7 may 2012-ci ildə F.Köçərli adına Respublika Uşaq kitabxanasının oxu zalında şairə Rüzgar Əfəndiyevanın 65 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Tədbirdə yazıçılar, bəstəkarlar, elm xadimləri iştirak edirdi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə Quliyeva açaraq Rüzgar Əfəndiyevanın yaradıcılığından məlumat verdi. Nəsimi rayonundakı 152 saylı məktəbin uşaqları şairənin ulu öndərə, vətənə, anaya, şəhidlərə, Şuşaya həsr olunan şeirlərini söylədilər, “Bülbülün səsi” şeiri əsasında hazırlanmış səhnəciyi təqdim etdilər. “Axtarma məni”, “Sənli günlərim” şeirlərinə yazılmış mahnılar gecəni daha da rövnaq etdi. Çıxış edənlər cağdaş poeziyamızda sələflərinin yolunu layiqincə davam etdirən bir sıra istedadlı qadın şairlərimizdən olmuş Rüzgar Əfəndiyevanın şeiriyyətdə fəlsəfi baxışlarından, klassik ənənələrlə müasirliyin birləşməsindən, onlarla bağlı xatirələrindən söhbət açdılar.
Söz bürünüb çiçəyə,
Nola, gedib çataydı
Onu sevən ürəyə.
Tədbirdə təşkil olunmuş “Tarixim körpüdən keçdi” adlı kitab sərgisində xalq şairi Fikrət Qocanın Rüzgar Əfəndiyeva haqqında dediyi sözlər sitat kimi verilmişdi: “Bu dünyanın başından çox rüzgarlar əsib keçib. Amma Rüzgar xanım ötüb-keçən deyil, oxucuların yaddaşında, ürəyində qalan, yaşayan Rüzgardır”.
Şairə Rüzgar Əfəndiyevanın yeni çapdan çıxmış “Yol gedirəm” adlı şeirlər toplusu tədbir iştirakçılarına və kitabxanaya hədiyyə edildi. Tədbirin sonunda şairənin oğlu kitabxanada təşkil olunan tədbirlə əlaqədar kitabxana kollektivinə öz dərin minnətdarlığını bildirdi.
Bu gün Rüzgar xanım yazarlar arasında, istəkli oxucuları arasında yoxdur. Amma milyonlarla insan qəlbinə bəxş etdiyi dəyərli şeirləri, mahnıları, neçə-neçə kitabları bu gün bizimlədir.


<Tədbirin şəkilləri

Bütün xəbərlər