2 aprel - Beynəlxalq Uşaq Kitabı Günüdür.
<Tədbirin şəkilləri
F.Köçərli adına Respublika Uşaq Kitabxanası bununla əlaqədar aprelin 2-də Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş beşinci milli uşaq kitabı sərgisi açmışdır. Sərgini kitabxananın direktoru Fizurə Quliyeva açaraq tədbirin əhəmiyyətindən danışmış və bildirmişdir ki, 1967-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi bütün dünyada qeyd edilir.
Sərginin təşkil edilməsində məqsəd uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar onları ölkəmizdə son illərdə nəşr olunan uşaq ədəbiyyatı ilə tanış etmək, mütaliəyə həvəsləndirməklə milli dəyərlərimizə bağlamaq və bu dəyərlərimizi yaşatmaqdır. Tədbirdə balacaların sevimli şair və yazıçılarından İlyas Tapdıq, Qəşəm İsabəyli, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Fəridə Ləman, Aygün Bünyatzadə, nəşriyyat işciləri iştirak etmişdir. Uşaq yazarları öz çıxışlarında uşaqlarda mütaliəyə, ictimai həyata marağın artırılması baxımından tədbirin əhəmiyyətini xüsusi qeyd etdilər. Beşinci milli uşaq kitabı sərgisi 25 başlıq altında, o cümlədən “Xalq yaradıcılığı paytaxtları-2013”, “Nağıllar aləmində”, “Sizin sevimli yazıçılarınız”, “Sirli-sehrli ilmələr”, “Azərbaycan-yurdum mənim”, “Gözlə bizi, Qarabağ”, “Kitablarda mən hələ…”, “Dərədən, təpədən”, “Tarix – keçmişdən gələcəyə”, “Yubilyar yazıçılarımız” və s. numayiş olunurdu. Sərgi 2-5 aprel tarixinə qədər davam etdi.
Sərgidə iştirak edən bütün məktəblilərə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edildi.
Bütün xəbərlər