4 noyabr 2013-cü il tarixində Şirvan şəhərində ulu öndərimiz Heydər Əliyevin 90 illiyi ilə əlaqədar “Uşaq kitab karvanı-Şirvan yolunda” adı altında uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisi keçirildi. Tədbirdə Şirvan şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Əziz Abbasov , MKS-nin direktori İltifat Nəbiyev, Şirvan şəhər İcra Hakimiyyəti Təhsil və Səhiyyə şöbəsinin müdiri, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, həmçinin kitabxana əməkdaşları, uşaq yazıçılarından İlyas Tapdıq, Gülzar İbrahimova, Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Qəşəm İsabəyli, “Tumurcuq” qəzetinin baş redaktoru Səməd Məlikzadə iştirak edirdi. Çıxış edənlər tədbirin keçirilməsində məqsədin respublikanın şəhər və rayon Mərkəzi Kitabxana sistemində və filiallarında səyyar sərgilər vasitəsi ilə uşaq ədəbiyyatına olan marağın yüksəldilməsi, uşaqların mütaliəyə cəlb edilməsi, rayonlarda kənd uşaqlarının oxu ehtiyacının təmin edilməsi, ictimaiyyətin diqqətinin bu məsələyə yönəldilməsi olduğunu bildirdilər. Tədbirdə Şirvan şəhər Mədəniyyət şöbəsinin rəqs qrupu və Uşaq Musiqi məktəbinin ifaları rəğbətlə qarşılandı. Nəşriyatların, yazıçıların da hədiyyəsi olmaqla (750 nüsxə) son illərdə nəşr olunmuş uşaq ədəbiyyatı nümunələri sərgiləndi və Şirvan şəhər Mərkəzi Kitabxana Sisteminn uşaq şöbəsinə təmənnasız olaraq verildi. Uşaq şöbəsi də öz növbəsində səyyar xidmət vasitəsilə bütün rayonda bu kitabları 3-5 il müddətində yaymaqla kənd uşaqlarının oxu tələbatını ödəyəcəyini öz boynuna götürdü. Məqsəd kitabların təkcə bir kitabxanada istifadə olunaraq rəflərdə və ya fondlarda qalması deyil, onların bütün oxucular tərəfindən oxunmasıdır. Ən son mərhələdə kitablar uşaq şöbəsinin fondunda qalmaqla yenə də oxuculara xidmət edəcəkdir.
Uşaq kitab karvanını qarşılayan ilk rayonda keçirilən tədbirdə məktəblilər kitaba, biliyə, məktəbə həsr olunmuş şeirləri gözəl ifa etdilər. Tədbirin sonunda kiçik yaşlı uşaqlar arasında “Tap görüm” adlı viktorina keçirildi və qaliblər hədiyyələrlə mükafatlandırıldı. Həmçinin bütün kitabsevərlər arasında tədqiqat xarakterli “Bilmək istəyirik ki...” adlı rəy sorğusu keçirildi. Kitab sərgiləri açıq havada keçirildiyindən bütün ictimaiyyətin diqqətini cəlb etdi, sərgi axşam saatlarına qədər davam etdi.
Tədbirin səkilləri
Bütün xəbərlər