F.Köçərli adına Respublika Uşaq Kitabxanası 02 may 2012-ci il saat 12:00 tarixində “Kitab.Dünya.Uşaq” adlı dəyirmi masa keçirdi. Tədbirin keçirilməsində əsas məqsəd uşaq yazarlarını, rəssamlar və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltməklə, Beynəlxalq Uşaq Ədəbiyyatı Şurası vasitəsilə ölkəmizi tanıtmaq, dünya arenasına çıxmaqdır. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, uşaq ədəbiyyatı nəşr edən bir çox nəşriyyatların(Altun, Turan, Çinar-Çap, Çaşıoğlu, Təhsil, Beşik ) əməkdaşları , uşaq yazıçılarından, İlyas Tapdıq, Zahid Xəlil, Sevinc Nuruqızı, Rafiq Yusifoğlu, Ələmdar Quluzadə, Qəşəm İsabəyli, Gülzar İbrahimova, Gülarə Munis, Solmaz Amanova, Oqtay Rza iştirak edirdi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Fizurə Quliyeva açaraq keçirilən tədbirlə bağlı geniş məlumat verdi. İBBY- Beynəlxalq Uşaq Kitabı Şurası ilə bağlı hazırlanan çarxlı slaydlar nümayiş olundu. Tədbir iştirakçıları keçirilən mövzu ətrafında çıxışlar etdilər. Vaqif Bəhmənli keçirilən tədbirin əhəmiyyətindən danışdı, İBBY- kimi mötəbər təşkilata üzv olmağımızla bağlı təbriklərini söylədi, təkliflərlə əlaqədar uşaq ədəbiyyatının inkişafı, dünya standartlarına cavab verəcək səviyyədə nəşrinə dəstək olacağına söz verdi. Çıxışlarda ən yaxşı maraqlı mövzuda 3-4 yaşlı uşaqlar üçün hissiyyatlı, musiqili, oyuncaq kitabların nəşrinə ehtiyac olmasından danışıldı. Təklif olundu ki, ildə iki dəfə nəşriyyatlarla uşaq kitablarının tərtibatı, keyfiyyətli nəşri ilə bağlı müzakirə, dəyirmi masa təşkil etmək lazımdır. Uşaq kitabı günündə “ Uşaq kitablarının ən yaxşı yazarı, rəssamı, illustüratoru, naşiri” müsabiqəsini keçirməklə bu sahədə məşğul olanları öz işlərinə daha da maraqla yanaşmalarına nail olarıq. Bizim kitabxanaya həmçinin uşaq mütaliəsi ilə məşğul olan pedaqoqlar, ibtidai sinif müəllimləri, valideynlər gəlir. Çox maraqlı sorğularla gələn bu şəxslərin də fikirlərindən istifadə etmək olar. Məsələn balaca uşaqlar üçün yazılmış uşaq mahnıları azərbaycan dilində audio kassetli kitab şəklində, CD diskdə, uşaq nağıllarının üstündə də CD diskləri buraxılarsa daha da uşaqlar üçün maraqlı olar.
Uşaq kitablarının qiyməti barədə: Məlumdur ki, istədiyimizə nail ilmaq üçün, yəni keyfiyyətli kitablar çap etdirmək üçün nəşriyyatlara sifariş verdiyimiz kitablar da baha başa gələcək. Bunun üçün Vergi Nazirliyi ilə dövlət səviyyəsində məsələ qaldırılmalıdır ki, uşaq kitablarının nəşrinə pul köçürən sahibkarlar, şirkətlər vergidən azad olsunlar. Belə olan halda kitab çapına pul xərcləmək istəyən sahibkarlar daha çox vəsait qoyarlar.
Tədbirdə KİV nümayəndələri (AzərTac, Mədəniyyət, Göyərçin) iştirak edirdi. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın Tədbirlər Planının 2.4.1 bəndində respublikanın uşaq kitabxanalarında uşaqların informasiya tələbatı probleminin həlli məqsədilə “Kitab.Dünya.Uşaq” adlı dəyirmi masa ətrafında verilən

Təkliflər:
1. “Bizim uşaq mətbuatımız” mövzusunda müzakirə:
a) Azərbaycan uşaq mətbuatı tarixindən
b) Müasir uşaq mətbuatı, keyfiyyəti, məzmunu və problemləri;
2. “Müasir uşaq ədəbiyyatı” vəziyyəti, nəşri, keyfiyyəti və təbliği (müəllimlərlə birgə);
3. “Uşaq ədəbiyyatının təbliği : forma və metodları”(kitabxanalar və kitabxanaçıların elmi konfransı);
4. Ən gənc yazarların (tanınmamış) uşaq əsərlərinin müsabiqəsi; Müsabiqə üçün münsiflər heyətinin, rəyasət heyətinin tərkibinin yalnız daha çox mütaliə edən uşaqlardan ibarət olması.
5. Məktəb şagirdləri arasında “Ən yaxşı hekayə”, “Ən yaxşı şeir” müsabiqələrinin keçirilməsi;
6. Balaca yazarların əsərlərindən ibarət toplunun çap edilməsi;
7. Uşaq ədəbiyyatının tərtibatı məsələlərinin müzakirəsi
8. Ən yaxşı uşaq kitablarının işlənilib hazırlanması və qiymətləndirilməsi üzrə araşdırmaların kitabxana ilə birgə aparılması
9. Ən yaxşı uşaq kitabları yazan yazıçılar, rəssamlar, dizaynlar , tərcüməçilər arasında müsabiqə.
10. Uşaq yazıçıları və rəssamları üçün onları ən yaxşı uşaq kitablarının işlənilib hazırlanmasına dair ədəbiyyatlarla məlumatlandırmaq
11. “3-5, 6-10 və 10-14 yaş uşaqlar üçün uşaq kitabı necə olmalıdır?” mövzusunda elmi müzakirə
12. Xeyirxahlıq, mərhəmət aşılayan, həmçinin məktəb həyatından bəhs edən uşaq kitablarının yazılması
13. Vergi Nazirliyi ilə dövlət səviyyəsində məsələ qaldırılsın: Uşaq kitabları nəşr edən nəşriyyatlar Əlavə Dəyər Vergisindən azad olsunlar, həmçinin uşaq kitabı nəşrinə pul köçürən sahibkarlar, şirkətlər vergidən azad olsunlar.
“Kitab.Dünya.Uşaq” adlı dəyirmi masada qəbul edilən təkliflər Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Bakı şəhər Təhsil şöbəsinə göndəriləcək.

<Tədbirin şəkilləri

Bütün xəbərlər