizim sabahkı hakimlərimizdir, bizim dünyagörüşümüzün, əməllərimizin tənqidçiləridir”. / M. Qorki

Ümumdünya Uşaqlar Günü (Ümumdünya Uşaq Hüquqları Günü) (ing. Universal Children's Day) – 1954-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən (№836, (IX) saylı qətnamə) 1956-cı ildən bütün dövlətlərə uşaqlar şərəfinə keçirilməsi tövsiyə olunan bayramdır. 

Baş Assambleya öz qətnaməsində qeyd edirdi ki, Ümumdünya  Uşaqlar Gününün ümumi bayram kimi  qeyd  edilməsi  millətlər arasında  həmrəyliyin və əməkdaşlığın  bərkidilməsinə xidmət edəcək. BMT  tərəfindən  1959-cu ilin  20 noyabrında "Uşaq Hüquqları Bəyannaməsi", 1989-cu ildə isə "Uşaq Hüquqları Konvensiyası" qəbul etmişdir. Uşaq Hüquqları Konvensiyası (UHK) uşaqların insan hüquqlarını təsdiq edən ilk icbari hüquqa malik beynəlxalq konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK, demək olar ki, bütün dünyada qəbul edilib. 

1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən bəyannamə qəbul edilmişdir. Bu bəyannamədə deyilirdi ki, "bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Bu bəyannamənin qəbulu ilə bağlı ilk işlər Eglantyne Djebb tərəfindən görülmüşdür. Birinci Dünya müharibəsinin dəhşətlərinin şahidi olan Eglantyne Djebb müharibənin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduqlarını anlayıb. O, bacısı Doroti Bakstonun köməyi ilə 1919-cu ildə uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda “Uşaqlara Yardım Fondu”nun əsasını qoyub. 

 

Azərbaycan Fotoqraflar Birliyi (AFB) yaradılmışdır

 Azərbaycan Fotoqraflar Birliyi həvəskar və professional fotoqrafları bir araya gətirən, Azərbaycan Respublikasında fotoqrafiya sənətinin inkişafından, əldə edilən nailiyyətlərin qorunub saxlanması və ölkə daxilində və xaricdə təbliğindən ibarətdir.

Azərbaycan Fotoqraflar Birliyi (AFB) ictimai, yaradıcılıq, qeyri-kommersiya təşkilatı olub açıq cəmiyyət, könüllülük və özünüidarə prinsiplərinə əsaslanır. Birlik AR-nin konstitusiyasına və təşkilatın Nizamnaməsinə uyğun fəaliyyət göstərir. AFB 1998-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1073 nömrəli şəhadətnamə ilə qeydə alınmışdır. 1990-cı ilin əvvəlində SSRİ-nin dağıldığı vaxt işlək strukturlar fəaliyyətdən düşdü və tamamilə aydın bir zərurət yarandı ki, təcrübəli, həvəskar, peşəkar, bir sözlə, fotoqrafiyanı sevən hər kəsi birləşdirmək iqtidarında olan bir təşkilat qurmaq lazımdır. O zamanlar təşkilatlanmaqda Fransanın Nant şəhərində "Azərbaycan fotoqrafları" sərgisinin nümayişi bizim üçün ciddi və səfərbəredici amil rolunu oynadı. Sərgi 1995-ci ilin noyabrında baş tutdu, 24 fotoqrafın 105 əsəri göstərildi. Nümayişin uğuru gözlənildiyindən də artıq oldu, fotoqraflarımız yaradıcıqlarına, özlərinə qarşı böyük maraq hiss etdilər, ictimai rəy, bu gözəl peşəyə münasibət də kökündən dəyişdi. Fransa fotosərgisindən sonra düz 3 il mübahisə-müzakirələr oldu, nizamnamə yazıldı, müxtəlif maneələr dəf edildi, təşəbbüs qrupu yaradıldı ki, o da işi məntiqi sonluğa çatdıra bildi: birlik 1994-cü ildən faktiki olaraq işləsə də, hüquqi statusa malik deyildi, amma indi o rəsmi qeydiyyata alındı.

AFB-nin əsas məqsəd və vəzifəsi milli foto sənətini inkişaf etdirmək, ölkədə və xaricdə onun nailiyyətlərini yaymaq, foto irsimizdən yaradıcılıqla bəhrələnib onu qorumaqdır. AFB foto sənətimizin təbliği və inkişafı məqsədilə sərgilər, müsabiqələr, festivallar, ustad dərsləri və yaradıcılıq seminarları keçirir, Azərbaycan və xarici fotoqrafların iştirakı ilə konfranslar, simpoziumlar təşkil edir, həmçinin həvəskar fotoqraflar hərəkatlarına hər cür dəstək verir.

Bu gün AFB inkişafının yeni mərhələsinə qədəm qoyur. Həm təşkilati, həm də birliyin simasını formalaşdırmaq baxımından hələ çox işlər görülməlidir. Bütün maraqlı tərəflərdə münasibətlər qurulmalı, birlik üzvlərinin yaradıcılıq fəaliyyətləri üçün maddi zəmin və şərait yaradılmalıdır.

AFB-nin yaranmasından 10 il keçir. Yaradıcılıq birliyinin üzvləri bu zaman kəsiyində 100-dən artıq sərginin hazırlanması işində iştirak etmişlər. Sərgilərdən 30-u xaricdə baş tutmuşdur (AFB, Böyük Britaniya, Fransa, Türkiyə, Almaniya, Belçika, Ukrayna, Yunanıstan, Rusiya, Monqolustan, Özbəkistan, Qazaxıstan, Gürcüstan və s.). AFB-nin idarə heyətinin sədri Mirnaib Həsənoğludur.

 

Qarakənd faciəsi, (1991)

 Qarakənd faciəsi və ya 20 noyabr  faciəsi Xocavənd rayonunun Qarakənd yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsidir. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də, saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi  Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini  Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist  Osman Mirzəyev, Qazaxıstan Respublikası  daxili işlər nazirinin müavini  Sanlal Serikov,  Azərbaycan Dövlət Televiziyasının  jurnalisti  Alı Mustafayev  və başqaları var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olmuşdur.

 

Ağayev Mirlətif Mirislam oğlu

Mirlətif Ağayev 1990-cı il noyabrın 20-də Göytəpə şəhərində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Subay idi.

Mirlətif Ağayev 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi həbi xidmətdə olub.

Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Mirlətif Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Mirlətif Ağayev oktyabrın 26-da Qubadlı döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirlətif Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirlətif Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirlətif Ağayev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.