F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü və Ümumdünya Süd günü münasibətilə “Süd qoxulu körpələr” adlı tədbir keçirildi. Tədbirdə Nizami rayonu Zəngi liseyinin şagirdləri, uşaq yazıçıları, kitabxana əməkdaşları iştirak edirdi. Liseyin balaca fidanları onlara məxsus olan özəl günü açıq elan edərək tədbiri fləşmob göstərməklə başladılar. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı hazırlanmış tədbir “Yatmış gözəl” nağılı əsasında qurulmuş ssenari üzrə uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdi. Uşaqlar nağıl qəhrəmanlarının timsalında şeirlər, mahnılar, rəqslər və səhnəciklər göstərməklə hamıda xoş əhval-ruhiyyə yaratdılar. Tədbirlə bağlı söz kitabxananın direktoru Şəhla Qəmbərovaya verildi: Tarixə ekuskursiya edərək bu günün əhəmiyyəti və tarixi haqqında sizlərə məlumat vermək istəyirəm. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da geniş qeyd edilir. Ölkə rəhbəri İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın uşaqlara, körpələrə xüsusi diqqət və qayğısı yüksək səviyyədədir. Belə ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi, layiqli vətəndaş kimi formalaşması üçün hər cür zəruri şərait yaradılmışdır.
Şəhla xanım uşaqları bayram münasibətilə təbrik edərək çıxış üçün sözü qonaqlara - uşaq yazıçıları Sevinc Nuruqızı və Gülzar İbrahimovaya verdi. Onlar da uşaqları təbrik edərək vurğuladılar ki, uşaqlar bizim gələcəyimizdir. Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Ulu öndərimiz demişdir: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
Tədbir iştirakçıları kitab sərgilərini, çarxlı video slaydları izlədilər, hədiyyələr aldılar.


Tədbirin səkilləri
Bütün xəbərlər