Bu gün - 15 mart 2016-cı il ilaxır çərşənbəsidir. Təbiət oyanır, elimizə, obamıza yaz gəlir. Yazın gəlişi ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanasının böyük oxu zalında xidmət şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış “Yurdumuza bahar gəlir” adlı el şənliyi keçirildi. Şənlik oxu zalının fəal oxucularının iştirakı ilə təşkil olunmuşdu. Bahar qızı, Kosa, Keçəl, Çərşənbələr, Nənə və digər uşaqların ifasında Novruz adət və ənənələri öz əksini tapdı. Bayram tədbirində rəqs kollektivinin ifasında “Yallı”, “Bayram” suitası, “Səməni” rəqs çıxışları, bədii kompozisiya nümayiş olundu. Tədbir iştirakçıları Novruz bayramına həsr olunmuş çarxlı video slaydı izlədilər, uşaqlar şeir və mahnı ifa etdilər. Həmçinin, “Haxışta” xalq deyimləri ilə adət ənənələrimizi səhnəcik halında təqdim etdilər. Tədbirin sonunda bütün uşaqlar kitabxanamızın təsis etdiyi “Göy qurşağı”uşaq jurnalı ilə mükafatlandırıldı. Tədbirdə kitabxananın direktoru Ş.Qəmbərova və direktor müavini Z.Dadaşova uşaqlara öz təşəkkürlərini bildirərək iştirakçılara bol ruzi-bərəkət və əmin-amanlıq arzuladılr: “Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib”.


Tədbirin səkilləri
Bütün xəbərlər