F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2010-cu il mayın 6-da alman uşaq ədəbiyyatı sərgisi keçirdi. Tədbirdə Almaniyanın Azərbaycandakı səfirinin müavini Tomas Veys, səfirliyin mədəniyyət şöbəsinin nümayəndələri, yazıçı Nüşabə Məmmədli, KİV nümayəndələri, kitabxana işçiləri, çoxlu sayda məktəblilər iştirak edirdi. Tədbiri keçirməkdə məqsəd alman mədəniyyətinin təbliği, uşaq ədəbiyyatı nümunələrinin daha aydın şəkildə göstərilməsi, ona maraq yaratmaqdan ibarət idi. Sərgidə müasir alman uşaq ədəbiyyatı oxucuların diqqətinə çatdırıldı. Tədbiri kitabxananın direktoru Fizurə Quliyeva açdı. O öz çıxışında bildirdi ki, artıq üçüncü dəfədir ki, alman uşaq ədəbiyyatı sərgisi bizim kitabxanada açılır. Alman səfiri özü dəfələrlə bizim kitabxanada olmuş, sərgi zamanı təəssüratlarını uşaqlarla bölüşdürmüşdür. Belə kitab sərgilərindən sonra alman dili öyrənən məktəblilər bizim kitabxanaya üzv olmuş, kitablardan istifadə etmişlər.
Tədbirdə “Yazıçı Qadınlar” İctimai Birliyinin sədri, yazıçı Nüşabə Məmmədli alman ədəbiyyatı və tərcüməsi ilə bağlı çıxış etdi. Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova Almaniya səfirliyi ilə mədəni əlaqələrindən danışdı, alman bəstəkarı İ.Baxın musiqisi altında uşaqlara proyektor vasitəsilə kitabların şəkillərini slaydlarla göstərərək kitabxanada olan alman uşaq ədəbiyyatı nümunələri, alman uşaq yazıçıları haqqında geniş məlumat verdi. Almaniyadan xüsusi olaraq bizim oxucularımız üçün gətirilən kitablara görə alman səfirliyi əməkdaşlarına öz təşəkkürünü bildirdi.
Almaniyanın Azərbaycandakı konsulu Tomas Veys çıxışında kitab sərgisinin məhz səfir Per Kristofer Stançinanın təşəbbüsü ilə kitabxanada sərgiləndiyini vurğuladı və qeyd etdi ki, Almaniyadan gətirilən bu kitablar (37 adda) sərgidən sonra kitabxananın fonduna hədiyyə ediləcəkdir. Tədbir iştirakçıları alman uşaq ədəbiyyatı sərgisi lə bağlı suallarla səfirin müavininə müraciət etdilər, öz fikirlərini bildirdilər.