F.Köçərli adına Respublika uşaq kitabxanası 25 noyabr 2008-ci ildə M.Müşfiqin 100 və M.Müşfiq poeziyasının araşdırıcısı və bilicisi, yazıçı Gülhüseyn Hüseynoğlunun 85 illik yubileyləri ilə bağlı 1 saylı məktəbdə ədəbi bədii gecə keçirdi. Gecədə yazıçı-publisist İntiqam Mehdizadə, şair Teyyub Qurban, G.Hüseynoğlu, M.Seyidzadə ad. Mərkəzi uşaq kitabxanasının və Respublika elmi pedaqoji kitabxananın əməkdaşları, məktəbin dil ədəbiyyat müəllimləri, psixoloq və başqa qonaqlar iştirak edirdi. Tədbir M.Müşfiqə həsr olunmuş sənədli filmlə başladı. Sonra Bülbül adına musiqi məktəbinin şagirdləri Səid Rüstəmov və Ramiz Mirişlinin şairin ”Oxu, tar”, Hacı Xanməmmədovun “Yaşa könül”, “Yadıma düşdü”, Vasif Adıgözəlovun “Yenə o bağ olaydı” mahnılarını ifa etdilər. Yuxarı sinif şagirdləri şairin şeirlərini azərbaycan, rus, ingilis dilində söylədilər. Tədbirdə 3-cü sinif şagirdləri M.Müşfiqin “Şəngül, Şüngül, Məngül” mənzum nağılı əsasında səhnəcik göstərdilər. Tədbir iştirakçıları M.Müşfiq yaradıcılığı ilə bağlı maraqlı çıxışlar etdilər və kitablarını məktəbin kitabxanasına hədiyyə etdilər. Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatında, tariximizdə, xalqımızın yaddaşında və qəlbində həmişə 30 yaşlı çılğın bir gənc olaraq qalacaq. Ömrümüzün hər çağında onun nəğmələrini dinləyəcək, şeirlərini xatırlayacaq, harayını eşidəcəyik!...
Tədbirin səkilləri
Bütün xəbərlər