14 fevral 2014-cü ildə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Litva respublikasının Müstəqillik Gününə həsr olunmuş “Kitabxana: Nağıl qəhrəmanlarının görüş yeri” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Şəhla Qəmbərova açaraq qeyd etdi ki, keçən ilin noyabr ayında Litva Uşaq Ədəbiyyatı Mərkəzində olmuş, həmin kitabxana ilə əməkdaşlıq haqqında danışıqlar aparılmış, rəsmi sənəd kimi protokol hazırlanmışdır. Kitabxanalarımız arasında imzalanacaq bu sənəd Azərbaycan-Litva dostluq əlaqələrinin daha da inkişaf etməsinə zəmin yaratmaqla bu gün keçirilən tədbirin belə yüksək səviyyədə keçməsinə rəvac vermişdir. Sevindirici hal budur ki, biz Litvada səfərdə olarkən hər bir görüşdə bizə böyük maraq olmuş, onların qonaqpərvərliyini hiss etmişik. Bu da, təbii ki, Azərbaycan vətəndaşı olaraq, bizdə fəxarət hissi yaradırdı. Bunun da əsas səbəbi dövlətlərimiz arasında olan isti münasibətlərdən, əlaqələrimizin yükslələn xətlə inkişafından xəbər verir.
Tədbirdə Litvanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Şarune Kubilyute, uşaq yazarlarından Gülzar İbrahimova, Reyhan Yusifqısı, uşaq ədəbiyyatı tədqiqatçısı Fizuli Ələsgərli, Dünya məktəbinin şagirdləri, KİV nümayəndələri iştirak edirdi. Uşaq yazarları tədbirlə bağlı çıxışlarında Litva xalqının Azərbaycandakı səfirliyinin nümayəndələrini Dövlət müstəqilliyi günü münasibətilə təbrik etdilər. Tədbirin gedişatında video çarxlı slaydlarla Litvanın mədəniyyəti əks etdirən görüntülər nümayiş olundu. Azərbaycan nağıl qəhrəmanlarından Cırtdan, Göyçək Fatma, Tıq-Tıq xanım, Məlikməmməd, Siçan bəy, Təpəgöz, Litva nağıl qəhrəmanları- Kastitis, Yurate, Eqle ilə görüşdülər. Bakının Səbail rayonundakı 7 saylı məktəbin 7-ci sinif şagirdləriin ifasında çox maraqlı tədbir keçdi. Uşaqlar Litva xalqının milli rəqslərini ifa etdilər. Litva dilində şeirlər söylədilər.
Milli geyimdə olan uşaqlar Litva folklorundan tapmacalar, nəğmələr söylədilər, nağıllardan səhnəciklər göstərdilər. Tədbirdə Litvanın adət-ənələrindən, mədəniyyətindən bəhs edən uşaq kitablarının geniş sərgisi də təşkil olunmuşdu.
Tədbirin sonunda Litvanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Şarune Kubilyute çıxış edərək, keçirilən tədbirə görə kitabxana rəhbərliyinə, məktəbin şagirdlərinə, müəllim və valideynlərə öz təşəkkürünü bildirdi. Respublika Uşaq Kitabxanasının uşaqlarla bağlı çox mühüm layihələr həyata keçirdiyini deyərək, gələcəkdə də maraqlı layihələrlə əməkdaşlığa yeni imkanlar açıldığını söylədi.
Tədbirin sonunda xatirə şəkilləri çəkildi, səfir qonaq kitabında tədbirlə bağlı maraqlı fikirlərini yazdı.
Tədbirin səkilləri
Bütün xəbərlər