Festivalın keçirilməsində əsas məqsəd uşaqları kitaba, kitabxanaya cəlb etmək, mütaliəyə həvəsləndirməkdir. II Uşaq Kitabı Festivalının proqramı
Festivalın açılışı 14 may saat 11:00-da dahi Nizaminin abidəsi önündə oldu. Meydan əlvan bayraqlar, şarlarla, festivalın emblemi, kitablar haqqında hikmətli sözlər yazılmış şüarlarla bəzədilərək uşaqların diqqətinə çatdırılmışdı. 30 adda kitab sərgiləri təşkil olunmuşdu. Tədbiri giriş sözü ilə kitabxananın direktoru F.Quliyeva açaraq uşaqları elmə, biliyə yiyələnməyə, kitabxanalara üzv olmağa, çoxlu kitab oxumağa, mütaliə etməyə səslədi. Festivalın digər günləri ilə bağlı iştirakçıları məlumatlandırdı. Sonra isə Mədəniyyət və Turizm Naziri Ə.Qarayev, Səbael rayon İcra Hakimiyyətinin başçısı Sahib Ələkbərov, Ombusman Elmira Süleymanova və digər qonaqlar çıxış etdilər. Festivalda iştirak edənlərin yaxasına döş nişanları taxıldı. Asfalt üzərində uşaqlar rəsmlər çəkdilər.
Uşaqlar çox sevdikləri nağıl qəhrəmanlarının geyimində tədbirə gələrək nağıllara olan sevgilərini bildirdilər. “Unudulmuş kitablar”ın paradı keçirildi. Tədbir ssenari üzrə başladı.
Uşaqların ifasında maraqlı səhnəcik göstərildi. Tədbirdə uşaq təşkilatlarından O.Zülfüqarovun“Aysel” qrupu, A.Şaiq adına Kukla Teatrı, Uşaq Filarmoniyası, T.İsmayılov adına Uşaq və Gənclər Yaradıcılıq sarayı, S.Vurğun adına Rus Dram Teatrı, Ş.Qurbanov adına Musiqili Komediya Teatrı iştirak etdi.
Uşaqlar arasında viktorina keçirildi, suallara düzgün cavab tapanlar hədiyyə qazandılar. Nağıl qəhrəmanları uşaqların görüşünə gələrək onları bayram münasibətilə təbrik etdi.
Uşaqlar öz sevimli uşaq yazıçı və şairləri – Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Nüşabə Məmmədli, Gülzar İbrahimova, Gülarə Munis, Sona Xəyal və Səadət Qarabağlı, həmçinin uşaq kitabları çap edən nəşriyyatların redaktorlarından Qəşəm İsabəyli, Rafiq İsmayılov, Nərgiz Cabbarlı, Akif Dənziyev ilə görüşdülər.
“Kitab köşkü”ndə uşaq kitablarının satışı M.Seyidzadə adına mərkəzi şəhər kitabxanasının nəzdində açılmış kitab mağazası tərəfindən təşkil olundu.