Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı” nın Tədbirlər Planının 2.4.1 bəndində respublikanın uşaq
kitabxanalarında uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar F.Köçərli adına
Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə 20-25
sentyabr 2012-ci il tarixində “Uşaq Kitab karvanı Cənub bölgəsində” adlı uşaq və yeniyetmələr
üçün səyyar kitab sərgisi keçirdi. Tədbirdə Cəlilabad, Masallı, Astara, Lerik və Yardımlı
rayonlarının uşaq kitabxanalarına son illərdə çap olunan yazıçı və şairlərin uşaq kitabları
ilə köməkliyi nəzərdə tutulmuşdu. Tədbiri keçirməkdə əsas məqsədimiz ondan ibarət idi ki,
respublikanın şəhər və rayon MKS-də və filiallarında uşaq ədəbiyyatının azlığını nəzərə alaraq,
səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb
etmək, kitab sərgilərinin keçiriləcəyi həmin rayonların kəndlərində kitabxanalararası abonement
vasitəsilə il ərzində uşaqların oxu ehtiyacını təmin etmək,kitab karvanı keçən yerlərdə
ictimaiyyətin diqqətini kitaba, mütaliəyə yönəltmək, uşaqların asudə vaxtlarının təşkilində böyük
xidmətləri olan kitabxanaların müsbət imicinin artmasına kömək etmək. F.Köçərli adına Respublika
Uşaq kitabxanası səyar sərgilərdə nümayiş olunan kitabları və uşaq mətbu orqanı olan dərgiləri
(1000 nüsxə ) tədbirin emblemi yapışdırılmış bağlamalar şəklində rayon Mədəniyyət və Turizm
şöbələrinin müdirlərinə təqdim etdi. Beş rayon üzrə təşkil olunmuş sərgilərdə təxminən 3500-ə
yaxın uşaq iştirak etdi. Həmçinin uşaqlar səyyar sərgilərin nümayişində uşaq kitablarını çap edən
nəşriyyat işçiləri, sevimli yazıçı və şairləri ilə də görüşdülər. Səyyar sərgilər Cəlilabad və
Masallı rayonlarında Mədəniyyət evinin qarşısında, Lerikdə Bayraq meydanında, digər rayonlarda
isə Tarix və diyarşünaslıq muzeylərinin qarşısında təşkil olunaraq rəsmi və bədii hissədə yüksək
səviyyədə keçirildi. Kiçik yaşlılar arasında “Tap görüm” adlı viktorina keçirilərək, qaliblər
kiçik hədiyyələrlə mükafatlandırıldı. Astara rayon üzrə keçirilən oxu müsabiqəsi qaliblərinin
adları açıqlandı və kitabxana tərəfindən mükafatlandırıldı. Tədbirdə rayon uşaq kollektivləri
çıxış edərək bayrama musiqi nömrələri ilə rəng qatdılar. Uşaq yazıçı və şairlərindən İlyas
Tapdıq , Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Ələmdar Quluzadə, Nüşabə Məmmədli, Tumurcuq qəzetinin
baş redaktoru Səməd Məlikzadə çıxış etdilər, kitabın, mütaliənin əhəmiyyətindən danışdılar.
Səyyar sərgilər axşam saat 21:00 –a qədər davam etdi. Musiqili kitab bayramı təkcə uşaqların
deyil, bütün rayon ictimaiyyətinin sevincinə səbəb oldu. Kitab karvanı öz qarşısında duran məqsədi
uğurla həyata keçirdi.
<Tədbirin şəkilləri
Bütün xəbərlər