Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” nın Tədbirlər Planının 2.4.1 bəndində respublikanın uşaq kitabxanalarında uşaqların informasiya tələbatının ödənilməsi ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Müstəqilliyimizin 20 illyinə həsr olunmuş 29 sentyabr-05 oktyabr 2011-ci il tarixində “Kitab karvanı: Uşaq kitabları İpək yolu ilə “ adlı uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisi keçirdi. Tədbirdə Goranboy, Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarının uşaq kitabxanalarına nəşriyyatların, yazıçıların, Amerika səfirliyinin uşaq kitabları ilə köməkliyi nəzərdə tutulmuşdu. Tədbiri keçirməkdə əsas məqsədimiz:
1.11 rayonda keçirilən monitorinqlərdən sonra respublikanın şəhər və rayon Mərkəzi Kitabxana Sistemində və filiallarında uşaq ədəbiyyatının azlığını nəzərə alaraq, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı yüksəltmək, uşaqları mütaliəyə cəlb etmək.
2. Kitab sərgilərinin keçiriləcəyi həmin rayonların kəndlərində kitabxanalararası abonement vasitəsilə il ərzində uşaqların oxu ehtiyacını təmin etmək
3. Kitab karvanı keçən yerlərdə ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək
4. Uşaqların asudə vaxtlarının təşkilində böyük xidmətləri olan kitabxanaların müsbət imicinin artmasına kömək etmək
F.Köçərli adına Respublika Uşaq kitabxanası səyayr sərgilərdə nümayiş olunan kitabları və uşaq mətbu orqanı olan dərgiləri (920 nüsxə ) tədbirin emblemi yapışdırılmış bağlamanı rayon Mədəniyyət və Turizm şöbələrinin müdirlərinə təqdim etdilər. Altı rayon üzrə təşkil olunmuş sərgilərdə təxminən 7000-ə yaxın uşaq iştirak etdi. Həmçinin uşaqlar səyyar sərgilərin nümayişində uşaq kitablarını çap edən nəşriyyat işçiləri, sevimli yazıçı və şairləri ilə də görüşdülər. Səyyar sərgilər Şəmkir və Ağstafa rayonlarında Heydər Əliyev mərkəzində,Tovuzda Bayraq meydanında, digər rayonlarda isə Heydər Əliyev adına parkda təşkil olunaraq rəsmi, bədii hissədə yüksək səviyyədə keçirildi. Kiçik yaşlılar arasında “Tap görüm” adlı viktorina keçirilərək, qaliblər kiçik hədiyyələrlə mükafatlan-dırıldı. Həmçinin rayon üzrə keçirilən rəsm müsabiqəsi qaliblərinin rəsmləri sərgiləndi. Tədbirdə rayon uşaq kollektivləri çıxış edərək bayrama musiqi nömrələri ilə rəng qatdılar. Uşaq yazıçı və şairlərindən Zahid Xəlil, Gülzar İbrahimova, İlyas Tapdıq , Nüşabə Məmmədli, Tumurcuq qəzetinin baş redaktoru Səməd Məlikzadə çıxış etdilər, kitabın, mütaliənin əhəmiyyətindən danışdılar. Səyyar sərgilər axşam saat 21:00 –a qədər davam etdi. Musiqili kitab bayramı təkcə uşaqların deyil, bütün rayon ictimaiyyətinin sevincinə səbəb oldu. Kitab karvanı öz qarşısında duran məqsədi uğurla həyata keçirdi. F.Köçərli adına kitabxananın əməkdaşları gələcəkdə digər rayonlarda da regionlararası kitab karvanı keçirməyi planlaşdırdı.
Tədbirin şəkilləri
Bütün xəbərlər