2016-cı ilin 14-15 aprel tarixlərində Moldova respublikasının paytaxtı Kişinyov şəhərində Beynəlxalq konfrans keçirilirdi. Konfransın təşkilatçıları Moldova Respublikasının mədəniyyət nazirliyi, Moldova Respublikasının İon Kryange ad. Milli Uşaq kitabxanası, Moldova Respublikasının Milli kitabxanası, İBBY beynəlxalq təşkilatının milli seksiyası (və ya bölməsi) idi. Konfrans MDB dövlətlərinin Dövlətlərarası humanitar əməkdaşlıq fondunun dəstəyi ilə həyata keçirilirdi. Konfransın mövzusu “Uşaq kitabı və uşaq mütaliəsi: yeni reallıqlar, müasir yanaşmalar, əməkdaşlığın perspektivləri” idi. Eyni zamanda konfrans “Uşaq və yeniyetmələr üçün kitab” XX Beynəlxalq Uşaq Kitabı Sərgisi çərçivəsində keçirilirdi.
Konfransın proqramı geniş və əhatəli idi. 2 gün ərzində keçirilən bu tədbir qısa müddətə hesablandığı üçün çox gərgin iş planı var idi. Aprelin 14-də XX Beynəlxalq Uşaq Kitab sərgisinin açılışı oldu. Sərginin açılışı çox təntənəli keçdi. Nağıl qəhrəmanlarını təmsil edən uşaqlar, musiqi, rəqslər tədbirin şən keçməsi üçün bir vəsilə oldu. Milli Uşaq kitabxanasının direktoru Klaudiya Balabanın giriş sözündən sonra Moldova Mədəniyyət naziri və bir çox yazıçı və şairlər çıxış etdilər.
Bu sərgi hər il eyni məkanda - MOLDEXPO adlı Sərgi Mərkəzində keçirilir. Sərgidə bir çox ölkələrin – Macarıstan, Rumıniya, İtaliya və s. dövlətlərin səfirlikləri, ölkədə fəaliyyət göstərən bütün nəşriyyatlar öz məhsullarını nümayiş etdirirdi. Sərgilərin tərtibatı rəngarəng, məzmunu geniş və əhatəli idi. Burada kitablarla yanaşı uşaqların əl işləri də sərgilənirdi. Əsas məqsəd uşaq oxucusunun mütaliəsi, onun mütaliəyə cəlb edilməsi olduğu üçün sərgiyə gələnlər burada kitabdan başqa müxtəlif vasitələr – oyuncaqlar, plakatlar və s. ilə tanış olurdular.
Sərginin açılışından sonra “Ən yaxşı uşaq kitabı” müsabiqəsinin ötən ilki qalibi uşaq yazıçısı Dumitru Krudu ilə görüş oldu. Görüşdə müəllif və onun “Çantada sərçə” adlı əsəri haqqında məlumat verildi. 15 000 tirajla çap olunmuş bu kitab “Sürpriz kitab” kimi sərgidə iştirak edən bütün məktəblilərə paylandı. Uşaqlar müəllifin “Çantadakı sərçə” əsərini səhnələşdirilmiş şəkildə təqdim etdilər və tamaşaçılar tərəfindən çox maraqla qarşılandı. Səhnənin tərtibatı da uşaqlar tərəfindən hazırlanmışdı ki, bu da böyük maraq doğurdu.
Günün ikinci yarısında “Uşaq mütaliəsinin inkişafı: əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa keçirilirdi. Dəyirmi masa Moldova Milli kitabxanasında keçirilirdi. Tədbirdə başqa ölkələrdən (İsveçrə, Rumıniya, Rusiya, Azərbaycan, Litva, Ukrayna, Belorus və s.) gələn qonaqlarla yanaşı Moldovanın bütün bölgələrindən uşaq kitabxanaçıları da iştirak edirdi. Mövzu müasir və aktual olduğu üçün müzakirələr maraqlı keçdi. Hər kəs uşaq mütaliəsi sahəsində olan problemlərdən və onların həllindən danışdı. Azərbaycan nümayəndələri də bu sahədə əldə etdikləri təcrübədən danışdı.
Aprelin 15-də Beynəlxalq konfransın açılşı oldu. Konfransın açılışında Moldova Milli Uşaq kitabxanasının direktoru Klaudiya Balaban giriş sözü ilə iştirakçıları salamladı. Moldova Respublikasının Mədəniyyət naziri Monika Babuk, Rusiya Federasiyasının Moldova Respublikasında səlahiyyətli səfiri Farit Muxametşin, “Novateka” milli proqramının direktoru Evan Treys, Moldova Respublikasının Milli kitabxanasının direktoru Yelena Pintiley öz ürək sözlərini iştirakçılara çatdırdı. Sonra söz məruzəçilərə verildi.
Birinci məruzəçi Rusiya Dövlət Uşaq kitabxanasının xarici ədəbiyyat şöbəsinin müdiri, Uşaq kitabı üzrə Beynəlxalq Şuranın (İBBY) idarə heyətinin üzvü Anjella Lebedevaya verildi. Onun məruzəsi “Uşaq kitabından qarşılıqlı anlaşma və əməkdaşlığa: Beynəlxalq uşaq kitabı şurası və onun layihələri ” mövzsuna həsr olunmuşdu.
Litva Respublikasının Martinas Majvidos ad. Milli kitabxanasının direktor müavini Sandra Lekniskene “Litva kitabxanalarında XXI əsrin çağırışları”, Rusiya Dövlət uşaq kitabxanasının direktor müavini Olqa Mezensevanın “Uşaq kitabının inkişafı və müasir uşaq kitabxanaları İnternet məkanında”, F.Köçərli ad. RUK direktor müavini Zahirə Dadaşovanın “Kitabxanadan gələcəyə baxış: innovasiya və problemlər” və s. məruzələri böyük maraq doğurdu və auditoruya tərəfindən alqışlandı. Bundan başqa Rumıniyanın Milli kitabxanası, Ukrayna Milli Uşaq kitabxanası, Belorusiya Uşaq kitabxanalarının Mərkəzləşdirilmiş sisteminin direktorlarının çıxışları da maraqla qarşılandı.
Günün ikinci yarısında isə konfransın işi iki hissəyə bölündü. İkinci hissədə Azərbaycan, Rumıniya, Ukrayna, Belorus, Moldova kitabxanalarının təmsilçiləri iştirak edirdi. F.Köçərli ad. RUK-nın məlumat-biblioqrafiya şöbəsinin əməkdaşı Sevil Əhmədova “ Kitab və mütaliənin inkişafı: yeni imkanlar” adlı məruzə ilə çıxış etdi. Rumıniyadan gəlmiş Qəza kitabxanasının direktoru Sorina Stanka “Kitab döyüşü” adlı milli mütaliə müsabiqəsi, Qalats qəzasının V.A.Urekiya adlı qəza kitabxanasının direktoru Mariçika Tırıle-Sava “Hər şeyi bilmək istəyənlər klubu ” çərçivəsində keçirilən “Oxu və ötür” adlı oxucu müsabiqəsi haqqında maraq doğurdu. İ.Kryange adına Moldova Milli Uşaq kitabxanasının şöbə müdiri Lolita Kaneeva öz maraqlı məruzəsilə çıxışlara yekun vurdu.
Konfransın proqramı çox maraqlı idi. Proqram təkcə kitabxana işi və mütaliə problemlərini əhatə etmirdi. Konfransın birinci günü iştirakçılar üçün İ. Kryange ad. Moldova Milli uşaq kitabxanasına, ikinci günü isə Milli Etnoqrafiya və təbiət tarixi muzeyinə ekskursiya təşkil edilmişdi.
Konfransın bağlanış mərasimi də çox maraqlı və şən keçdi. Konfrans müddətində tanış olmuş, maraqlı diskussiyalarda iştirak etmiş həmkarlar, müxtəlif xalqların nümayəndələri dost kimi ayrıldılar.


Tədbirin səkilləri
Bütün xəbərlər