20 aprel 2010-cu ildə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxu zalında görkəmli uşaq şairi Xanımana Əlibəylinin yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə Quliyeva açaraq uşaq ədəbiyyatının inkişafında X.Əlibəylinin xidmətlərindən, onun yaradıcılığının müxtəlif istiqamətlərindən ətraflı söz açdı. Xatırladaq ki, Xanımana Əlibəyli uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir. Onun sənətkar əməyi həmişə tənqidin və ədəbi ictimaiyyətin diqqət mərkəzində olaraq, yüksək qiymətləndirilib.
Səbail rayonundakı 160 və Nəsimi rayonunda yerləşən 28 saylı məktəbin kiçik yaşlı məktəbliləri onun şeirlərini söylədilər, səhnəcik göstərdilər. Xanımana Əlibəylinin əsərləri uşaqlarda vətənə məhəbbət, təbiət gözəlliklərinə vurğunluq, ataya, anaya, müəllimə, ümumiyyətlə, böyüklərə hörmət, özündən kiçiklərə şəfqət, mehribanlıq, dostluqda dəyanət kimi çox gərəkli duyğular aşıladı. Onun kiçik yaşlı qəhrəmanları böyük mənəvi dəyərlərin daşıyıcılarıdır. “Ədəbiyyatımızın xanım anası – Xanımana Əlibəyli” adlı kitab sərgisində “Aman ovçu”, “Ağ çəmən”, “Ulduzların qucağında”, “Bir yay səhəri”, “Çoxbilmiş çəpişlər”, “Məni günəşə at!”, “Meşə həkimi”, “Sevimli şəhid babam” və digər kitablar sərgiləndi. Tədbirdə yazıçı publisist Teyyub Qurban, “Yazıçı Qadınlar” ictimai birliyinin sədri Nüşabə Məmmədli, Xanımana Əlibəylinin bacısı Gülrux Əlibəyli və qızı Gülər xanım, Azərbaycan radiosu uşaq verilişləri redaksiyasının əməkdaşı Azad Qaradərəli çıxış etdilər. Xalqına, vətəninə, insanlara, maddi və mənəvi potensialına beləcə səmimi məhəbbətinə görədir ki, vətən də Xanımananı öz qoynunda qayğı ilə bəsləmiş, onun istedadına pərvəriş vermiş, yaradıcılıq uğurlarını daha da zənginləşdirmişdir.