F.Köçərli adına Respublika Uşaq Kitabxanası və TİKA-nın(Türkiyə Respublikası Baş nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) birgə layihəsi çərçivəsində 2-6 mart 2015-ci il Türk Uşaq Ədəbiyyatı Həftəsi davam etmişdir. Həftə ərzində, yəni 4 mart tarixində kitabxananın oxu zalında Türkiyədən kitabxanaya hədiyyə olunan uşaq kitablarının sərgisi, uşaqların türk mədəniyyətini özündə əks etdirən əl işləri sərgisi nümayiş olunmuşdur. Səbail rayonu 189/190 saylı məktəbin birinci sinif şagirdləri Türk Uşaq Ədəbiyyatı həftəsinin qonağı olmuşdur. Onlar kitabxananın bütün şöbələri ilə tanış olmuş, kitabların kitabxanaya daxil olması, işlənməsi, oxuculara verilməsi prosesində fəal iştirak etmişlər. Həmçinin sərgiyə özlərinin əl işlərini də təqdim etmişlər. Uşaqlar Nağıl otağında nağıla qulaq asmış, oxu zalında kitab və əl işləri nümayiş olunmuş sərgilərlə tanış olmuş, Türk uşaq ədəbiyyatını təmsil edən kitabların video çarxlı slaydını izləmişlər. Onlar türk uşaq ədəbiyyatından şeirlər söyləmiş, rəqs nömrələri ilə digər oxucuları maraqlandırmışlar. Tədbirdə iştirak edən hər bir uşağa tədbirin emblemi həkk olunmuş döş nişanı və türk uşaq ədəbiyyatı sərgisindən kitablar, kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilmişdir. Tədbirin sonunda sinif müəlliməsi Nərgiz xanım sərgi ilə əlaqədar öz təşəkkürünü bildirmiş, uşaqlarla birlikdə xatirə şəkilləri çəkilmişdir.


Tədbirin səkilləri
Bütün xəbərlər