05 mart saat 12:00 2010-cu ildə Yazıçılar Birliyinin rəsmi orqanı olan “Ədəbiyyat” qəzetinin redaksiya heyəti ilə kitabxanaçıların, oxucuların görüşü oldu. Tədbirdə qəzetin baş redaktoru Ayaz Vəfalı, əməkdaşlardan Qəzənfər Paşayev, Atababa İsmayıloğlu(məsul katib), Nizaməddin Kövrək, Nazim İbrahimov, şair, ədəbiyyatşünas Teyyub Qurban, yazıçı Nüşabə Məmmədli, uşaq yazıçısı Gülzar xanım, və b. iştirak edirdi. Tədbiri giriş sözü ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva açaraq qəzet haqqında məlumat verdi: Bu qəzet Azərbaycan ədəbiyyatının inkişafında və milli mənəvi dəyərlərin təbliğində müstəsna rol oynayır. 1934-cü ildən çıxan “Ədəbiyyat ” qəzeti əvvəllər, yəni 1994-cü ilə kimi “Ədəbiyyat və incəsənət” qəzeti adlanırdı. Keçən il qəzet 75 illiyini ölkə daxilində geniş səviyyədə qeyd etmişdir. Bu günkü tədbirimiz də məhz qəzetin yubileyinə həsr olunan dəyirmi masadır. Burada iştirak edən hər bir oxucu qəzet haqqında öz fikirlərini söyləyə bilər.
Söz 175 saylı məktəbin VII sinif şagirdlərinə verildi. Onlar vətənə, torpağa aid şeirlər söyləməklə bərabər qəzet haqqında maraqlı fikirlər də söylədilər.
Kitabxananın elmi işlər üzrə direktor müavini Z.Dadaşova “Mədəniyyət” qəzetində “Ədəbiyyatımız zəifdir, yoxsa “Ədəbiyyat qəzeti”miz?” adlı məqalə, həmçinin son vaxtlar “Ədəbiyyat qəzeti”nin zəif nəşr olunması ilə bağlı müxtəlif mətbuat orqanlarında, internet saytlarında gedən söhbətlər haqqında öz fikirlərini bildirdi. Bu gün “Ədəbiyyat”qəzeti klassik ədəbiyyatı, şifahi xalq yaradıcılığı, ədəbi-bədii həyatımızda baş verənləri geniş oxucu kütləsinə çatdırmaq kimi məsuliyyətli bir vəzifəni öz üzərinə götürüb və bu missiyanın öhdəsindən layiqincə gəlməyə çalışır. 75 illiyi ilə bağlı keçirilən tədbirlərdə üçüncü «Sərhədsiz söz» forumunun da keçirilməsi qeyd olundu. Arzu edərdik ki, bu qəzetin ömrü uzunömürlü olmaqla yanaşı həmişə birincilər sırasında olsun.
Tədbirin sonunda qəzetin baş redaktoru, əməkdaşları çıxış etdilər, verilən sualları cavablandırdılar.